RU

Xronika: "Azərbaycan ərazisində skiflərə aid 30, Qərbi Azərbaycanda 12 abidə tapılıb"

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Far.Az" xəbər verir ki, "Çar Skiflər Azərbaycanda 30-dan artıq abidə yaradıblar" adlı buraxılışda tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktor müavini Zaur Həsənov çar skiflərin Azərbaycandakı izindən söz açıb.

Onun sözlərinə görə, Azərbaycan ərazisində Skif Çarlığının silinməz izləri və böyük irsi var: "Çar Skiflər Azərbaycanda 30-dan artıq abidə yaradıblar. Skiflərə aid ən qədim döyüş silahları və alətləri Azərbaycanda tapılıb. Mingəçevir, Ağcabədi, Şəmkir və Şəkidə skiflərə aid ən qədim tapıntılar aşkar edilib. Kimmerlər, Skiflər, Hunlar Azərbaycan tarixinin ən parlaq səhifəsini təşkil edirlər. Skiflər və Hunlar Azərbaycan ərazisində yaşadığını bütün tarixi mənbələr sübut edir"

O deyib ki, Skiflərin qurduğu çarlıq İşquz adlanırdı və Azərbaycan ərazisində yerləşirdi: "Rusiya alimləri ermənilərlə birlikdə Skif tarixinin Azərbaycana aid olmadığı yalanını uydurdular. "Skif keramikası" deyilən anlayış yoxdur, rus-erməni tarixçilərinin uydurmasıdır. Mövcud olmayan Skif əmək alətləri anlayışını ortaya atıblar ki, Skiflərin tarixini Azərbaycana aid etməsinlər. Azərbaycan ərazisində Skiflərə aid 30, Qərbi Azərbaycanda 12 abidə tapılıb".

Z.Həsənov rus və erməni tədqiqatçılarının Skif yalanları ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Избранный
101
14
far.az

10Источники