Futbol üzrə Braziliyalı milli komandasının və Madrid “Real”ının sabiq müdafiəçisi Marselo “Fluminense”dən qovulub.
Arena.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər müqaviləyə qarşılıqlı şəkildə xitam veriblər. Buna 36 yaşlı müdafiəçinin baş məşqçi Mano Menezeslə mübahisə etməsi səbəb olub. “Qremio” ilə görüşdə futbolçu meydana daxil olarkən mütəxəssisin tapşırıqlarına qulaq asmaq istəməyib. Nəticədə onlar arasında taktika ilə bağlı mübahisə yaranıb və futbolçu meydana çıxmayıb.
Xatırladaq ki, Marselo “Fluminense”yə 2024-cü ilin fevralında Pirey “Olimpiakos”undan azad agent qismində keçib. Marselonun “Fluzao” ilə müqaviləsi 2024-cü ilin dekabr ayının sonuna qədər qüvvədə idi. Braziliyalı futbolçunun “Fluminense”nin heyətində ümumi statistikası belədir: 107 oyun, 11 qol, 3 məhsuldar ötürmə.
Marselo daha öncə də “Fluminense”nin şərəfini qoruyub. Braziliyalı müdafiəçi məhz bu klubdan 2007-ci ilin yanvarında 6,5 milyon avro müqabilində “Real”a keçərək, 2022-ci ilin sentyabrına qədər İspaniya nəhəngində çıxış edib. O, məşhur braziliyalı sol cinah müdafiəçisi Roberto Karlosun xələfi kimi həm “Real”da və həm də Braziliya millisində yüksək səviyyəli sabit oyunu ilə fərqlənib.
“Mars” “Real”la 6 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kral Kubokunun, 5 dəfə İspaniya Super Kubokunun, 5 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.
Marselo 2006-cı ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 58 oyuna çıxıb, 6 qol vurub, 12 məhsuldar ötürmə verib. “Mars” “selesao” ilə 2013 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Marselonu 13 milyon avro məbləğində qiymətləndirir.