İsrailin Müdafiə Ordusu "Hizbullah" hərəkatının "Nasir" raket bölməsinin komandirinin məhv edildiyini elan edib.
Bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələrinin qırıcısı Livanın cənubundakı Juaya bölgəsinə dəqiq zərbə endirərək, "Hizbullah"ın raket bölməsinin komandiri, terrorçu Cəfər Hader Fauru, həmçinin bu bölmənin pilotsuz uçuş sistemlərinin idarə edilməsi üzrə komandirini məhv edib", - məlumatda bildirilir.
Xatırladaq ki, sentyabrın 23-də İsrail Livandakı "Hizbullah" təşkilatının hərbi birləşmələrinə qarşı "Şimal oxları" əməliyyatına başlayıb. Məqsəd yəhudi dövlətinin şimal sərhəd bölgələrində on minlərlə sakinin oraya qayıtması üçün təhlükəsiz şərait yaratmaqdır. Oktyabrın 1-nə keçən gecə İsrail Ordusu Livanın cənubundakı sərhəd bölgələrində quru əməliyyatının başlandığını elan edib.
Ötən il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail Ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin bu səylər indiyədək heç bir ciddi dəyişikliyə səbəb olmayıb.