Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ prezidenti Co Baydeni Rusiyanın dərinliklərində “Storm Shadow” raket zərbələrinə qoyulan qadağanı ləğv etməyə razı salmağa çalışırlar.
Azpost.info xəbər verir ki, bu barədə “Telegraph” Britaniya hökumətindəki mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, liderlər buna Baydenin Ağ Evin rəhbəri kimi səlahiyyət müddəti başa çatana qədər nail olmağa ümid edirlər.
London ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bu təşəbbüsü ABŞ üçün təhlükə kimi qəbul edə biləcəyindən ehtiyat edir. Qeyd edilir ki, belə bir qərar qəbul olunarsa, Trampın vəzifəyə gəldikdən sonra ona yenidən baxması çətin olacaq.
“Biz hər şeyi növbəti administrasiyaya qədər fasilədə qoymaq əvəzinə, yanvarın 20-nə (Trampın inauqurasiya tarixi) qədər olan vaxtdan səmərəli istifadə etməkdə çox maraqlıyıq”, – mənbə bildirib.
Azpost.info