Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatınd
Başa vurduğumuz həftə dünyanın gözü okeanın o biri tayına – Amerika Birləşmiş Ştatlarına yönəlmişdi. Amerikalılar öz seçimini etdilər – respublikaçılar hakimiyyətin bütün qanadlarına sahib çıxmaq yönümündə ciddi addım atdılar və Donald Tramp yenidən Ağ Evə qayıtmaq imkanı əldə etdi. Bəs Trampın 2025-ci ilin yanvarında hakimiyyət kürsüsündə oturması neft bazarına necə təsir edəcək?
Qlobal bazarlarda durum
Onu deyim ki, Donald Trampın artıq qələbə xəbəri yayılar-yayılmaz bu özünü neft bazarında göstərdi. “Qara qızıl” noyabrın 6-da ən ucuz partiyası 73,34 dollara satıldı. Sonrakı gün neft itirilmiş mövqelərini bir qədər bərpa etsə də, artıq okeanın o tərəfindən gələn sədalara daha həssas davranışını müşahidə edirik. Niyə? Çünki Tramp ekoloji məsələlərə budəfəki seçki kampaniyasında qarşı olmasını büruzə verməsə də, amma 2050-ci ildəki hədəflərə çatmaq üçün indinin özündə lazımi enerjiyə sahib çıxmağın tərəfdarı kimi çıxış edir və daha çox quyu qazmaq hesabına enerjinin “əlçatanlığının” mümkünlüyünü ortaya qoyurdu.
Amma bu o demək deyil ki, Trampın hakimiyyətə qayıdışı təqribən üç ildir davam edən Rusiya-Ukrayna müharibəsini dayandırmaq istəyi ilə bir çoxlarının zənn etdiyi kimi neft də 50 dollara qədər ucuzlaşacaq. Düzdür, Avropa qitəsindəki müharibənin dayanması ilə bazardakı qeyri-stabillik riskləri xeyli azalmış olacaq, amma tam aradan qalxmayacaq. Çünki Trampın birmənalı olaraq İsraili dəstəkləməsi və İrana qarşı yeni sanksiyaları gündəmə gətirməsi neft bazarında yeni riskləri ortaya qoya bilər.
Bazarı silkələyəcək başqa bir gözlənti isə Trampın Çindən idxal ediləcək mallara 60%-lik idxal vergisi tətbiq etmək fikrindən qidalanır. Belə bir məsələ gerçəkləşsə, təbii ki, Çinin Birləşmiş Ştatlara ixracı azala bilər. Onda belə hal Çində sənaye məhsulları istehsalının azalmasına gətirib çıxara bilər ki, bu da öz növbəsində enerjiyə tələbatı azaldan amil kimi neft qiymətlərini aşağı çəkər.
Göründüyü kimi, enerji bazarları üzrə vəziyyət hələ stabillikdən çox uzaqdır və hansısa proqnozlar vermək çətin və mürəkkəbdir, çünki gözlənilməz qərarların nə zamanını, nə də fəsadlarının aradan qaldırılmasını proqnoz etmək faktiki müşkül bir işdir.
Əbu-Dabidən qəribə sədalar
Azərbaycan Dövlət Neft Şirkəti noyabrın 4-7-də Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq neft sərgisində və konfransında iştirak edib. Şirkətimizin bu tədbirə qatılması təkcə onun bu ilin mayında ilk dəfə olaraq Azərbaycan sərhədlərindən kənarda yerli ADNOC şirkətindən 3%-lik pay alaraq neft hasilatı layihəsinə qoşulması ilə əlaqədar deyildi. Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransı-ADIPEC 2024”də SOCAR-la əməkdaşlıq etmək istəyən şirkətlər də az olmayıb, çünki onların nəzərində Xəzərin “enerji-nəqliyyat” qapısı kimi məhz Azərbaycan durur.
Bu konfransında əsas mövzu iqtisadi transformasiyanın sürətləndirilməsində enerjinin rolunun araşdırılması ilə yanaşı, həm də qlobal enerji bazarlarının gələcəyi ilə bağlı adlı-sanlı şirkətlər və təşkilatların müzakirələri yer alıb.
Mənim diqqətimi iki çıxış xüsusilə çəkdi. Bunlardan biri BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, eyni zamanda ADNOC neft şirkətinin rəhbəri Əhməd əl-Cabirin çıxışı idi.
ADNOC rəhbəri konfrans iştirakçılarının diqqətini belə bir məsələyə çəkdi ki, artıq iqtisadiyyatın hara yönəlməsi aydındır: rəqəmsallaşdırma, süni intellektin iqtisadi həllər zamanı daha geniş tətbiqi və elektrik avadanlıqlarının get-gedə daha çoxalması. Onun sözlərinə görə, aparılan tədqiqatlar onu göstərir ki, “GPT chat” sorğusu cavablandırılarkən “Google” axtarışından 10 dəfəyədək çox enerji tələb edir. Bu baxımdan dünyada enerjiyə tələbat “GPT chat” istifadəsinin genişlənməsi səbəbindən orta perspektivdə ikiqat artacaq.
