Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
"Təbii yanacaq ehtiyatlarından maksimum dərəcədə istifadə edən və bunu dünyanın təhlükəsizliyinin mühüm bir elementinə çevirən ölkə olmasına baxmayaraq, yaşıl enerji transformasiyasının təşviq olunmasında Azərbaycanın öndə getməyə cəhd göstərməsi dünyaya bir əhəmiyyətli mesajdır. Azərbaycan bu mesajla həm dünyanın qazıntı yanacağı ilə zəngin ölkələrinə, həm də qazıntı yanacağına möhtac ölkələrə mesaj verir. Bu mesajlar ondan ibarətdir ki, dünyanın qazıntı yanacağından məhrum ölkələri bir daha başa düşürlər ki, Azərbaycan qazıntı yanacağına malik ölkə olsa da, amma atmosferin sağlam səviyyələrdə saxlanılmasında həm də maraqlı ölkədir. Eyni zamanda, özünün qazıntı yanacağının əldə etdiyi gəlirlərin mühüm bir hissəsini ətraf mühitin qorunmasına və dünyanın sağlam enerjiyə keçidinə sərf eləyən bir ölkədir.
Eyni zamanda Azərbaycan dünyanın qazıntı yanacaqları ilə zəngin ölkələrinə də mesaj verir ki, bu nefti, qazı, Allah sizlərə onu ancaq satıb istehlak etmək, pul qazanmaq və atmosferi, iqlimi korlamaq üçün verməyib. Allah bu nefti, qazı bu ölkələrə həm də ona görə verib ki, dünyanın enerjiyə olan tələbatını ödəməklə bərabər, eyni zamanda ekoloji sağlam enerji mənbələrinin yaradılmasına da bu vəsaiti səxavətlə qoya bilsin və dünyanın sağlam gələcəyinin təmin olunması üçün lazımi məsuliyyəti nümayiş etdirsin.
COP29-un Azərbaycanda keçirilməsinin dünyaya verdiyi mesajlar həm dünyanın bu gün enerji təminatı üçün məsuliyyət hiss etmək, nümayiş etdirmək baxımından özünü göstərir, həm dünyanın sağlam enerji mənbələri ilə təmin olunması üçün gələcəklə bağlı məsuliyyət hiss etməsini ifadə edir, eləcə də dünya dövlətlərinin səylərini nəhayət ki, birləşdirilərək enerji transformasiyasının daha səmərəli şəkildə aparılmasına imkan verən böyük maliyyə fondlarının yaradılmasına çağırışdır. Çünki Azərbaycan məqsədlərini və hədəflərini dəqiq müəyyən edib. Azərbaycan nümayiş etdirib ki, bu COP-un Azərbaycanda keçirilməsi heç də o demək deyil ki, Azərbaycan bütün dünya üzrə sağlam enerji mənbələrinə keçid prosesinin bütün məsuliyyətini üzərinə götürüb. Əksinə, Azərbaycan dünyaya mesaj verir ki, məqsədimiz bu transformasiyanı, yəni sağlam enerji mənbələrinə keçidin daha səmərəli şəkildə aparılması üçün bir müzakirə platforması təqdim etmək, dünyanın bütün dövlətlərini, təşkilatlarını bu müzakirəyə cəlb etmək və indiki şəraitdə ən optimal çıxış variantlarını, modellərinin hazırlanmasına şərait yaratmaqdır. Əgər dünya dövlətləri dünyanın enerji transformasiyasına töhfə vermək imkanlarından hamısı lazımınca istifadə etsələr, buna lazımi məsuliyyət nümayiş etdirsələr, bu, o demək olacaq ki, Azərbaycan həqiqətən dünyanın yaşıl enerji mənbələrinə keçidinin daha qısa müddətdə baş verməsinə öz imkanı daxilində töhfələrini vermiş olur".