Bakıda bəy toy günü şəhid qardaşı Ceyhun Nəhmətovun məzarını yad edib.
Moderator.az bildirir ki, Musavat.com-un əməkdaşı bununla bağlı görüntüləri lentə alıb.
Ziyarət zamanı gəlin də bəyi tək qoymayıb.
Qeyd edək ki, Ceyhun Nəhmətov 1994-cu il sentyabrın 8-də Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Mərdəkan qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə təhsil alıb.
44 günlük Vətən müharibəsi Ceyhunun qəhrəmanlıq, qorxmazlıq və vətənpərvərlik kimi keyfiyyətlərini də üzə çıxarıb. Bütün müharibəni alnıaçıq, üzüağ keçən baş leytenant düşmən üzərində Böyük Zəfərə 2 gün qalmış, 2020-ci il noyabrın 7-də Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən 812.0 yüksəkliyinin azad edilməsi uğrunda döyüşdə qəhrəmancasına şəhid olub.
9 noyabr 2020-ci ildə Bakı şəhərində İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Baş leytenant Nəhmətov Ceyhun Etiqad oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.