RU

Emil Mustafayev Kiyev “Dinamo”suna qarşı 12 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2024/2025 mövsümünün 13-cü turu çərçivəsində baş tutan Kiyev “Dinamo”su ilə matçın iştirakçısı olub.

“Polesye” bu rəqiblə səfərdə qarşılaşıb. Emilin komandası meydanı məğlubiyyətlə tərk edib – 1:2.

Mustafayev bu görüşün 78-ci dəqiqəsində meydana buraxılıb. Emilin komandası təsəlli qolunu məhz o meydana çıxdıqdan sonra (87-ci dəqiqədə) vurub.

Qeyd edək ki, bu, “Polesye”nin 2024/2025-ci illər mövsümündəki ikinci məğlubiyyətidir. Sözügedən komanda ardıcıl iki turdur meydanı xalsız tərk edir.

Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 31 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.

Bu mövsüm keçirdiyi 12 oyuna 22 xal toplamış “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 4-cü yerdə qərarlaşıb. Emilin komandası 6 qələbə qazanıb, 4 heç-heçə edib və 2 məğlubiyyətlə üzləşib.

Избранный
3
1
arena.az

2Источники