RU

Şuşa savaşının son şəhidi

Qəhrəman mayor Fərid Ələkbərov düşməni Xankəndiyədək qovmuşdu...

Müqəddəs Vətən müharibəsi. 3 kəlmədən ibarət bu sözün anlamı qan-qadadır. Hər an yaralanmaq, həyatını itirmək adi gözləntidir. İstiyə-soyuğa, yağışa-qara baxmadan kürəyində silah-sursatla düzlərdə sürünmək, təpəlikləri aşmaq, meşələrdən keçmək, dərələrdən çıxmaq, yüksəkliklərə dırmaşmaq qələbəyə yetişməyin yeganə yoludur.

Bütün bunlarla yanaşı, snayper gülləsindən yayınmağı, mərmi partlayışından qorunmağı da bacarmalısan. İşdir, hücumun həlledici, döyüşün şıdırğı vaxtında yaralandınsa qanın axa-axa irəliləməlisən. Qəhrəmanlığın və şəhidliyin zirvəsinə yol isə, bax, savaşın bu məqamından yüksəlir. Vətən torpaqlarının 30 illik əsarətinə son qoymaq üçün ölüm-dirim döyüşünə çıxan igidlərimiz həyatları bahasına belə bir qan-qadalı yola çıxdılar. Onlar mübarək Zəfər məqamına çatmaq üçün qan tökdülər, can verdilər.

Müharibə və sonunda Qələbə itkisiz olmaz deyirik. İstəməzdik də olsun. Düşünürük: bir itki belə bizə çoxdur, kaş o da olmayaydı. Amma Vətən müharibəsində itirdiyimiz igidlərin sayı yüzləri keçib, minlərə çatdı.

Zəfərə imza atan Vətən sevdalı, həmin qorxubilməz igidlərdən biri də 2020-ci il sentyabrın 27-də Qarabağ savaşına atılan, döyüş yolu Murovdağdan başlayan mayor Fərid Ələkbərov idi. O Fərid ki, bu qarlı aşırımın keçilməz yüksəkliklərinin alınmasında fəal iştirak edib. Sonrakı günlərdə Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Xankəndi – Şuşa yolundakı dolaylarda gedən qanlı döyüşdə düşmənlə üz-üzə savaşıb. 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Meyiti bir neçə gün düşmənin atəş nöqtələri altında qalan qəhrəman zabit noyabrın 16-da II Şəhidlər xiyabanında canından artıq sevdiyi Ana torpaqda dəfn edilib.

Fərid Ələkbərov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. O, sağlığında III və II dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi" yubiley medallarına da layiq görülüb. 2022-ci ildən Bakının Yasamal rayonundakı küçələrdən biri Fərid Ələkbərovun adını daşıyır.

Kim idi Fərid?

4 il əvvəl noyabrın 9-da Azərbaycan Ordusunun qəhrəman döyüşçüləri Xankəndiyə girişdə dayanmışdılar. Mayor Fərid Ələkbərov da onların arasında idi. Bir gün əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər xiyabanından Şuşa müjdəsini vermiş, Azərbaycanın mədəniyyət paytaxtının 28 il 6 ay davam edən işğaldan azad edildiyini bildirmişdi.

Bu möhtəşəm xəbərin verdiyi şövqlə qəhrəman əsgərlərimiz yüz ildir terror yuvasına çevrilmiş Xankəndidəki terrorçu rejimin təslim olmasını gözləyirdilər. Şuşa əməliyyatının iştirakçılarından olan Fərid Ələkbərov da digər döyüşçü yoldaşları kimi, Xankəndiyə bayraq sancmaq eşqi ilə yaşayırdı. Amma namərd gülləsi onu həmin gün Xankəndinin girişində haqladı...

Niyə məhz hərbçi?..

Fərid Tahir oğlu Ələkbərov 1980-ci il iyulun 18-də Bakıda anadan olub.

Əslən Nardaran kəndindən olsalar da, şəhərdə – köhnə “Sovetski” adlanan ərazidə yaşayıblar. İlk təhsilinə Nəsimi rayonundakı M.Müşfiq adına 18 nömrəli məktəbdə başlayıb, Səbail rayonundakı 190 saylı orta məktəbdə davam edib. Məktəbdə oxuyarkən idmanla, xüsusilə, şahmatla maraqlanıb.

