RU

ADY-nin COP29-a hazırlıq çərçivəsində apardığı işlər açıqlanıb

Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı və Sumqayıt vağzallarında, eləcə də Koroğlu və Pirşağı stansiyalarında kəsintisiz internet bağlantısı təmin edən pulsuz “Wi-Fi” zonalarında internetin keyfiyyətini təkminləşdirib.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, bununla yanaşı, qatarlarda yenicə istifadəyə verilmiş pulsuz internet xidmətinin keyfiyyətinə müntəzəm nəzarət təşkil edilir.

Eyni zamanda, sərnişin daşımaları üçün istifadə edilən qatarların monitorları COP29 mövzusuna uyğun vizual materiallarla brendləşdirilib, qatarlarda əsaslı kimyəvi təmizləmə işləri həyata keçirilib. Sərnişinlərin mənzilbaşına vaxtında və təhlükəsiz çatdırılması üçün rezerv qatarlar ayrılıb.

Daşımaların təhlükəsiz və vaxtında təşkili üçün mühafizə xidməti gücləndirilmiş iş rejimində çalışır. Qatarlarda və platformalarda mühafizə əməkdaşlarının sayı artırılıb. Stansiya və vağzallarda, həmçinin digər infrastruktur obyektlərində ADY-nin Mühafizə departamentinin və Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə günboyu mühafizə xidməti aparılır. Bakı Dəmiryol Vağzalında yerləşən situasiya mərkəzinin fəaliyyəti təkmilləşdirilərək sərnişinlər, qatarlar, vağzal və stansiyaların təhlükəsizliyinə fasiləsiz nəzarət edilir.

COP29 tədbirlərinə hazırlıqlar çərçivəsində yükdaşıma xidməti də gücləndirilmiş iş rejiminə keçib. Yükdaşımalara aid sahə, stansiya, dispetçer məntəqələri, lokomotivlərin və vaqonların istismarı depolarında müntəzəm monitorinqlər aparılır. Yük qatarlarının hərəkətinin qrafikə uyğun tənzimlənməsinə daimi nəzarət aparılır. Yükdaşımaların təhlükəsiz, vaxtında və səmərəli təşkili, yük qatarlarının reqlamentlərə uyğun istismarı üçün sahəvi əməkdaşlara əlavə təlimlər və texniki məşğələlər keçirilir.

Yükdaşıma və sərnişindaşıma xidmətlərinin fasiləsizliyini təmin etmək üçün infrastruktura əsaslı baxış keçirilir, profilaktik tədbirlər görülür. Dəmir yollarının müntəzəm diaqnostikası aparılır.

COP29 tədbirinə hazırlıqların davamı kimi dəmir yollarının ətrafı və yaxın ərazilər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə təhvil verilib.
Yaşıllaşdırma işləri çərçivəsində dəmir yolları ətrafında yeni ağac zolaqları salınıb.

Sərnişindaşıma və yükdaşıma xidmətlərinin təkmilləşdirilməsi ilə paralel olaraq dəmiryol muzeyində də COP29 iqlim sammitinə hazırlıq üçün tədbirlər görülüb. Muzeyə 3 dildə danışan bələdçilər cəlb edilib. Xarici qonaqlar üçün məlumat əlçatanlığını təmin etmək üçün 60-a yaxın eskponat haqqında məlumatların QR kod vasitəsilə əldə edilməsi təmin edilib. Muzeyin daxili konstruksiyası yenilənib, “zaman qatarı” guşəsi hazırlanıb, həmçinin yenilənmiş kino zalda bir neçə dildə dəmir yolları haqqında sənədli filmlərin nümayişinə başlanıb.
“Ammendorf” model qatarından hazırlanmış “zaman qatarı“ eksponatı muzey ziyarətçilərinə fərqli səhnələr və mənzərələr boyunca virtual səfər etmək fürsəti təqdim edir.

Избранный
8
28
iqtisadiyyat.az

10Источники