Moskva yaxınlığındakı Ximkidə saxta qazlı içkilər istehsal edən gizli sex aşkarlanıb. Polisin basqını zamanı 32 min şüşə kola ələ keçirilərkən, içkilərin "Pepsi" və "Coca-Cola" etiketli iki litrlik şüşələrə doldurulduğu müəyyən edilib.
Hafta.az-ın yazdığına görə, bundan başqa, yerli brend olan “Çestniy Znak” etiketli saxta məhsullar, içki doldurma və qapaq maşınları da ələ keçirilib.
Sexin zibillə əhatə olunmuş anqarda fəaliyyət göstərdiyi məlum olub.
Coca-Cola və Pepsi 2022-ci ilin fevralından sonra Rusiyaya birbaşa idxalı dayandırıb. Bu vəziyyət yerli istehsalçılara xaricdən gətirilən qazlı içkiləri əvəz etmək imkanı yaratsa da, istehlakçıların marağı gözləniləndən aşağı olaraq qaldı. Zamanla Qazaxıstan, Azərbaycan və Özbəkistan kimi qonşu ölkələrdən gətirilən rəsmi lisenziyalı Coca-Cola məhsulları bazarda öz yerini tutub. Hətta İran, Əfqanıstan və Vyetnamdan da içkilər gətirilib. Lakin Ximkidəki saxtakarlıq cəhdi, deyəsən, bu prosesi qısaltmaq və birbaşa “Gürcü etiketləri” ilə istehlakçıya çatmaq məqsədi daşıyır.
Amerikanın Coca-Cola şirkəti öz brendlərini qorumaq üçün Rusiyada ticarət nişanlarına müraciətlərini davam etdirir. Ötən ilin yayında şirkət Coca-Cola, Sprite və Fanta kimi məşhur brendlərinin qeydiyyat müddətlərini yeniləmək üçün “Rospatent”ə müraciət edib. Coca-Cola Rusiya bazarında fəaliyyətini dayandırmazdan əvvəl “BonAqua”, “Burn”, “Rich” və “Schweppes” kimi bir çox brendləri var idi.