RU

Azərbaycan Türk dünyasının güclənməsinə daimi töhfələr verməklə onun birliyi amallarına sadiq qalır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və düşünülmüş siyasət, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər ölkəmizin bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Yeni reallıqlar fonunda Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Azərbaycan qardaş türk ölkələri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını (TDT) öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında demişdir ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır.
AZƏRTAC Azərbaycanın TDT-yə töhfələri və üzv ölkələrlə əməkdaşlığına qısa nəzər salır.
Tarixin bütün dönəmlərində türklər özlərinin qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri ilə seçilmiş, dünyanın ən üstün dəyərlərə malik sivilizasiyalarından birinə sahib olublar. Türk sivilizasiyası dedikdə bəşəriyyətin inkişafına saysız-hesabsız töhfələr vermiş, qədim mədəniyyətə, incəsənətə, hərtərəfli elmə və biliyə, həmçinin sağlam gücə malik olan sivilizasiya nəzərdə tutulur. Bəşər sivilizasiyası tarixində özünəməxsus yeri olan türk sivilizasiyası əsrlər boyu şərəfli yol qət edərək hazırkı inkişaf səviyyəsinə çatıb. Dünyanın ikili standartlara əsaslanan siyasətinin davam etdiyi bir dövrdə Türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə göstərir. Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Dünya Türk dünyasının birliyinin şahidi oldu. Ümumilikdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Hazırda dünya bu birliyi işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildə görür.
Xalqımız da böyük Türk dünyasının önəmli bir parçası olaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasından faydalanmaqla yanaşı, bu sivilizasiyaya öz töhfəsini verməkdən böyük qürur duyur. Azərbaycan TDT-yə üzv olan ölkələrlə qardaşlıq münasibətlərinə malikdir. Türk dövlətlərini birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir.
Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Dövlətimizin başçısının TDT-yə üzv ölkələrin inteqrasiyasına və inkişafına töhfələri hər birimizə yaxşı məlumdur. TDT-yə üzv dövlətlər Prezident İlham Əliyevin bu istiqamətdəki fikirlərini bölüşür, eyni zamanda, təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər. Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır.
Azərbaycanın Türk dünyası ölkələrinin birliyinə daha bir töhfəsi isə Orta Dəhliz layihəsidir. Orta Dəhlizi dəyər zənciri də adlandırmaq mümkündür. Lakin bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula (ÜDM) malik türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Bu gün Azərbaycan Orta Dəhliz layihəsinin əsas vəsilələrindən biri hesab edilir. Ölkəmiz dəhlizin inkişafı və səmərəliliyi üçün öz ərazisində zəruri infrastruktur yaradıb. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan, eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Buradan da görünür ki, ölkəmiz Şərqdən Qərbə, yəni Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması üzərində ciddi işləyir ki, bu da TDT-yə üzv dövlətlərin əksəriyyətinin yerləşdiyi coğrafiyadan onların yüklərinin Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasını təmin edir.
Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev daim türkdilli ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir. Prezident İlham Əliyevin iyulun 6-da Şuşada keçirilən TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimi: "Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq.
Şuşada keçirilmiş həmin Zirvə görüşü Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa ciddi təkan verib və təşkilatın funksionallığını keyfiyyətcə yeni müstəviyə yüksəldib. Bu cür tədbirlər, türk ölkələrinin liderləri arasında kommunikasiyaların daha da gücləndirilməsi, gündəmin aktual məsələləri ətrafında birgə müzakirə imkanlarının genişləndirilməsi, birliyimizin möhkəmləndirilməsi məqsədinə xidmət edir. Tədbirdə çox mühüm qərarlar qəbul olunub. Məhz bu baxımdan Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşünü Türk dünyası üçün tarixi sammit də adlandıra bilərik. Həmin tədbir çərçivəsində "Qarabağ Bəyannaməsi" imzalanıb. Bu mühüm sənəd də türk birliyinin daha da möhkəmləndirilməsi, TDT-nin beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Cari ilin sentyabrında Latın qrafikalı, 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının qəbul edilməsi türk xalqlarının linqvistik mirasını qorumaqla yanaşı, onlar arasında qarşılıqlı anlaşmanı, eləcə də əməkdaşlığı daha da inkişaf etdirəcəkdir. Həmin ortaq əlifbanın qəbulu türk xalqları arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın daha da inkişafına töhfə vermək məqsədi daşıyır. Qəbul edilən əlifba ilə türk xalqları elmdən iqtisadiyyata, siyasətdən humanitariyaya qədər bir çox sahələrdə daha da yaxınlaşacaq, onların birlikdə hərəkət etmək qabiliyyəti artacaq.
Qeyd edək ki, TDT-nin 11-ci Zirvə görüşü bu gün "Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik" şüarı altında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilir. Təşkilata üzv ölkələr yenidən bir araya gələrək, sonuncu Zirvə görüşündən keçən dövr ərzində görülmüş işlər və əldə olunmuş nailiyyətləri qiymətləndirəcək, təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparacaqlar. Zirvə görüşündə TDT-də müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak edirlər. TDT-nin 11-ci Zirvə görüşündə dövlət başçıları müxtəlif sahələr üzrə əsas məsələlərə dair qərarlar qəbul edəcək, sazişləri yekunlaşdıracaq, üzv və müşahidəçi dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirəcəklər. On birinci Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidentinin ikitərəfli görüşləri də nəzərdə tutulur. Tədbirdə, eyni zamanda, dövlət başçıları tərəfindən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşünün Bəyannaməsi də daxil olmaqla bir sıra sənədlərin imzalanması planlaşdırılır. Zirvə görüşünün sonunda TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcəkdir. TDT-nin 11-ci Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.
Избранный
7
3
oxu.az

10Источники