RU

Hərbi xərclərə 7,2, moda-əyləncəyə 14,2 trilyon, iqlimə isə 1 trilyon belə yox...

Bu rəqəmləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən 29-cu sessiyasında iştirak edən qadın siyasi eksopertlərdən biri açıqlayıb ki, dünyada bir il ərzində hərbi xərclərə 7,2 trilyon, moda və əyləncəyə 14,2 trilyon maliyyə xərclənir. COP 28-də isə iqlim dəyişmələri ilə mübarizə tədbirlərinə 1 trilyon maliyyənin torpanması təşəbbüsünə baxmayaraq həmin öhdəliyi üzərinə götürən dövlətlər tərəfindən bunun hələ 0,3 faizi də toplanmayıb.

Göründüyü kimi, bəşəriyyətin ən şüurlu canlısı olan biz insanlar yaşadığımız planetdə sağlamlığımızın qeydinə qalmaqdan, ətraf mühiti qorumaqdan dəfələrlə çox müharibə ocaqlarının yaranmasına, onun iqlim dəyişmələrində başlıca rol oynamasına necə böyük məbləğdə pul vəsaiti ayırırıq.

Moda və əyləncəyə ayrılan trilyonlarla maliyyə vəsaiti bizə nə verə bilər? Bax bunu yetərli qədər düşünmədiyimiz üçün dünyada ona bir il ərzində 14, 2 trilliyon vəsait xərclənir.

Lakin meşə yanğınları, karbon emissiyalarının hər gün artması, qlobal istiləşmə prosesinin gündən-günə təhlükəli olması, okean, dəniz, çay və göllərə axıtdığımız zərərli maddələrin su hövzələrində yaşayan canlıları məhv etməsi, yağışın nizamsız yağması, günəşin daha çox isti verməsi, fırtına, sunamilərin yaranması ən şüurlu varlıq olan insanın müharibələrdən və moda-əyləncədən sonra yadına düşür.

Deməli, biz özümüz iqlimə öz əlimizlə zərbələr endirir, lakin onun sağalması, müalicə olunmasında bədxərclik edirik.

Dünyada bir ildə 7,2 trilyon vəsait hərbi xərclərə ayrılır. Dövlətlərin özünü bu vəsaitlə qoruması məlumdur. Bunu qoyaq bir kənara. Bəs dünyadakı müharibələr, bu vəsait hesabına reallaşmırmı? İnsan övladı nə üçün müharibə edir, bunu düşünürükmü? Biz nə üçün torpaqlar, ərazilər uğrunda bir-birimizin necə deyərlər, ətini yeyir, qanını içirik? Nə üçün işğal etmək bəzi dünya ölkələrinin ən ümdə arzusudur? Başqasının torpağı hesabına ərazisini genişlətmək nəyə lazımdır? Hansısa bir ölkəni məğlub edib onun sərvətinə, coğrafiyasına sahib çıxmaq nəyi dəyişir? Milyonlarla insanın bu müharibələrdə məhvində kimlər maraqlıdır, kimlər günahkar? Bu insanların neçə faizini günahsız uşaqlar, taqətsiz qoca və ahıllar, qadın və kişilər təşkil edir, bu necə, kimlərisə narahat edirmi?

Boş, viranə, xaraba qalan ərazilər kiminsə evi, ocağı, sığınacağı, yaşayış yeridir. Onları bu insanların əlindən almaq kimi xoşbəxt edir? Milyonlarla insanın dünyada özünə yer tapa bilməməsi, günəşin altında, şaxtanın qarşısında həyatına davam etməsi kimlər üçün səadətdir? Ac-susuz, kanalizasiya suyu içən, həftələrlə şəxsi gigiyenasının qayğısına qala bilməyən insanların günahı nədir? Onlar nə üçün kimlərinsə milyonlarla qazancı üzərində öz bədbəxt həyatlarını yaşamalıdır? Su tapmamalı, qida ilə mübarizə aparmalı, ciyərlərinə zəhərli havanı çəkməlidir?

Biz nə üçün moda və əyləncəni bu qədər xoşlayırıq? Milli dəyərlərimizə zərbə vuran güclü silah olduğu üçünmü? Axı dünya dövlətlərinin hər birinin bir milli dəyəri, mentaliteti, əxlaq kodeksi və sair var. Moda və əyləncə nə üçün XXI əsrə xərçəng kimi sarılıb? Əyləncə nə üçün həyatımızın vazkeçilməz məqamına çevrilib? Nə üçün dünya insan sağlamlığından, təmiz havadan, bol oksigendən, suların təmizlənməsindən, yanğınların söndürülməsindən, uşaqların ac qarnını doyuzdurmaqdan, gözlərinin yaşını silməkdən, bir gün ərzində acından minlərlə uşaq ölümünün qarşısını almaqdan, vəhşi təbiətin hər gün bir qədər də məhvini görə-görə ona yardım etməkdən, dənizlərin, okeanların canlı aləminə kömək olmaqdan kəsib podyumlarda moda nümayişlərinə, sayı-hesabı olmayan əyləncə mərkəzlərinin sayının daha da artmasına pul səpələyir?

Sözsüz ki, hər hansı dövlətin qorunması üçün hərbi xərclər vacibdir. Əylənmək, istirahət etmək üçün əylənçə mərkəzləri də yaradılmalıdır. Lakin hərbi xərclərin dünyada bir il ərzində 7,2, moda və əyləncənin isə 14, 2 olması fonunda iqlim dəyişmələri ilə mübarizəyə 1 triliyon maliyyə xərci ayırmayan da insanlardır axı? Hansı ki, onun var olması üçün sonuncu özündən öndəki ikidən daha vacibdir.

Bu, bütün dünya insanlarının ən ümdə arzusu olar ki, Bakıda keçirilən 29-cu sessiyada əvvəlki 28 sessiyada iqlim dəyişmələri ilə mübarizə üçün 1 triliyon vəsaitin torpanması və özünü doğrultmayan təşəbbüs yenildən müzakirəyə gətiriləcək və burada elə bir qərar veriləcək ki, növbəti COP-da bunun iqlim dəyişmələri ilə mübarizəyə verdiyi uğurlarından danışılacaq. Çünki hərbi xərclərdən də, moda və əyləncədən də vacib iqlimdir. Sağlam iqlim sağlam insan deməkdir. Bu, yoxsa, hərbi xərclər nəyə gərəkdir, moda və əyləncə kim üçündür?..

Mətanət Məmmədova

Избранный
38
sesqazeti.az

1Источники