RU

Keçmişimiz və bu günümüzlə bağlı olan ideologiya...

Hər birimiz harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycanın və azərbaycanlıların ümumi maraqlarını müdafiə etməyə borcluyuq. Bunun üçün istinad etdiyimiz də məhz azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq bizə doğru, düzgün istiqamət verən ideyadır və bu ideyanı rəhbər tutaraq, bizə məxsus olan dəyərlərə sahib çıxa, milli dəyərlərimizdən çıxış edə, onları qoruya bilirik.

Sadalanan məqamlar təsdiq edir ki, azərbaycançılıq ideyası təkcə respublikamızın, ölkəmizin hüdudlarında yaşayan azərbaycanlıların ideyası deyil. Azərbaycançılıq ideyası bütövlükdə dünyanın istənilən ölkəsində yaşayan, məskunlaşan soydaşlarımızın ideyasıdır. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, milli ideyamız dünya azərbaycanlılarının təşkilatlanması istənilən istiqamətdə, xüsusilə də mədəni və mənəvi əlaqələrinin inkişaf etdirilməsi baxımından əvəzsiz hesab olunur.

Azərbaycançılıq ilk növbədə ailədən gəlməlidir

Mövzu ətrafında fikirlərini “Yeni Azərbaycan”la bölüşən millət vəkili İlham Məmmədov bildirib ki, azərbaycançılığın dərin kökləri və təməlləri millətimizin tarixi keçmişi və bu günü ilə sıx bağlıdır: “Vətənpərvərlik və dövlətçilik kimi təməllərə söykənən azərbaycançılıq ideyasının təbliği nisbətən yeni yaranan anlayış olsa da, Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, dəyərlərini qorumağa xidmət edir. Milli ideyamız artıq insanların şüurunda formalaşan ictimai dəyərlərdən hesab olunur. Buna görə də azərbaycançılıq ideyası ön planda durur və azərbaycanlıları, eləcə də Azərbaycanın mənafelərini müdafiə edən insanları birləşdirən ideya olaraq qəbul edilir.

Xalqımız milli kimliyini dərk etdiyi zamandan bəri azərbaycançılıq müxtəlif enişli-yoxuşlu yollardan, tarixi dövrlərdən keçərək inkişaf edib, zənginləşib. Hansı etnik kökə mənsub olmasından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını tək adətən, tək dövlət, tək bayraq, tək millət ətrafında bərabər şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ilə dövlətimizin və millətimizin bu günü və gələcəyi sıx bağlıdır. Azərbaycanda etnik kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar azərbaycanlıdır. Ona görə də azərbaycançılıq ilk növbədə ailədən, uşaq bağçasından, məktəbdən və cəmiyyətdən gəlməlidir”.

Bəşəri dəyərlər milli ideologiyamızın özəyidir...

Deputat qeyd edib ki, ölkədə mövcud olan multikultural və tolerant mühit bu təbliğatı asanlaşdırır və bu təbliğatın ümummilli konteksdə realizə olunmasını şərtləndirir: “Azərbaycançılıq ideologiyası bizim ümumi sosial identifikasiyamız və ortaq dəyərlərimizi müəyyənləşdirir. Bu da çox vacib məsələdir. Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəyliyinə, xalqın vahid bir ideya ətrafında mənəvi birliyinə nail olunmasında ölkə başçısının xüsusi xidmətləri var. Məhz Prezident İlham Əliyev sayəsində milli-mənəvi və bəşəri dəyərlər artıq azərbaycançılıq ideologiyasının özəyini, onun əsas təməl prinsiplərini təşkil etməkdədir. Azərbaycançılıq ümumbəşəri dəyərlərdən yetərincə bəhrələnməklə bərabər, öz milli mentallığını qoruyub saxlamaqdadır. Bu ideya həm Azərbaycanın sərhədləri daxilində, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı üçün əsas baza mənbəyidir. Bizi uzun yüzilliklər boyu vahid bir əqidə bayrağı altında birləşdirən, ən çətin məqamlarda belə xalqımızın həmrəyliyinin təminatçısına çevrilən məhz azərbaycançılıq ideyası olub. Əgər xalqımız əsl azərbaycançılıq ideyası ilə silahlanmasaydı, öz istiqlalına qovuşa bilməz, həyatın bütün sahələrində bugünkü qədər ali zirvələri fəth edə bilməzdi”.

Azərbaycançılıqla ərazi bütövlüyümüzə nail olduq

Millət vəkilinin sözlərinə görə, etiraf etmək lazımdır ki, 30 ilə yaxın müddətdə ən ağrılı problemimiz olan Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli, məhz bütün azərbaycanlıların birliyi ilə reallaşdı: “Belə bir birlik isə tarixin bütün zehni və mənəvi təcrübələrini özündə əks etdirən milli ideologiya-azərbaycançılıq ideyası sayəsində reallaşdı. Məhz azərbaycançılıq ideyasına sadiq qalaraq, torpaqlarımızın bütövlüyü, ərazilərimizin işğaldan azad edilməsi uğrunda birləşməklə işğala son qoyuldu. Ən qısa zamanda düşmən üzərində qələbənin əldə edilməsinə də məhz bu ideyaya sadiqlik, milli birlik sayəsində nail olundu. Dünyanın harasında yaşamasından asılı olmayaraq, vətən sevgisi ilə ürəyi döyünən hər bir azərbaycanlının milli maraqlarımızın təmin olunmasına necə xidmət etdiyinin əyani şəkildə şahidi olduq. Bütün dünya azərbaycanlılarının ölkəmizin haqq səsinə dəstək verməsinin gücümüzə güc qatdığına bir daha əmin olduq”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Избранный
16
yeniazerbaycan.com

1Источники