İddia edilir ki, BRİCS+ Sammitindən sonra Azərbaycan-Ermənistan danışıqları COP29 çərçivəsində Bakıda davam edəcək...
Politoloq: “Ermənistanın COP29 iştirak etməsi fonunda qarşılıqlı şəkildə müzakirələr aparılacaq”.
“Daha çox burada Ermənistanın niyyəti səmimi olmalıdır. Yəni Ermənistan doğrudan sülh istədiyini, sülhə sadiq oldğunu, sülhlə bağlı məsələlərdə səmimi niyyət göstərmək istədiyini sübut etməlidir”.
Bu sözləri politoloq Tural İsmayılov Ermənistan-Azərbaycan münasibətlərinin COP29 çərçivəsində müzakirə edilməsini Poliqon-a şərh edərkən qeyd edib.
Oktyabrın 24-də Rusiyanın Kazan şəhərində keçirilən BRİCS+ Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında olan görüş sülh danışıqları prosesi ilə bağlı təəssürat yaradıb. İddia edilir ki, danışıqlar Bakıda davam edə bilər. Ermənistan nümayəndələrinin COP29-da iştirak etməsi fonunda bu görüşün baş verə biləcəyi deyilir.
Bu iddia nə qədər real ola bilər və COP29 çərçivəsində Azərbaycan-Ermənistan sülh prosesinin müzakirəsini mümkün hesab etmək olar?
Mövzunu Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.
Tural İsmayılov: “COP29 tədbirinə Ermənistan hökumətinin hansısa nümayəndəsi qatılsa, onunla COP29 çərçivəsində keçirilən görüşlərdə Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı müzakirələr aparıla bilər”.
Ölkəmiz Ermənistana da sülh çağırışlarını etdiyini vurğulayan politoloq Poliqon-a bildirib ki, bu gün Azərbaycanın sülhlə bağlı çağırışları dünya birliyi tərəfindən də dəstəklənir:
“Nəzərə almaq lazımdır ki, Azərbaycan COP29 dövründə bütün dünyanı sülhə səsləyən bir ölkədir. Biz dəfələrlə vurğulamışıq ki, dünyanı narahat etməkdə olan ən əsas problem qlobal iqlim böhranları və bununla bağlı beynəlxalq iqlim təhlükəsizliyi şüurunun yaradılmasının vacibliyidir.
Azərbaycan bütün dünyaya çağırış edərək COP29 ərəfəsində dünyəvi iqlim məsələlərinin müzakirə edildiyi bir vaxtda müharibə edən, çarpışan, qarşılıqlı şəkildə problemlər yaşayan tərəfləri silahı yerə qoymağa, sülh təşəbbüslərinə səsləyib. Eyni zamanda ölkəmiz bu konteksdə həm də Ermənistan da sülh çağırışlarını edib. Bu gün Azərbaycanın sülhlə bağlı çağırışları hesab edirəm ki, dünya birliyi tərəfindən də dəstəklənir.
Tural İsmayılov: “COP29 Ermənistana normal addımlar atmaqla praktiki olaraq sülhə meyilli olmasını sübut etmək üçün bir şans yaradır”.
Bildiyimiz kimi, Azərbaycan Ermənistan tərəfini də COP29 tədbirində iştirak etməyə çağırıb. Düşünürəm ki, Ermənistanın COP29 iştirak etməsi fonunda qarşılıqlı şəkildə müzakirələr aparılacaq. Təbii ki, COP29 tədbirinə Ermənistan hökumətinin hansısa nümayəndəsi qatılsa, onunla COP29 çərçivəsində keçirilən görüşlərdə Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı müzakirələr aparıla bilər.
Eyni zamanda nəzərə almaq lazımdır ki, platformadan daha çox burada Ermənistanın niyyəti səmimi olmalıdır. Yəni Ermənistan doğrudan sülh istədiyini, sülhə sadiq oldğunu, sülhlə bağlı məsələlərdə səmimi niyyət göstərmək istədiyini sübut etməlidir. Ermənistan tərəfindən belə sübutlar, təqdimatlar olarsa, bu zaman biz ölkələr arası münasibətlərin yaxşılaşmasından bəhs edə bilərik. Hər halda COP29 Ermənistana normal addımlar atmaqla praktiki olaraq sülhə meyilli olmasını sübut etmək üçün bir şans yaradır”.
Nərminə UMUDLU
Poliqon.info