RU

Karbon vergisi Nədir?

Karbon vergisi, karbon dioksid (CO2) və digər istixana qazlarının atmosferə buraxılmasını azaltmaq məqsədilə tətbiq olunan bir vergi növüdür.

Bu vergi, əsasən fosil yanacaqlarının yandırılması nəticəsində yaranan karbon emissiyalarını məhdudlaşdırmaq üçün müəssisələrə və ya istehlakçılara tətbiq edilir. Məsələn, bir ölkədə hökumət karbon vergisi tətbiq edərsə və hər ton karbon qazı üçün şirkətlərdən 10 dollar vergi alınarsa, əgər bir şirkət il ərzində 100 ton karbon tullantısı istehsal edərsə, bu şirkət 1000 dollar vergi ödəməli olacaq. Bu vəziyyətdə, şirkətlər emissiya olunan tullantıları azaltmaq üçün yeni texnologiyalar tətbiq etməyə başlayacaqlar, çünki tullantıları azaltmaq iqtisadi cəhətdən onlara daha sərfəli olacaq.

Azərbaycanda hal-hazırda karbon vergisi və ya Emissiya Ticarəti Sistemi (ETS) tətbiq edilməsə də, yüksək karbon emissiyalı sahələr (neft, qaz və digər sənayelər) üzrə bir sıra vergilər (aksiz, mədən, yol vergisi və s.) mövcuddur. Eyni zamanda, aşağı emissiyalı məhsul və sənayelərin təşviqi məqsədilə qanunvericilik aktları mövcuddur (elektrik və hibrid avtomobillər üçün vergi güzəştləri, investisiya təşviqi sənədləri və s.).

Müxtəlif karbon qiymətləndirməsi siyasətləri (karbon vergisi, ETS, CBAM və s.) üzrə təcrübələr araşdırılmaqda davam edir. Bu məqsədlə beynəlxalq təcrübələr və yerli təşkilatlarla müzakirələr aparılmışdır. COP29 iqlim sammiti çərçivəsində karbon qiymətləndirmə mexanizmləri ilə bağlı bir panel müzakirəsinin keçirilməsi nəzərdə tutulur. Karbon qiymətqoyma mexanizmlərinin seçilməsi üçün ilk növbədə ölkənin iqlim siyasəti üzrə baxışı müəyyənləşdirilməlidir.

Ötən gün İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov “Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda keçiriləm seminarda bildirib ki, Hazırda Azərbaycanda karbon qiymətqoyma və ya emissiya ticarət sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılır.

Onun sözlərinə görə, hazırda emissiyaların azaldılması üçün əsas alət müvafiq qanunvericiliyin qəbul edilməsidir: "Bunun üçün iki alət nəzərdən keçirilir: karbon vergisinin və ya emissiya ticarət sisteminin tətbiqi".

H. Hüseynov bildirib ki, emissiya ticarət sistemində konkret emissiya limitləri müəyyənləşdirilir və əgər çirkləndiricilər bu limiti aşmazlarsa, əlavə ödəniş etmirlər:. "Limit aşılarsa, ödənişlər edilir və bu vəsait emissiyaların azaldılmasına yönəldilir. Karbon vergisi tətbiq edildikdə isə çirklənmənin miqdarından asılı olmayaraq hər çirkləndirmə üçün vergi ödənilir və toplanan vəsait dekarbonizasiya prosesində istifadə olunur".

O əlavə edib ki, hazırda bu iki alətin hansısa birinin seçilməsi ilə bağlı müzakirələr davam edir: "Seçim təhlillərə əsaslanan məlumatlardan asılıdır".

Azərbaycanda karbon vergisinin tətbiq olunması ilə bağlı "Operativ Media" ilə fikirlərini bölüşən iqtisadı Xalid Kərimli bildirib ki, sahibkarın xərclərini artırmaq yox, əksinə, onları azaltmaq lazımdır:

"Karbon vergisi, sahibkarlara əlavə olaraq, ətraf mühitə karbon qazı atdıqlarına görə vergi tətbiq etməkdir. Bu məsələlər bizdə də müzakirə olunur və bu, müsbət bir haldır. Şirkətin məhsulunun qiyməti artsa, həmin şirkətin mənfəəti azalar və ətraf mühiti çirkləndirən şəxslər də bir növ cəzalanmış olurlar. Lakin bir neçə vacib məsələ var. Birincisi, bizdə düzgün və effektiv istehsal yoxdur. İkincisi, mövcud istehsalların problemləri var. Bu istehsallar bir-biri ilə rəqabət apara bilmirlər, ixrac edə bilmirlər. Hər gün deyirik ki, qeyri-neft sektorunu necə inkişaf etdirə bilərik, amma nəticədə qeyri-neft sektoru ixrac etmir. 

Bu səbəbdən, Azərbaycan kimi ölkələrdə sahibkarın xərclərini artırmaq yox, əksinə, onları azaltmaq lazımdır. Vergi tətbiq etmək istehsalı azaltmaq deməkdir. Vergi qoymaq sahibkarın xərclərini artırır və bu da məhsulun qiymətinin yüksəlməsinə səbəb olur. Bu, əlbəttə, ekoloji baxımdan faydalı ola bilər, amma mən düşünürəm ki, Azərbaycan üçün bu addım hələ tezdir.

Hal-hazırda Azərbaycanda aktual olan məsələlər işsizlik, ixracatın artırılması və neft-qazdan asılılığın azaldılmasıdır. Ekoloji məsələlər müəyyən qədər diqqətə alınsa da, məncə, bu an üçün önəmli olan digər iqtisadi və sosial problemlərin həllidir".

Избранный
51
operativmedia.az

1Источники