Fins.az - Cümə axşamı günü başa çatan iki günlük iclasdan sonra Yaponiya Bankı uçot faiz dərəcəsini illik 0.25% səviyyəsində saxlayıb. Bu, 2008-ci ildən bəri ən yüksək göstəricidir.
Mərkəzi Bankın yaydığı məlumatda deyilir ki, bu qərar Mərkəzi Bankın rəhbərləri tərəfindən yekdilliklə qəbul edilib. Ekspertlər də göstəricinin dəyişməyəcəyini proqnozlaşdırırdılar.
Yaponiya Bankı (BoJ) bu il iki dəfə - mart və iyul aylarında uçot dərəcəsini artırıb. Hələ görüşdən əvvəl BoJ-un rəhbəri Kazuo Ueda qlobal iqtisadi perspektivlərin qeyri-müəyyənliyi ilə bağlı artan narahatlıqları qeyd edib. O vurğulayıb ki, tənzimləyici qurumun bütün risk faktorlarını təhlil etməyə və monetar siyasətini sərtləşdirməyə tələsməməyə vaxtı var.
Cümə axşamı Yaponiya Bankı tərəfindən dərc edilən rüblük icmalda, mərkəzi bankın ölkədə inflyasiyanın qarşıdakı illərdə 2%-lik hədəf səviyyəsi ətrafında qalacağını proqnoz etdiyi bildirilib.
Həmçinin, BoJ hələ də, cari maliyyə ilində ölkə ÜDM-nin 0.6% artacağını ehtimal edir.