RU

Mərkəzi Bank faizləri dəyişmədi, amma proqnozları yenilədi - AÇIQLAMA

Qeyri-neft sektorunda artım proqnozunun yaxşılaşdırılmasını AMB sədri ev təsərrüfatları və dövlət sektorunda istehlakın artması ilə əsaslandırır

Azərbaycanda uçot dərəcəsi növbəti dəfə dəyişməz saxlanıb. Bu barədə Mərkəzi Bankdan “Yeni Müsavat”a verilən məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25 faiz, faiz dəhlizinin aşağı həddi 6.25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8.25 faiz səviyyəsində dəyişməz saxlanılıb.

Tənzimləyici bildirir ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, daxili və xarici şəraitin təhlili nəzərə alınmaqla qəbul olunub: “Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalıb. Belə ki, 2024-cü ilin sentyabr ayında 12 aylıq inflyasiya 3.5 faiz, ərzaq malları üzrə inflyasiya 2.9 faiz, qeyri-ərzaq malları üzrə 1.9 faiz, xidmətlər üzrə 5.7 faiz təşkil edib. Ərzaq və qeyri-ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub. İllik baza inflyasiya isə 2.9 faiz təşkil edib.

İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. İlin ötən dövründə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 10 ayında 4.9 faiz) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib".

Azərbaycanda tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 9 ayında 5.2 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Yenilənmiş proqnozlara görə, cari əməliyyatlar balansında profisitin 2024-cü ildə sonuna 5.3 milyard ABŞ dolları, 2025-ci ilə isə 5.5 milyard ABŞ dolları olacağı gözlənilir.

Tənzimləyici bildirir ki, cari ildə valyuta bazarında sabitlik qorunub, Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tələb tam təmin edilib:

“Ümumilikdə valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bununla belə, ötən ay Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 milyon ABŞ dolları məbləğində xüsusi satış olub.

Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 milyon ABŞ dolları azalıb. Valyuta satışı Mərkəzi Bank tərəfindən 2023-cü ildə valyuta bazarından alınmış 2.1 milyard ABŞ dolları həcmində xarici valyuta hesabına aparılıb. Valyuta satışı əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verir ki, bu da ortamüddətli dövrə makroiqtisadi dayanıqlığı dəstəkləyir”.

Faiz dərəcəsi qərarının açıqlanmasına həsr olunmuş brifinqdə Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov qeyd edib ki, ilin sonuna qalan 2 ay müddətində də AMB valyuta bazarına satışyönlü müdaxilə edəcək.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında AMB-nin Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 6 milyard 116,8 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,15 dəfə çoxdur.

Təkcə oktyabr ayında valyuta satışının həcmi 738,7 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,5 dəfə çoxdur.

AMB bəyan edir ki, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir:

“Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq ilin əvvəlindən sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb. Mərkəzi Bankın emissiya etdiyi notların həcmi cari ilin ötən dövründə 3 dəfədən çox azalıb. Oktyabr ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) müvafiq olaraq 7.48 faiz olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. 1 gün ərzində baş tutan əməliyyatların orta həcmi oktyabrda 673 milyon manat olub”.

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməsə də, potensial olaraq inflyasiya təzyiqləri yarada biləcək qlobal iqtisadi qeyri-müəyyənliklər qalır. Mövcud geosiyasi gərginlik fonunda tədarük zəncirlərində və beynəlxalq daşımalarda fasilələr hələ də davam edir: “Bu şəraitdə beynəlxalq bazarlarda əmtəə qiymətlərində mümkün dəyişkənlik idxal inflyasiyasının artması riskləri yaradır. Aparıcı iqtisadiyyatlarda monetar şərait yumşalmağa başlasa da, ümumilikdə sərt olaraq qalır. İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi, habelə büdcə xərclərinin artımı (cari ilin 9 ayında ö.i.m.d.n. 8.4 faiz) və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə məcmu tələbin izafi artımı aiddir. Qeyd edək ki, son 1 il ərzində bank sisteminin kredit portfeli 19.9 faiz, o cümlədən biznes kredit portfeli 19.3 faiz artıb.

Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, yenilənmiş oktyabr proqnozlarına görə, illik inflyasiyanın 2024-cü ilin sonuna 5.1 faiz, 2025-ci ildə isə 5.8 faiz olacağı gözlənilir”.

Xatırladaq ki, Mərkəzi Bank iyul ayında baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5,4 faiz, 2025-ci ildə isə 5,5 faiz olacağını proqnozlaşdırmışdı. Bu, apreldə verilən proqnozdan yüksək idi və tənzimləyici bildirib ki, proqnozlara yenidən baxılması manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır.

