RU

Rumıniya mətbuatı Azərbaycan qazını Avropaya daşıyacaq layihədən yazıb

Rumıniyanın qabaqcıl mətbuat orqanları, o cümlədən “Puterea.ro”, Rumıniya Ticarət və Sənayə palatasının rəsmi internet səhifəsi “Newsweek.ro”, “Agerpres” milli xəbər agentliyi, “Evenimentul Zilei” qəzeti və digərləri Rumıniya Ticarət və Sənaye Palatasının (CCIR) prezidenti Mihai Daraban ilə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov arasında keçirilən görüşdə Azərbaycan-Rumıniya enerji əlaqələrinin daha da inkişaf etdirilməsi və AGRİ layihəsinin yenidən canlandırılması müzakirə edilməsi barədə geniş məlumat yayıblar.

AZƏRTAC xəbər verir ki, məqalədə 2010-cu ildə başlamış AGRİ (Azərbaycan–Gürcüstan–Rumıniya İnterkonnektoru) layihəsinin Xəzər regionundan Rumıniyaya təbii qazının (LNG) daşınmasını hədəfləyən strateji bir təşəbbüs olaraq diqqətə alındığı bildirilir.

Təhlükəsizlik və enerji təchizatı sahəsində Avropada baş verən yeni çağırışlar fonunda bu layihə artıq daha çox diqqət cəlb edir və Avropanın enerji təhlükəsizliyinin mühüm tərkib hissəsi olmağı gözlənilir. Mihai Daraban AGRİ layihəsinin Avropanın enerji müstəqilliyini artırmaq və yeni enerji təchizatçıları ilə əməkdaşlığı gücləndirmək baxımından əhəmiyyətli olduğunu vurğulayıb. O, həmçinin, Rumıniyanın Avropa Komissiyası və digər tərəfdaşlarla birgə layihənin həyata keçirilməsi istiqamətində dəstək verəcəyini qeyd edib.

Rumıniya mətbuatı bildirir ki, səfir Qüdsi Osmanov isə Azərbaycan və Rumıniya arasında mövcud əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirərək, Rumıniya tərəfini Azərbaycana rəsmi səfər etməyə dəvət edib.

Qeyd olunub ki, layihə çərçivəsində Xəzər regionundan Azərbaycan qazının Gürcüstan və Mavi Dəniz üzərindən Rumıniya, xüsusən Konstansa limanına nəql edilməsi planlaşdırılır. Bu layihə 4,5 milyard avro dəyərində qiymətləndirilən və Avropanın enerji təchizatını şaxələndirmək məqsədini daşıyan mühüm bir addım olaraq nəzərdən keçirilir. Rumıniya artıq bu layihəyə dəstək vermək üçün LNG terminalının inşası və enerji mənbələrinin şaxələndirilməsi üzrə ciddi addımlar atmağa hazırdır. Bu, həmçinin Rumıniyanı regionda enerji mərkəzinə çevirmək istiqamətində əhəmiyyətli bir addım olacaq.

Diqqətə çatdırılıb ki, Rumıniya energetika naziri Sebastian Burduja Azərbaycana səfəri zamanı LNG terminalı və digər strateji layihələr üzərində də danışıqlar aparıb. Bu layihələr Avropanın enerji təhlükəsizliyini gücləndirmək və yeni, ucuz enerji mənbələri ilə təmin etmək üçün mühüm potensiala malikdir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Избранный
56
1
xalqqazeti.az

2Источники