Demək, süni intellekt bir tərəfdən enerji sistemlərinin transformasiyasını və aşağı karbonlu inkişafı sürətləndirmək potensialına malik olduğu halda, digər tərəfdən isə özü enerjiyə tələbatı artırmağa başlayır. Bunun səbəbi isə məlumatların toplandığı data mərkəzlərində informasiyanın emalı zamanı böyük enerji istehlakına ehtiyacdan doğur. Daha sonra ADNOC prezidenti bu kimi məsələlərin həlli üçün dünya elektrik enerjisi sektoruna ildə ən azı 1,5 trilyon dollar investisiya qoyulmasının vacibliyini vurğulayıb.
Neft erası hələ bitməyib
Konfransda çıxış edən Böyük Britaniyanın Shell şirkətinin rəhbəri Vael Savan isə “neftə tələbatın 2030-cu ilə qədər zirvəyə çatacağı ilə səsləndirilən proqnozlara şübhə eddiyini” bəyan edib. O, qeyd edib ki, hazırda neftə tələbat hələ də artır və bu il gündəlik artım 0,8-1 milyon barrel təşkil edəcək. Bununla yanaşı, Shell rəhbəri etiraf edib ki, bəzi bazarlarda neftə tələbatın zirvəyə çatması mümkündür. Xüsusilə, elektromobillərin tətbiqinin sürətlənməsi üzrə böyük uğurlar qazanan Çini izləməyin maraqlı olacağını da deyib.
Qeyd edək ki, BP şirkəti son hesabatında dünya üzrə neft istehlakının zirvəyə çatmasının 2025-ci ildə olacağını proqnozlaşdırıb. OPEC isə bu proqnozla razılaşmayıb və yaxın 10 ildə bunun baş verməyəcəyinə ümid etdiyini bildirib.
BP-nin Azərbaycandakı hesabatı
Bu həftə enerji bazarımızda diqqətçəkən bir hadisə isə BP şirkətinin Azərbaycandakı layihələri üzrə III rübün nəticələrini açıqlaması oldu. Və həmin hesabatdakı məlumatları təhlil edərkən bir neçə pozitiv məqamı aşkarladım. Demək, bu ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” dəniz yataqlar blokunda gündəlik hasilat orta hesabla 339 min barel təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə hasilat 7,9% azalıb. Bunun özü artıq müsbət haldır, o baxımdan ki, bp və tərəfdaşları hasilatın azalma templərini aşağı salmağa nail olublar.
Əgər 2023-cü ilin yekunları üzrə azalma tempi 12,6% idisə, özü də bundan əvvəlki illə hasilat tempinin azalmasının sürətləndiyini müşahidə edirik, amma cari ilin I yarısında azalma templəri 10,4%-ə, və nəhayət III rübdə 7,88%-dək yavaşlayıb.
Amma diqqətli oxucların bir fakt da yadındadır ki, cari ilin aprelində “Azəri Mərkəzi Şərqi” adlı platforma istismara verilmişdi və burada hasilatın artımı sonrakı dövrlərdə azalma templərinə təsirsiz ötüşməyib.
Belə ki, bp hesabatından aydın olur ki, əgər 2024-cü ilin ilk rübündə AÇG üzrə orta gündəlik neft hasilat həcmləri 339 min barel təşkil edirdisə, sonrakı rüb 3 min barel azalıb və III rübdə platformada daha bir quyunun istismara verilməsi ilə hasilat artımı ilk rübdəki göstərici ilə eyniləşib. Daha doğrusu, III rübdə BP və tərəfdaşları nəhayət ki, hasilatı stabilləşdirməyə nail olublar.
Platformada hazırda iki quyudan gündə təxminən 19 min barel neft hasil olunur. Bu ilin sonuna kimi daha bir hasilat quyusunun istismara verilməsi də planlaşdırılır ki, bununla da hasilatın tədricən artaraq ilin sonuna gündə 24 min barelədək çatacağı gözlənilir.
AÇG qazının yerli bazarda payı
BP-nin hesabatında təbii ki, biz qaz məsələsinə diqqət yetirməyə bilməzdik. Əvvəla AÇG-dən Azərbaycan tərəfinə verilən səmt qazı həcmlərinə, yəni neftlə birgə çıxan qaza baxaq. 3 rüb ərzində 1 milyard 781 milyon kubmetr səmt qaz təhvil verilib ki, bu da gündəlik olaraq ortalama 6,5 milyon kubmetr təşkil edir. Bu çoxdur ya az? Əgər SOCAR-ın statistikasından çıxış etsək, ötən ilin yekunları üzrə Azərbaycanın daxili bazarında gündəlik ortalama qaz istehlakı həcmi 36,8 milyon kubmetr təşkil edib. Yəni AÇG-dən alınan qaz Azərbaycanın daxili istehlakının 17,7%-nə bərabərdir. Və nəzərə alsaq ki, AÇG-dən indiyə qədər artıq 60 milyard kubmetrdən çox qaz almışıq və bunları da pul ödəmədən almışıq, onda ölkə iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu başa düşmək çətin deyil.