20 Yanvar faciəsi baş verəndə Fərid 10 yaşında idi. Amma hadisənin Bakının bütün ərazisində izi olduğundan bunları dərk edirdi. Televizorun qabağında oturub şəhidlərlə bağlı verilişləri izləyirdi.

Çox keçmədi ki, Fərid Şəhidlər xiyabanının daimi ziyarətçisinə çevrildi. Özü də ziyarətə əliboş yox, məktəbdə yeməyə nəsə almaq üçün ona valideynlərinin verdiyi pulu toplayıb həftədə 1, ya 2 dəfə qərənfil dəstəsi alıb gedirdi. Orada məktəbli İlqar və Larisanın məzarları önündə durur “sizin günahınız nə idi?” deyə öz-özünə cavabsız suallar verməkdən yorulmurdu. Hər dəfə Şəhidlər xiyabanından çıxanda erməniyə nifrəti bir az artırdı. İlqar və Larisanın məzarları önündə ermənilərdən onların qisasını alacağına and içmişdi.

Xocalı faciəsinin baş verməsi isə onun həyatında hərbçi olmaq arzusunu daha da gücləndirdi. Faciə zamanı qaçıb canlarını qurtaran, yurd- yuvalarını tərk edən xocalılılardan onların məktəbinə gələnlər də vardı. Gözlərində yaşadıqları dəhşətin vahiməsi qalan Xocalı uşaqlarının söylədikləri onun uşaq qəlbini sızlatmışdı. Qəti qərarla peşə istiqamətini müəyyənləşdirən Fərid 7-ci sinfi bitirdikdən sonra qardaş ölkədə hərb sənətinə yiyələnmək istəyini valideynlərinə bildirdi və fikrindən dönməyəcəyini dedi.

O, hərbçi olmağı seçəndə qarşıda onu gözləyən çətinliyi gözə almışdı. Fərid “Görünmədən görmək, ölmədən dönmək!” devizini seçmişdi. Onu güclü, qüvvətli və özünə inamlı edən döyüş və fiziki hazırlığı ilə yanaşı, işğalda olan torpaqlarımızın azad edilməsi, Qarabağ həsrəti idi. Ona görə öncə hərbçi həyatına təhsildən, hərbin əlifbasından başladı və beləcə onun ömrünün Türkiyə dönəmi başladı.

Qardaş ölkədə

16 yaşlı yeniyetmə uşaq o zaman üçün yad ölkə, hələ tam alışmadığı dil, yaşayış tərzi, yeməklər, tələbat – hər şey fərqli idi. Amma Fərid orada oxuduğu illər ərzində bu çətinliyi kimsəyə hiss etdirmədi. Fərid 1996-cı ildə İstanbul Kuleli Hərbi Liseyinə daxil oldu. 4 il dərslərinə, təlimlərə məsuliyyətlə yanaşdı, verilən tapşırıqları qüsursuz yerinə yetirdi. 2000-ci ildə təhsilini bitirəndən sonra liseydə mənimsədikləri onu qane etmədi, daha çox öyrənmək istəyirdi. Bu istəklə həmin ildə Hulusi Akarın rəhbərlik etdiyi Ankara Quru Qoşunları Hərb Məktəbinə (Hərb Akademiyasına) daxil olan Fərid 2004-cü ildə təhsilini başa vurdu.

Hərb sənətinə olan sevgisinin böyüklüyündən öyrəndikləri ona yenə az gəlirdi, daha çox oxumaq, daha ətraflı bilik əldə etmək, daha fərqli təlimlərdə iştirak etmək istəyirdi. Buna görə də yenə təhsilinə davam edir və bu dəfə İsparta şəhərindəki Dağ Komando Məktəbinə daxil olur. Burada dağ şəraitindəki çətin təlimlərdən bacarıqla keçir və məktəbi müvəffəqiyyətlə bitirir. Fərid hərbə aid, əhatəsindəki hər növ istiqamətə aid təlimlərdə özünü sınayır. 2005-ci ildə Polatlı Topçu Məktəbində də təhsil alıb hərbin daha çox sahələrini incəliklərinə qədər öyrənir və bu məktəbi fərqlənmə diplomu ilə başa vurur.

