Xatırladaq ki, cari il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə "Qarabağ Bəyannaməsi" imzalanıb. Bu mühüm sənəd də türk birliyinin daha da möhkəmləndirilməsi, TDT-nin beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Cari ilin sentyabrında Latın qrafikalı, 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının qəbul edilməsi türk xalqlarının linqvistik mirasını qorumaqla yanaşı, onlar arasında qarşılıqlı anlaşmanı, eləcə də əməkdaşlığı daha da inkişaf etdirəcəkdir. Həmin ortaq əlifbanın qəbulu türk xalqları arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın daha da inkişafına töhfə vermək məqsədi daşıyır. Qəbul edilən əlifba ilə türk xalqları elmdən iqtisadiyyata, siyasətdən humanitariyaya qədər bir çox sahələrdə daha da yaxınlaşacaq, onların birlikdə hərəkət etmək qabiliyyəti artacaq.
Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü isə "Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik" şüarı altında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilib. Təşkilata üzv ölkələr yenidən bir araya gələrək, sonuncu Zirvə görüşündən keçən dövr ərzində görülmüş işlər və əldə olunmuş nailiyyətləri qiymətləndirərək, təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Zirvə görüşündə TDT-də müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak ediblər. Tədbirdə dövlət başçıları tərəfindən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşündə Bişkek Bəyannaməsi qəbul edilib.
Zirvə görüşünün sonunda TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçib. Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvə görüşünün yekunları üzrə bir sıra sənədlər imzalanıb. Sözügedən sənədlər sırasına "Yaşıl baxış. Dayanıqlı gələcək naminə birliyin qəbulu" qərarı, Bişkek şəhərinin 2025-ci il türk dünyasının rəqəmsal paytaxtı elan edilməsi, TDT-nin daimi nümayəndələri haqqında əsasnamə, Türk Dünyası Xartiyasının qəbulu haqqında qərar, türk əməkdaşlıq təşkilatlarının bayraqları haqqında qərar daxildir. Siyasi ekspertlərin qənaətinə görə, Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq. TDT-nın qarşısına qoyduğu hədəflər, fəaliyyət dairəsinin çoxqütblülüyü deməyə əsas verir ki, qurumun dünya miqyasında yeni güc mərkəzinə çevriləcəyi şübhə qoğurmur. Konkret məram, möhkəm təməl, üzv dövlətlərin əməkdaşlıq səviyyəsi əmin edir ki, bu birlik digər beynəlxlaq təsisatlar kimi şəxsi maraqların deyil, Türk dünyasının ümumi maraqlarının müdafiəçisinə çevriləcək. Nəzərə almaq lazımdır ki, TDT-nın üzvləri sırasında NATO ölkəsi olan Türkiyə və Avropa ilə Asiyanı birləşdirən Azərbaycan kimi dövlətlər var.
Alim