Abdullah Öcalan Türkiyəyə iki şərt irəli sürüb...
Politoloq: “Öcalanın istədiyi qarant ölkə ABŞ ola bilər. Amma düşünürəm ki, Türkiyə tərəfi bu kimi şərtləri qəbul etməyəcək”.
“PKK terror təşkilatına son vermək, Türkiyədə daxili sabitliyi tamamilə bərpa etmək, yeni siyasi dünya düzənində Türkiyənin daha da güclü şəkildə olmasını çox qüvvələr istəmir”.
Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Öcalanın Türkiyə qarşı irəli sürdüyü şərtləri Poliqon-a şərh edərkən qeyd edib.
Türkiyənin DEM Partiyasından millət vəkili olan Ömər Öcalanın həbsxanadakı əmisi, PKK lideri Abdullah Öcalanla görüşünün təfərrüatı bəlli olub. 1 saat 45 dəqiqə davam edən görüşdə terrorçubaşı Türkiyə hökumətinin təklifi ilə bağlı iki şərt irəli sürüb. Bunlar qarant dövlət və hüquqi təminatla bağlı məsələlərdir. Öcalan qarant dövlətlə bağlı hər hansı ölkənin adını qeyd etməyib.
Bəs, Abdullah Öcalanın bu şərtləri nə qədər qəbul ediləndir?
Türkiyədə PKK ilə bağlı baş verən prosesləri Poliqon-un əməkdaşı Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.
Məhəmməd Əsədullazadə: “Türkiyənin özü elə Öcalanın həyatıns qarant olan bir ölkədir”.
Əgər Türkiyə Öcalanın təklifini qəbul etsə, Öcalanın parlamentdə PKK-nın buraxılması ilə bağlı çıxış edə biləcəyini vurğulayan politoloq bildirib ki, bu bəyanatın xarici güclər, eyni zamanda PKK-nın bəzi liderləri tərəfindən qəbul edilməsi sual doğurur:
“Türkiyə rəhbərliyi PKK terror təşkilatına son vermək üçün bir çox siyasi gedişlər edib. Qeyd edim ki, Türkiyədə kürd problemi yoxdur. Bunu xaric qüvvələr Türkiyəyə qarşı təsir mexanizmi kimi istifadə edirlər. PKK terror təşkilatına son vermək, Türkiyədə daxili sabitliyi tamamilə bərpa etmək, yeni siyasi dünya düzənində Türkiyənin daha da güclü şəkildə olmasını çox qüvvələr istəmir.
Dövlət Baxçalı Öcalanın DEM partiyaya üzv olmasını və Türkiyəyə gəlib parlamentdə PKK terror təşkilatını buraxmasını bəyan etməsi təklifini irəli sürüb. Öcalan da Türkiyənin bu təklifini qəbul edib, amma qarant ölkə istəyib. Öcalanın istədiyi qarant ölkə ABŞ ola bilər. Amma düşünürəm ki, Türkiyə tərəfi bu kimi şərtləri qəbul etməyəcək. Çünki Türkiyənin özü elə Öcalanın həyatına qarant olanbir ölkədir.
Məhəmməd Əsədullazadə: “Öcalanın həbsdən azad edilməsi ilə PKK probleminin tamamilə həll edilməsi mümkün görünmür”.
Əgər Türkiyə Öcalanın təklifini qəbul etsə, Öcalan parlamentdə PKK-nın buraxılması ilə bağlı çıxış edə bilər. Amma bu bəyanatın xarici güclər, eyni zamanda PKK-nın bəzi liderləri tərəfindən qəbul edilməsi də sual doğurur. Çünki PKK-nın tamamilə silah buraxması çətin məsələdir.
Hesab edirəm ki, Öcalanın həbsdən azad edilməsi ilə PKK probleminin tamamilə həll edilməsi mümkün görünmür. Çünki Türkiyəyə qarşı bu kimi təzyiqlər həyata keçiriləcək. Qərbin müəyyən mərkəzləri, İran, hətta Rusiya və ABŞ tərəfindən PKK məsələsi həmişə daimi gündəmdə olacaq”.
Nərminə UMUDLU
Poliqon.info