Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 671,1 milyon manatdan çox olub.
“Cebheinfo.az” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,4 % artaraq 3,1 milyard manatdan çox təşkil edib. Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,3 % artaraq 167 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,9 % artaraq 126,4 milyon manata çatıb.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,4 % artaraq 829,4 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,6 % artaraq 591,2 milyon manat olub.
Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ölkəmizdə işsizlərin sayı ötən ilə nisbətən azalıb:
“Muzdla çalışan işçilərin sayı rəsmi statistikaya görə elə də yüksək deyil. Lakin əməkhaqqı aşağı olduğundan və işəgötürənlər işçiləri kütləvi ixtisar etdiyindən, işsizlikdən sığorta almaq üçün müraciət edənlərin sayında xeyli artım görünür. Muzdla çalışan işçilər yeni iş axtarır, işəgötürənlər də hər zaman işçi axtarışında olurlar. İşçi qüvvəsi çox, iş yerləri azdır”.
Ekspert bildirib ki, işəgötürənlərə müəyyən güzəşt olarsa, rəsmi çalışan işçilərin sayında artım ola bilər:
“İşçi çalışdırmaq üçün dövlətə vergi verilməlidir. Əgər Bakıda işçi çalışdırılacaqsa, əməkhaqqının 14 faizi qədər vergi verilməlidir. Bura DSMF ödənişini də əlavə etsək, işəgötürən əmək müqaviləsi bağlamaqda maraqlı olmur. Lakin vergi güzəştləri olarsa, qeyri-rəsmi çalışan işçilərin də qeydiyyata alması sürətlənər. Bu da sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmalarını daha da artırar”.
O qeyd edib ki, rəsmi olaraq işsizlik 5 faiz olsa da, işsiz kimi qeydiyyatda olanlar azdır:
“Məsələn, pandemiya dövründə təxminən 2 milyona yaxın insan 190 manatlıq birdəfəlik yardımı almaq üçün müraciət etmişdi. Bu da onu göstərdi ki, işsizlərin sayı o dönəmlərdə daha çox idi.
Hazırda əmək qabiliyyəti olan insanların sayı təxminən 5 milyona yaxındır. Bu, 18-65 yaş arası hər kəsi əhatə edir. Onlardan 2 milyona yaxını rəsmi işləyir, qalan 3 milyonun da 50 faizi muzdla və əmək müqaviləsi olmadan çalışan işçilərdir. Onların da sayının azalmasını istəyiriksə, işəgötürənlərə güzəşt etmək lazımdır”.