“Şahdəniz”in stabil qazı
İlin ilk doqquz ayında “Şahdəniz” yatağındakı Alfa və Bravo platformaları vasitəsi ilə ümumilikdə 20 milyard kubmetrdən çox təbii qaz və 26 milyon barel kondensat hasil edilib. Qaz hasilatının həcmləri ötən ilin müvafiq dövrü ilə müqayisədə cüzi artıb, kondensat hasilatı isə 1 mln barel azalıb. Amma buna görə narahatçılıq keçirməyə dəyməz.
Çünki hazırda “Şahdəniz” yatağı üzrə hasilat stabil olaraq illik 26 mlrd kubmetrdən artıq bir səviyyəyə çıxıb. Bundan əlavə yataqdakı qurğularının hasilat gücü hazırda gündə təxminən 80,7 milyon kubmetrdir, yəni onların vasitəsi ilə ildə 29,5 milyard kubmetr qazı platformalardan çıxararaq sualtı infrastrukturla Səngəçal terminalına nəql etmək və qaz qurudulduqdan, yəni emal edildikdən sonra həm Azərbaycandakı istehlakçılara, həm də xaricdəki alıcılara ötürülə bilər.
Və bu həftə “Şahdəniz” layihəsinin səhmdarı olan Macarıstanın “MVM Group” şirkəti Xəzərin ən iri qaz yatağında görüləcək işlərlə bağlı mediaya maraqlı bir açıqlama verib. Məlum olur ki, layihə iştirakçıları “Şahdəniz”in növbəti fazası üzrə tədqiqatları yekunlaşdırıblar. Onu qeyd edim ki, bp şirkəti ötən ilin sonunda “Şahdəniz” yatağının əvvəllər tədqiq edilməmiş sahəsində 7 min metr dərinlikdə bir kəşfiyyat quyusu qazmışdı. Həmin quyunun qazılmasında məqsəd yatağın yeni ehtiyatlarının işlənmə potensialını və məhsuldar layların konturlarının müəyyənləşdirilməsi idi. Görünür ki, əldə olunan informasiyanın emalı nəticəsində ümidverici məlumatlar təsdiqini tapıb və səhmdarlar yatağın növbəti fazası üzrə işləri planlaşdırıblar.
Onu deyim ki, “Şahdəniz-1” layihəsi üzrə işlər başlayarkən yataqdan 178 mlrd kubmetr qazın çıxarılması planlaşdırılırdı. Amma layihə üzrə işlənən layların məhsuldarlığı güman edildiyindən daha yaxşı nəticələr verdi və hazırda çıxarıla biləcək həcmlərin 250 mlrd kubmetr olmasına şübhə yoxdur. O cümlədən də “Şahdəniz-2” layihəsi üzrə ehtiyatların 400 milyard kubmetrdən az olmaması güman edilir. “Şahdəniz”in ümimi ehtiyatları isə konservativ qiymətləndirməyə əsasən, 1 trln kubmetrdir. Demək “Şahdəniz-3” üzrə 350 milyard kubmetrədək qazın çıxarılması həyata keçirilməlidir ki, yatağın bütün resurslarından istifadə edilsin.
Alternativ yanacaqlı tankerlər
Azərbaycan bir tərəfdən ənənəvi enerji və onun məhsullarından daha səmərəli istifadə etmək haqda düşünürsə, digər tərəfdən “yaşıl gündəliyi”ni də diqqətdə saxlayır. Bu dəfə Sizlərə külək və günəş enerjisi ilə bağlı deyil, alternativ yanacağın tətbiqindən danışmaq istəyirəm. Belə ki, 2030-cu ilə qədər Azərbaycanda metanolla işləyən 7 tankerin istismara verilməsi planlaşdırılır.
Qeyd edim ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC Beynəlxalq Dəniz Təşkilatı (IMO) tərəfindən qəbul edilmiş “Gəmilərdən İstixana Qazları Emissiyalarının Azaldılması Strategiyasına” uyğun olaraq, Fəaliyyət Planı hazırlayıb.
Plana uyğun olaraq dekarbonizasiya tədbirlərinin davamı olaraq aşağıdakı mərhələli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Birinci mərhələ 2024-2027-ci illəri əhatə edir. Bu mərhələdə 65 köhnəlmiş gəminin istismardan çıxarılması planlaşdırılır. Nəticədə, gəmilərindən istixana qazı emissiyalarının təxminən 25% azalacağı gözlənilir. 2028-2030-cu illəri əhatə edən ikinci mərhələ metanolla işləyən və tam elektriklə işləyən gəmilərin tikintisi və alınmasını, həmçinin mövcud gəmilərin modernləşdirilməsini nəzərdə tutur. Bu müddətdə 7 metanol tankerinin istismara verilməsinə baxılır.
Ümumilkdə isə, Azərbaycan gəmilərinin 2040-2050-ci illərdə alternativ yanacaqlara və sıfır emissiya texnologiyalarına tam keçid planlaşdırılır. Və bu təşəbbüsümüzə və planlarımıza görə biz yenə də Xəzərdə birinciyik.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта