Kazan görüşünün nəticəsi olaraq Azərbaycan Prezidenti və Ermənistan baş naziri xarici işlər nazirlərinə sülh və dövlətlərarası münasibətləri nizama salmaqla bağlı təlimat verdi. Sözsüz ki, bu cür tapşırıqlar prosesin müsbət yöndə inkişafına təsir edir. Artıq erməni tərəfi də bu məsələdə müsbət çağırışlara riayət etməyə çalışır. Ermənistanın xarici işlər naziri də son açıqlamasında proseslərdə optimist yanaşmaların olduğuna diqqət çəkib. Bütün bunlar sülhə olan ümidləri bir qədər də gücləndirir.
Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Sözsüz ki, Ermənistan Azərbaycana qarşı öz konstitusiyasında yer alan əsasız ərazi iddialarını aradan qaldırmalıdır. Bu addım atılmasa, prosesləri irəliyə aparmaq çətin olacaq. Amma sülh mətni razılaşdırılsa, onu paraflamaq olar”, - deyə o əlavə edib.
Sabiq nazir hesab edir ki, Ermənistan məhz konstitusiyasını tam olaraq dəyişdirdikdən sonra yekun sülh sazişini imzalamaq mümkündür:
“Burada sülhlə bağlı bir qədər tələsgənlik də var. Hamı da başa düşür ki, proses artıq yekunlaşmaqdadır. Çünki bundan başqa yol yoxdur. Ermənistanın XİN rəhbəri də açıqladı ki, üç məsələni həll etmək lazım olacaq. Sülh sazişindən əlavə delimitasiya və demarkasiya, kommunikasiya məsələsi həllini tapmalıdır”.
Elmar Məmmədyarovova görə, sülhdə daha çox Ermənistan maraqlı olmalıdır:
“Azərbaycan Ermənistanla sülh sazişi imzalamadan da öz inkişafında davam edəcək. Artıq ərazi bütövlüyü və suverenliklə bağlı olan məsələlər həllini tapıb. Ona görə də, qarşı tərəf bunun üçün daha çox çalışmalıdır. Ümumiyyətlə isə bölgədə sülhün olması hamı üçün sərfəlidir. Eyni zamanda kommunikasiya xətlərinin açılması Azərbaycanın birbaşa Naxçıvana çıxş əldə etməsi, Şimal-Cənub və digər istiqamətlərdə əlaqələrin qurulması daha əlverişli imkanlar açacaq”.