RU

Hotellərin gəlirləri artıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda hotellərin gəlirləri artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz artaraq 468,5 milyon manat olub.

Məlumata görə, bunun 62,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,7 faizi ictimai iaşə xidmətlərindən, 2,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. 9 ay ərzində mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 24,8 faiz səviyyəsində olub (2023-cü ilin yanvar-sentyabr aylarında 20,8 faiz). Bu göstərici Şabranda 63,2 faiz, Naftalanda 45,3 faiz, Bakıda 39,7 faiz, Qusarda 26,6 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Cari ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 25,2 faiz artaraq 3269 min olub. Gecələmələrin ümumi sayının 60,4 faizi Bakıda, 5,6 faizi Xaçmazda, 4,3 faizi Naftalanda, 4,3 faizi Qusarda, 4,3 faizi Qubada, 4,0 faizi Qəbələdə, 3,6 faizi Şabranda, 2,4 faizi Lənkəranda, 1,2 faizi Qaxda, 1,1 faizi Masallıda, 1,0 faizi Şamaxıda, 1faizi Naxçıvan Muxtar Respublikasında və 6,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27 faiz artaraq 1772,2 min olub ki, bu da ümumi gecələmələrin 54,2 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,9 faizi Hindistan, 13,8 faizi Rusiya Federasiyası, 8,7 faizi Səudiyyə Ərəbistanı, 7 faizi Türkiyə, 5,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,6 faizi ABŞ, 3 faizi Küveyt, 2,8 faizi Qazaxıstan, 2,5 faizi İsrail, 2,5 faizi Böyük Britaniya, 2,4 faizi Pakistan, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,3 faizi Almaniya, 1,1faizi İtaliya, 21,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81faizi Bakıda, 4,7 faizi Qəbələdə, 4,3 faizi Qusarda, 3,7 faizi Naftalanda, 3,5 faizi Qubada, 0,6 faizi Şabranda, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23,1 faiz artaraq 1496,8 min olub ki, bu da ümumi gecələmələrin 45,8 faizini təşkil edir.

Yeri gəlmişkən, 2024-cü ilin 9 ayı ərzində Azərbaycana 1 milyon 983 min əcnəbi səfər edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 447,5 min nəfər və ya 29,1 faiz çoxdur. Turizm məqəsdi ilə gələnlərin sayı 368,6 min nəfər və ya 35,3 faiz artaraq 1 milyon 413 min nəfərə yaxınlaşıb. Digər məqsədlərlə gələnlərin sayı 78,9 min nəfər (16,1 faiz) artaraq 570,4 min nəfərə yüksəlib. Hesabat dövründə turizm məqsədi ilə gələnlər ümumi əcnəbilərin 68 faizni, digər məqsədlə gələnlər isə 32 faizini təşkil edib.

Bəs, görəsən, növbəti dövrdə turizm sektorunda artım dinamikası davam edəcəkmi? Azərbaycana gələn əcnəbilərin gecələmək üçün daha çox paytaxtı seçməsinə səbəb nədir?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib ki, pandemiyadan sonrakı dövrdə turizm sektoru hələ də bərpa olunur: “Azərbaycan da turizm sektorunun bərpasından öz payını alır və artıq ölkəyə gələn turistlərin sayı ilbəil artır. Amma biz hələ pandemiyadan öncəki turist sayını bərpa edə bilməmişik. Güman edirik ki, ilin sonuna kimi ölkəyə gələn turistlərin sayı pandemiyadan əvvəllki dövrdə olan göstəricilərə çatacaq. Lakin biz bir məsələni də unutmamalıyıq ki, daha çox turist qəbul edən ölkələrə nəzər salsaq, siyahıda məhdudiyyətləri aradan qaldıran ölkələri görə bilərik. Həmin ölkələr istər viza, istər sərhədlər, istərsə də hava yolları baxımından dünya turistlərinin üzünə daha açıqdırlar. Biz nəzərə almalıyıq ki, ölkədə quru sərhədləri hələ də qapalıdır. Üstəlik, karantin dövrü uzadılıb. Bütün bunlar ölkəyə gələn turistlərin sayına təsir göstərir”.

Ekspert əlavə edib ki, 2019-cu ilin statistikasına görə, hər 10 əcnəbidən 7-si məhz bizim sərhəd olduğumuz qonşu ölkələrdən Azərbaycana gəliblər: “Deməli, sərhədin qapalı olmasının turizm sektoruna nə qədər təsir etdiyini rəqəmlərdən görmək mümkündür. Doğrudur, hava məkanımız açıqdır. Amma bu yolla ölkəyə gələn turistlər xeyli vəsait itirirlər və onlar üçün sərfəli deyil. Araşdırmalara görə, Azərbaycana gələn vətəndaşların böyük əksəriyyəti Bakı Hava Limanı ilə uçuşlar həyata keçirirlər. Ümumi dövriyənin 97 faizi Bakı Hava Limanının payına düşür. Lakin bizim bundan başqa Beynəlxalq Hava Limanı statusunda olan 6 aeroportumuz var. Amma onların fəaliyyəti səmərəli deyil. Təbii ki, bu hava limanlarının fəaliyyətini daha səmərəli etmək, regiondakı aeroportların gəlirli və aktiv işləməsi, turizmi dəstəkləməsi üçün oraya ucuz hava daşıyıcıları gətirmək çox vacibdir. Biz düşünürük ki, bu addım həm daxili, həm də xarici turizmə öz müsbət təsirini göstərə bilər. Çünki turizm paketlərində əsas xərclər hissəsini məhz nəqliyyat sahəsi tutur. Odur ki, ölkəyə gəlmək xərcləri nə qədər aşağı olarsa, bu, daha çox turistin Azərbaycana daxil olmasına şərait yaradar. Eyni zamanda, bölgələrə üz tutan turistlərin sayı artar. Əgər bu gün Azərbaycana səfər edən əcnəbilərin 80 faizi Bakıda gecələyirsə, bunun əsas səbəbi məhz nəqliyyatla bağlıdır”.

Yerli hotellərin gəlirlərinin artmasına da aydınlıq gətirən ekspert deyib ki, 2024-cü ilin ortalarında bu istiqamətdə artım müşahidə olunur: “Bu artımlar həm qiymətlərin nisbətən yüksəlməsi, həm də ölkəyə gələn turistlərin sayının çoxalması ilə əlaqədardır. Amma təhlillər göstərir ki,

bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət Türkiyənin İstanbul şəhəri ilə və Gürcüntanla müqayisədə az olub. Dövlət Turizm Agentliyinin hesabatına görə, Azərbaycan hotellərində orta qiymət yanvarda 87,5 manat (ötən ilin eyni dövrünə nisbətən 7,3 faiz çox), fevralda 102,6 manat (29,3 faiz çox), martda 134,3 manat (43,3 faiz çox), apreldə 131,7 manat (37,7 faiz çox), mayda 131,75 manat, iyunda 138,75 manat (4,5 faiz az), iyulda 136,75 manat (8,4 faiz az), avqustda 118 manat (48,5 faiz az), sentyabrda 126,8 manat ( -1,2 faiz), oktyabrda isə 140,9 manat (+9,8 faiz) təşkil edib”.

 

Избранный
73
18
hafta.az

10Источники