Vətənə dönüş

Azərbaycan Ordusunda zabit kimi xidmətə başlayana qədər o, H.Əliyev adına Azərbaycan Hərbi Məktəbində gənc zabitlərə artileriyanın sirlərini öyrədir. Onun əməyi nəticəsində sonralar Vətən müharibəsində yüzlərlə zabitimiz döyüş meydanında qəhrəmanlıq göstərir. Məktəbin girişində qoyulmuş şəkli, sanki, tələbələrə bir qəhrəmanlıq nümunəsidir. Fərid bilirdi ki, gün gələcək, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə qalxan silah yoldaşlarına yolgöstərən olacaq.

“Təlimə gedirəm, nigaran qalmayın”

2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin sərhədboyu istiqamətlərdə törətdikləri ardıcıl təxribatlara qarşı ordumuzun əks-hücum əməliyyatları başlayanda Fərid “Qurani-Kərimi”, Azərbaycan və Türkiyə bayraqlarını götürüb bükür, ürəyinin üstünə qoyur. Evdəkilərə təlimə getdiyini deyir və müharibəyə yola düşür. Öncə Gəncədə yaradılan könüllü dəstəyə günlərlə təlim keçir, minaatanların döyüş qaydalarını öyrədir. Türkiyədə aldığı təhsil onun köməyinə çatır. Füzuliyə gələrək təlimləri dağ-çöl şəraitində davam etdirir.

42 gün Murov silsiləsindəki yüksəkliklərin, Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda düşmənə qarşı qəhrəmancasına döyüşür. Noyabrın 7-də sonuncu dəfə anası ilə danışır. Deyir: “Şad xəbər olasan, ana. Şuşanı götürmüşük. Tez-tez zəng edə bilməyəcəyəm. İmkan olmaya bilər. Dağlıq ərazidir, şəbəkə tutmaya bilər, sən narahat olma”.

Bu da son döyüş...

2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin azad edildiyini elan edir. Bu tarixi qələbə ilə barışmayan ermənilər Şuşaya yenidən hücum etmək istəyirlər. Fərid döyüşçüləri ilə həmin təxribatın qarşısını alır. Düşmən minaatanlarla taboru atəşə tutur. Fərid ayağından qəlpə yarası alır. Kəmərlə ayağını sıxaraq döyüşə davam edir ki, əsgərlər yaralandığını bilməsinlər. Mövqeyi təhlükəli olsa da sona qədər döyüşür. Qorxuya düşən düşmən Xankəndidə həyəcan siqnalı verir. Düşmən geri oturdulur. Lakin Fərid bu dəfə ona tuşlanan mərmidən yayına bilmir və ayın 9-da şəhadətə yüksəlir.

Acı xatirələrin təsəllisi

Aydın Osmanov, polkovnik-leytenant:

– Fərid haqqında nə desək, az olar. Onu tanıyanlar, yaxın dostları, iş yoldaşları necə gözəl insan olmasından, döyüş yoldaşları necə bacarıqlı komandir, humanist olduğundan ürəklə söz açırlar. Şəxsi heyətin qayğısına qalan insan olduğundan ağızdolusu danışırlar.

Fərid Əliyev, polkovnik-leytenant:

– Onun şəxsi intizamı, davranışı, savadı özünü o qədər mükəmməl şəkildə biruzə verirdi ki, onunla ünsiyyət qurmaq, yoldaşlıq etməmək qeyri-mümkün idi. Ümumi gərginliyimizi atmaq üçün onun dərslərinə girib dinləyirdik. Fəridin kursantlara münasibəti, dərsi maraqla izah etməyi, verilən hər sualı ətraflı başa salmağı, səbri, təmkini hamımızı valeh edirdi.

Sezən Kılıc, Kuleli Hərb liseyinin müəllimi:

– Fəridi yaxşı xatırlayıram. Çox sakit, təmkinli idi. Yalnız sual verəndə cavab verərdi. Diqqəti yalnız müəllimdə olardı. Türkcə dərsində olduqca bacarıqlı idi. Sinifdə səsi çıxmamasına, çox fəal olmamasına baxmayaraq, imtahanlarda heyrət doğuracaq qədər yüksək nəticə göstərirdi. Bütün tapşırıqlarını vaxtında və qüsursuz yerinə yetirirdi. Azərbaycanlı olmağın qürurunu daşıyan vətənpərvər bir tələbə idi.

