Soyuq qış günlərində bəzən parklarda, yol kənarlarında yatan insanlara rast gəlmək olur.
Bu şəxslərin arasında əksəriyyəti sərxoşlar, tüfeyli həyat sürənlər olsa da, yaşayacaq evi və yeməyi olmayanlar da var.
Maraqlıdır, dövlət qurumları tərəfindən bu cür insanlar hansı qayğılarla əhatə olunub?
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan və müəyyən yaşayış yeri olmayan şəxslərin normal həyat tərzinə sahib olmaları, onlar üçün cəmiyyətin digər üzvləri ilə bərabər imkanların yaradılması daim diqqətdə saxlanır:
"Onların cəmiyyətə inteqrasiyası, eləcə də sosial reabilitasiyası məqsədilə mühüm sosial proqramlar icra olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi 2017-ci ildən fəaliyyət göstərir.
Müəssisə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s. sosial reabilitasiyasını həyata keçirir".
Qeyd edilib ki, müəssisəyə qəbul olunanlara orada sosial-məişət, sosial-hüquqi, sosial-psixoloji və sosial-pedaqoji xidmətlər göstərilir:
"Sığınacağa qəbul qaydalarına uyğun olaraq şəxs müəssisəyə qəbul edilməmişdən əvvəl onun sağlamlıq vəziyyətinin ilkin tibbi müayinəsi aparılır, müvafiq səhiyyə müəsisəsi tərəfindən yoxlanılır.
Həmçinin vətəndaşın yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış təqdim olunur".
Agentliyin məlumatına əsasən, müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya “DOST” mərkəzləri vasitəsilə aparılır".