Zəfər marafonunun 37-ci günü
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
• Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün “Twitter” hesabında bildirib.
• Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan Prezident İlham Əliyev deyib: “Çox sağ olun ki, gəlmisiniz. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, növbəti həmrəylik təzahürüdür. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu dönəmdə də birliyimiz daha da möhkəmləndi. Bildiyiniz kimi, indi Vətən müharibəsi gedir, yaxşı nəticələr var, bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib. Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm. Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcəkdir. Artıq ilkin məlumatlar gəlibdir. İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik, işğalçıları torpaqlarımızdan qovacağıq”.
Dövlətimizin başçısı sözlərinə əlavə edərək Türkiyənin ilk saatlardan Azərbaycanın yanında olduğunu bildirib və qardaş ölkə rəhbərinin hər zaman Azərbaycanı dəstəklədiyini vurğulayıb: “Bu, çox önəmli bəyanatlar idi və bizə əlavə mənəvi dəstəyin göstərilməsi bir daha Türkiyə–Azərbaycan birliyinin təzahürüdür”.
Prezident İlham Əliyev Binəli Yıldırıma müraciətlə qeyd edib ki, biz Sizinlə bərabər bu tarixi birlikdə yaşamışıq. Yaxşı bilirik, nə qədər böyük səylər göstərildi ki, Türkiyə və Azərbaycan bir-birinə daha da yaxın olsun. Çox önəmli layihələrin, sizin də rəhbərlik etdiyiniz Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin həyata keçirilməsi onların sırasında mühüm yer tutur. Bundan sonra digər layihələr də olacaq. İnşallah, bundan sonra da uğurlu işbirliyimiz davam edəcək.
Qəbulda Binəli Yıldırım deyib: “Təbii ki, Türkiyə olaraq biz Azərbaycanın bu haqlı mübarizəsində əvvəldən bəri daim onun yanındayıq. Dahi şəxsiyyət Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını o gündən indiyədək davam etdiririk. Bilirik ki, Dağlıq Qarabağ məsələsində Siz yerdən göyə qədər haqlısınız. Çünki Azərbaycan bu müharibədə öz torpaqlarını işğalçılardan təmizləyir.
Azərbaycan 27 ildir davam edən bu işğala son qoyur, öz ərazilərinin azad olunmasını təmin edir. Buna görə Azərbaycan gecə-gündüz böyük vətənpərvərlik nümunəsi göstərərək hər gün qəhrəmanlıq dastanları yazır. Buraya gələrkən bir qədər əvvəl yenə bir xəbər oxudum, bir təyyarə məhv edilib”.
Daha sonra Milliyətçi Hərəkət Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Cəlal Adan MHP-nin sədri Dövlət Baxçalının adından Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.
• Noyabrın 1-i gün ərzində və 2-sinə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
Müdafiə olunan düşmən bölmələri cəbhənin bəzi istiqamətlərində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin silah, sursat, ərzaq ehtiyatları tükənmək üzrədir. Avtomobil və digər hərbi texnika üçün ehtiyat hissələri çatışmır.
Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını və 5 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
• Noyabrın 1-də gün ərzində Ermənistan–Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub.
Düşmənin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb. Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən, Ermənistan ərazisinə çəkilməyə məcbur edilib.
Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib.
• Ermənistan silahlı qüvvələrinin dörd ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd “KUB” zenit-raket kompleksi, daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edilib.
• Müdafiə Nazirliyi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanlarımızın göstərdikləri şücaətlər barədə videoçarx paylaşıb.
XQ