Mikayıl Məmmədov, tələbə yoldaşı, polkovnik -leytenant:

– Biz oxuyan vaxt sonralar Türkiyənin Müdafiə naziri olmuş Hülusi Akar məktəbimizin rəisi idi. Onun rəhbərliyi altında təhsil alırdıq. Həmişə hər hansı çətinliyimizin olması ilə maraqlanırdı. Yadımdadır, Hülusi bəy bir dəfə də belə sualla Azərbaycandan olan uşaqlara müraciət edəndə Fərid dedi ki, bizim nə çətinliyimiz ola bilər? Bizim bir çətin işimiz var, o da Qarabağı işğaldan azad etməkdir. Aramızdakı zabitlərdən, kursantlardan Fəridin belə cavab verməyi məktəb rəisinin də çox xoşuna gəldi. Azərbaycanlı kursantlardan məhz belə bir cavab gözlədiyini bildirdi.

Elxan İmranov, döyüş yoldaşı:

– Döyüşlərin birində Fərid yaralandı. Yoldaşlarımız nə qədər onun irəli getməsinə mane olmağa çalışsalar da o, razılaşmadı. Həkimlər Fəridin təxliyəsinin vacibliyini bildirdilər. Döyüş meydanını tərk etməli olduğunu dedilər. Ondan ötrü Vətən sevgisi hər şeydən üstün idi. Razılaşmadı, ayağını sıxıcı kəmərlə bağlayaraq şəxsi heyətini döyüş meydanında tək buraxmadı. Dedi ki, mən batareya komandiriyəm. Şəxsi heyətimi tək buraxa bilmərəm. Mən onların önündə getməliyəm.

Qardaşı, Rüfət Ələkbərov:

– Fərid uşaqlıqdan çox çevik və qorxmaz idi. Həmişə güclülərlə mübarizə etməyi xoşlayırdı. Zəiflərin yanında olmağı, onlara dəstək olmağı sevərdi. O, qardaşım, həm də dostum olub. Həmişə bir-birimizə arxa olmuşduq. Məktəbdə oxuyanda dərslərinə çox yaxşı hazırlaşırdı. Əsasən, tarixlə, tarixi şəxsiyyətlərlə maraqlanırdı. Onlar haqqında məlumatlar toplayırdı.

Bütün dərdimiz, sərimiz bir idi. Qardaşdan çox dost idik. Sənətinə o qədər bağlı idi ki, müharibə başlamazdan öncə nəsə soruşanda sözü başqa səmtə dəyişərdi. Dost-tanış tezliklə müharibə başlayacağından danışırdılar. Biz də düşünürdük ki, hərbçidir, bu daha dəqiqini bilər. Amma o, özünü elə aparırdı ki, elə bil bu barədə heç eşitməyib.

Artıq onun doğum günlərini məzarı başında keçiririk. Fərid və yoldaşları özlərindən sonrakı nəslə yük qoymadılar. Ən ağrılı iş olan Qarabağın azadlığını təmin etdilər. Xalqın üzü güldü. İşğaldan azad edilən torpaqlarımızda indi həyat canlanıb. Fəxr edirəm ki, bu canlanmanın yaranmasında Fəridin də rolu olub.

Anası, Şükufə Hüseynova:

– Deyirlər ki, şəhidlik qürur doğurur... Hər halda düz deyirlər. Amma, gəl, sən onu balası şəhid olandan soruş. Gör, ana bu qüruru hansı acıların içində yaşayır...

18 iyul 1982-ci il həyatımda ən xoşbəxt günüm idi. Əkiz oğullarım dünyaya gəlmişdi. Fəridin çəkisi Rüfətdən 200 qram az idi, Rüfət bir az ondan hündür idi. Böyüdükcə görürdüm ki, xarakterləri də fərqlidir. Fərid təmkinli, sakit, səliqəli, romantik, hər şeyə diqqət edən idi.

Mən balamdan doymadım ki... 16 yaşında ana qucağından ayrı düşdü, kişilik məktəbini seçdi. Elə kişi kimi yaşadı, kişi kimi də haqq dünyasına köçdü. Türkiyəyə 16 yaşında uşaq gedən balam 26 yaşında əsil kişi görkəmində qayıtdı.

