Olaylar xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-nin Nyu York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş "Azərbaycan Niderlandın son qətnamələrinə cavab verir" sərlövhəli məqaləsində yazıb. Müəllif qeyd olunan səbəbdən dünyanın müxtəlif xalqlarını asılı vəziyyətdə saxlamağa davam edən Niderlandın öz müstəmləkəçilik tarixinin ağır nəticələrini aradan qaldırmaq üçün səy göstərməsi barədə bəyanatını riyakarlıq kimi qiymətləndirib. Bu yaxınlarda Niderland parlamenti tərəfindən qəbul olunmuş, Ermənistana və könüllü olaraq Qarabağdan köçmüş ermənilərə dəstək xarakterli iki qətnaməni qərəzli və ədalətsiz hesab edib.
Məqalədə Niderland parlamentinin bu təşəbbüsündən sonra xarici işlər naziri Kaspar Veldkampın çıxışında həmin qətnamələri dəstəkləməsi, üstəlik Xankəndidəki keçmiş separatçı rejimlə əlaqəli şəxsləri və terrorçuları "hərbi əsir" adlandırması, onların azad olunmasına çağırış etməsi "zanbaqlar ölkəsi"nin ikili standartlar siyasətinin aşkar isbatı kimi səciyyələndirilib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://foreignpolicyblogs.com/2024/10/24/azerbaijan-responds-to-recent-dutch-resolutions/