RU

COP29 nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzindədir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a bir həftə qalmış, nüfuzlu beynəlxalq təşkilatlar bu mühüm tədbirə xüsusi diqqət yetirir.

Day.Az-ın məlumatına görə, Avropa Regionlar Komitəsi, BMT Fondu və Yaşıl İqlim Fondu kimi beynəlxalq qurumlar sosial media platformalarında COP29-un əhəmiyyətini vurğulayan paylaşımlar edərək, bu konfransı iqlim dəyişikliyi ilə qlobal mübarizə üçün mühüm platforma kimi dəyərləndiriblər.

Avropa Regionlar Komitəsinin üzvü Andries Grifroy COP29 çərçivəsində regionlar və şəhərlərin rolunun önəmini qeyd edərək bildirib: "Biz, Avropa Regionlar Komitəsi olaraq, COP29-da Yaşıl Sazişi gücləndirməyi hədəfləyirik. Ancaq bu, təkcə mitiqasiya deyil, uyğunlaşma tədbirlərini də əhatə etməlidir. Ümid edirəm ki, COP29-da qlobal Yaşıl Sazişdə yerli və regional rolumuzu daha da ön plana çıxara biləcəyik."

BMT Fondu isə iqlim dəyişikliyinin təsirlərinin cəmiyyətləri uyğunlaşmağa məcbur etdiyini və mövcud maliyyələşmənin bu ehtiyacları qarşılamaqda kifayət etmədiyini bildirir. Fondun mütəxəssisləri COP29-u dünya liderləri üçün uyğunlaşma maliyyəsini artırmaq baxımından böyük bir fürsət kimi görürlər. Onların fikrincə, bu konfrans iqlim dəyişikliyindən ən çox zərər çəkən ölkələr üçün zəruri maliyyənin təmin edilməsi üçün əhəmiyyətli bir imkandır.

Yaşıl İqlim Fondu da COP29 öncəsi açıqlamasında Paris Sazişi məqsədlərinə çatmaq üçün davamlı sərmayələr etdiyini və iqlim maliyyələşdirilməsinin əsas platformalarından biri kimi çıxış etdiyini vurğulayıb. Fondun maliyyələşdirdiyi layihələr inkişaf etməkdə olan ölkələrin ehtiyac və məqsədlərinə əsaslanır və davamlı bir planet yaratmağa xidmət edir. Yaşıl İqlim Fondu COP29-u bu istiqamətdə əhəmiyyətli bir fürsət kimi dəyərləndirir.

Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək.

Избранный
41
4
day.az

6Источники