Türkiyədə təhsil alanda qış vaxtı yanına gedirdim. Burada ev yeməkləri bişirib hazır aparırdım. Oradakı uşaqların hamısı toplaşırdılar, yeyirdilər. Deyirdim, balamın ağzı dada gəlib. Üç gün qalıb gəlirdim, çox darıxırdım. 16 yaşlı uşaqdan ayrı qalmaq çox darıxdırıcı olsa da dözürdüm. Bilirdim ki, gəzməyə, alverə yox, məqsəd dalınca gedib. Evdə yemək yeyəndə atası deyirdi ki, biz burada yeyirik, mənə nuş olmur, nigaran qalıram ki, görəsən Fərid nə yeyir?

2013-cü ildə evləndi. 2016-cı il bizə həm kədər, həm sevinc yaşatdı. Həmin il atası Tahiri haqq dünyasına yola saldıq, həm də oğlu Tahiri qucağımıza aldıq. Fərid yaxşı ailə başçısı idi, yaxşı ata idi, çox diqqətcil olduğundan ailəsinə də çox yaxşı baxırdı. Evdə olanda səhər yeməyində süfrəni özü hazırlamağı sevərdi. Qabların eyni olmasına, təmizliyinə, süfrədə düzülüşünə qədər diqqət edərdi.

O, həmişə mənimlə görüşməyə mülki paltarda gələrdi. Amma sentyabrın 27-də gələndə hərbçi paltarında idi. Dedim, niyə belə geyinmisən? Müharibə olacağını bildirmədi, təlimlərin başladığını dedi və ayın 28-də doğmalarını – anasını, balasını geridə qoyaraq Vətən savaşına yola düşdü.

Noyabrın 7-də son dəfə səsini eşitdim. O səs hələ qulaqlarımdadır. Zəng etdi ki, biz Şuşaya gedirik. Almışıq Şuşanı, narahat olma. Zəng edə bilməsəm, demək ki, imkan yoxdur, nigaran qalma. Bununla da balamın həyatı Şuşada bitdi. Ömrünü hərbiyə, Vətən torpaqlarının işğaldan azadlığına həsr etdi.

4 ildir ki, Fərid balamın ətrini nəvəm Tahirdən alıram. Fərid oğlunun da mərd, qorxmaz böyüməsini istəyirdi. Nə qədər canım var, yaşayıram, onun yadigarı, 8 yaşlı Tahirin böyüyüb təhsil alması üçün çalışacağam.

Bu gün Fəridin necə bir qəhrəman oğul olmasını onu tanıyan hər kəs bilir. Şərəfli xidməti dövründə, onunla xidmət etmiş minlərlə zabit və əsgərdən kimsə Fəridin adını eşitdikdə, onun qorxmaz Vətən oğlu, təəssübkeş qardaş olmasından fəxrlə danışar. Deyirlər ki, döyüşlərə yüksək əhval-ruhiyyədə girməsi əsgərlərdə qələbə əzmini artırırdı, ölümdən heç vaxt qorxmurdu. Ona görə də komandir adını uca tutub Vətən uğrunda şərəfli ölümə üstünlük verdi.

Şübhəsiz ki, bu gün Fəridin də, digər şəhidlərimizin də ruhu şaddır. Çünki 4 il əvvəlki arzularını şanlı Azərbaycan Ordusu 2023-cü ilin 19–20 sentyabrında keçirilən anti-terror əməliyyatı zamanı gerçəkləşdirdi. Üçrəngli Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə hərbi parad qəbul edir. Haqqınız ödənməz, igidlər! Ruhun şad olsun, cənab mayor! Rahat yat, Vətənin dağ cüssəli qəhrəman oğlu! Əlini həmişə qəlbinin köksündə tutdun. O qəlb də Vətən torpaqlarının azadlığı üçün döyündü. Şuşada üçrəngli Azərbaycan bayrağını dalğalandıran o qəhrəman oğullar sənin döyüş yoldaşlarındır, anterror əməliyyatlarında iştirak edib düşməni yuvasında boğan hərbçilər sənin ruhundan güc alan igidlərdir.

Neçə-neçə yaralı əsgərinə həyat bəxş edən, döyüşçülərinə canını sipər edən Qəhrəman Fəridin nurlu çöhrəsi yaddaşlardan silinməyəcək, əbədiyyət günəşi tək daim parlayacaq. Çünki şəhid xatirəsi Vətən qədər müqəddəsdir, zaman qədər əbədidir!

Zərifə BƏŞİRQIZI
XQ

Избранный
60
xalqqazeti.az

1Источники