RU

Zəfərə aparan yol: “Bütün ərazilərimizdə suverenlik təmin olunub”

Dörd il əvvəl - 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. 

Qəhrəman əsgər və zabitlərimiz düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi.

Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli Ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi.

Beləliklə, vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi.

"Şuşa Zəfərinə gedən yol qəhrəmanlıq, şərəf və xalqımızın uzun illər arzuladığı yol olmuşdur. 44 günlük bu yolun müəllifi Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Amma yolun hər bir gününü qəhrəmanlıq dastanına çevirən isə Müzəffər Ordumuz və xalqımızdır". 

Bu fikirləri millət vəkili Azər Badamov "Cebheinfo.az"-a açıqlamasında bildirib. 

Millət vəkilinin sözlərinə görə, bu şərəfli yolda şəhidlər verdik, qan tökdük, Allah bütün şəhidlərə rəhmət eləsin: 

"Amma 27 sentyabr 2020-ci ildə başladığımız haqq yolumuzda bir gün geri baxmadıq. Ordumuz Ali Baş Komandanın tapşırığını canından əziz tutaraq icra edərək hər gün addım-addım bizi qələbəyə yaxınlaşdırdı.

Düşmən 30 ildə səngərlər, müdafiə sədləri qurmuşdu. Amma Ordumuzun qabağında ermənin qurduğu müdafiə sədləri heçə endi. 

Döyüş taktikamız, ordu hazırlığı, silahlanması yüksək səviyyədə təşkil olunmuşdu. Xalqımız səfərbər olunaraq "hər şey cəbhə üçün" şüarı altında birləşmişdi.

Siyasi baxışlarından, etnik və dini mənsubiyyətindən asıllı olmayaraq hamı bir amal uğrunda birləşmişdi. 10 minlərlıə gəncimiz əlinə silah alıb döyüşə qatıldı. Hətta döyüş meydanında yaralanan gənclərimiz hospitaldan sonra yenidən müharibəyə qayıtmağa təkid edirdilər. 

Qəhrəman əsgərlərimiz yüngül silahlarla qayalara dırmaşaraq ağır silahlarla silahlanmış düşməni məğlub etdi. Ordumuzun qəhrəmanlığı, döyüş taktikası dünya hərb tarixində misli görünməmiş bir ilk idi. Ona görə də bu gün dünyanın güclü hərbisi olan ölkələr də Şuşaya getdiyimiz yolumuzu araşdırır və özlərinin hərb məktəblərində tədris edirlər. 

Bu gün isə Şuşa azaddır. Təkcə Şuşa yox, Xankəndi də azaddır. 

Bütün ərazilərimizdə suverenlik təmin olunub. 44 günlük Vətən müharibəsi dövründə əsgərimizin yolsuz getdiyi yerlərdən indi Zəfər yolu çəkilib. Şuşaya beynəlxalq səviyyəli magistrallarla bu gün rahat getmək olur. Yeni hava limanları ilə rahat şəkildə azad olunmuş ərazilərə səfərlər etmək olur. 

Bu gün xalqımız 30 illik məcburi köçkünlük həyatını arxada qoyaraq yenidən qurulmuş şəhər və kəndlərinə qayıdırlar. Bu şanlı səhifəmizə görə ilk növbədə Prezident İlham Əliyevə, sonra da Ordumuza və xalqımıza borcluyuq. Zəfərimiz mübarək Azərbaycan!"

Избранный
9
cebheinfo.az

1Источники