“Bayden seçkinin nəticəsindən asılı olmayaraq varisinin andiçmə mərasimində iştirak edəcək”
ABŞ Prezidenti Co Bayden prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, 2025-ci il yanvarın 20-də öz varisinin inauqurasiya mərasimində iştirak edəcək. Yeniavaz.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib. Onun sözlərinə görə, ABŞ xalqı hakimiyyətin dinc yolla ötürülməsini görməlidir. “Siz məhz prezidentdən bunu görəcəksiniz”, - Jan-Pyer bildirib. “İnaqurasiyada iştirak etmək bu prosesin bir hissəsidir. Tarixən bu, müntəzəm olaraq baş verir. O, şübhəsiz ki, burada iştirak edəcək”, - Ağ Evin mətbuat katibi əlavə edib. Qeyd edək ki, Baydenin andiçmə mərasimi 20 yanvar 2021-ci ildə ABŞ Konqresinin binasının pilləkənlərində baş tutub. 2020-ci il seçkilərində məğlub olan Tramp andiçmə mərasimində iştirak etməyib və mərasimin başlanmasına bir neçə saat qalmış Floridaya uçub.