Azərbaycan hökumətinin ilkin proqnozunda 2024-cü ildə illik inflyasiyanın 5.2 faiz təşkil edəcəyi nəzərdə tutulsa da, ilin birinci yarısının yekunları əsasında dəyişiklik edilərək göstərici 2,7 faizə endirilib. Hökumət gələn il üçün Azərbaycanda inflyasiyanı 4,6 faiz proqnozlaşdırıb.

AMB-dən verilən məlumata əsasən faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq:

“Mərkəzi Bank davamlı olaraq gedən iqtisadi prosesləri və maliyyə bazarlarını izləyir və qiymət sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcək. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2024-cü il dekabr ayının 18-də ictimaiyyətə açıqlanacaq”.

Brifinqdə sualları cavablandıran T.Kazımovun dediyinə görə, Mərkəzi Bank neftin orta qiymətini 2024-cü il üzrə 81,4 dollar(may proqnozunda 85,7 dollar), 2025-ci il üzrə 79,2 dollar(83,5 dollar) proqnozlaşdırıb. O əlavə edib ki, AMB təbii qazın orta qiymətini bu il üzrə 290 dollar(281 dollar), 2025-ci il üzrə 340 dollar(299) proqnozlaşdırıb. Göründüyü kimi, Mərkəzi

Bank neft qiymətləri üzrə proqnozlarını endirib, qazla bağlı isə artırıb.

AMB həmçinin Azərbaycanda qeyri-neft sektoru üzrə iqtisadi artım proqnozunu yaxşılaşdırıb. T.Kazımovun sözlərinə görə, Mərkəzi Bank bu ilin sonuna iqtisadi artım proqnozunu 2024-cü il üzrə 3,9 faiz, 2025-ci il üzrə 3,3 faiz müəyyən edib.
Tənzimləyici bu ilin yekununda qeyri-neft sektorunda 6,5 faiz, 2025-ci ildə isə 5,1 faiz iqtisadi artım gözləyir. AMB-nin bundan əvvəlki proqnozu müvafiq olaraq 5,7 faiz, və 4,4 faiz idi. Qeyri-neft sektorunda artım proqnozunun yaxşılaşdırılmasını AMB sədri ev təsərrüfatları və dövlət sektorunda istehlakın artması ilə əsaslandırır.

Qeyd edək ki, noyabrın 1-də Milli Məclis AMB İdarə Heyətinə dəyişiklik edilməsinə dair layihəni qəbul edib.

“Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” layihəyə əsasən, Toğrul Nəcəfəli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilovun Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilib, Rəşad Temraz oğlu Orucov Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad olunub.

T.Kazımov uçot dərəcəsinə həsr olunmuş brifinqdə bu dəyişikliyə aydınlıq gətirib:

“Bunun səbəbi çox sadədir. Qanuna əsasən AMB-nin İdarə Heyəti 7 üzv və 2 müstəqil üzvlə fəaliyyət göstərməlidir. Amma iki ildən artıq müddətdə İdarə Heyəti məhdud heyətlə fəaliyyət göstərib. 2024-cü ilin əvvəlində AMB strategiya qəbul edib. Bu strategiyanım həyata keçirilməsi və ölkə başçısının qarşıya qoyduğu məqsədləri dəstəkləyən mandanın uğurlu həyata keçirilməsi üçün buna ehtiyac var”.

Bundan əlavə, AMB İdarə Heyətinin qərarı ilə biznes proseslərin optimallaşdırılması çərçivəsində Mərkəzi Bankın Gəncə və Quba Regional Mərkəzlərinin, Sumqayıt Şəhər İdarəsinin cari ilin sonunda fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur. Tənzimləyici bildirir ki, qərarın qəbul edilməsi ölkədə fəaliyyət göstərən bankların nağd pulun logistikası üzrə regional infrastrukturunun inkişafı, bu infrastruktur vasitəsilə müvafiq regionlarda nağd pula olan tələbin ödənilməsi və biznes proseslərin effektivliyinin artırılması ilə əlaqədardır.

T.Kazımov bildirib ki, Azərbaycanda iki bank ABB və Kapital Bank Mərkəzi Bankın operator bankı kimi çıxış edir. Onlar bazarda nağd vəsaitlərinin tədavülünü təmin edirlər:

“Keçən ilə qədər hər şey AMB tərəfindən keçirilirdi, amma hal-hazırda bu iki bank həm özləri üçün, həm də digər banklar üçün nağd vəsaitlərin tədavülünü həyata keçirirlər. Biz bu prosesə nəzarət edirik. Nağd pulun istifadə edilməsi üçün region ofislərinin saxlanılmasına ehtiyac yoxdur. Orda çalışan işçilərimiz kifayət qədər ixtisaslıdırlar və onları AMB işlə təmin edəcək”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Избранный
3
8
musavat.com

10Источники