RU

Bu Cavadov o Cavadov deyil – Çılğın diktator

Vaqif Cavadov – yaxın keçmişdə Azərbaycan millisinin aparıcı simalarından olmuş, Niderland, Rusiya, Türkiyə kimi ölkələrdə legioner həyatı yaşamış, Cavadovlar nəslinin layiqli davamçısı, 3 il əvvəl məşqçilik karyerasına başlayan şəxs.

“Araz-Naxçıvan” – “Sumqayıt” qarşılaşmasında diqqətimi çəkən adam idi. Əvvəlki 3 oyunda onu canlı şəkildə iş başında görmədiyimdən, Mərdəkandakı duel bu baxımdan əla fürsət idi.

Məhz onun gəlişindən sonra “kimyaçılar” “Turan Tovuz”a məğlub olmasına baxmayaraq, “Səbail”lə “Sabah”ı udmağı bacarmışdı. Son dəqiqələrdə buraxılan qol olmasaydı, “Sumqayıt” “Araz-Naxçıvan”dan 1 xal qoparacaqdı.

Yaşıl meydanlarda nisbətən sakit təbiətli futbolçu kimi tanıdığımız Cavadov məşqçi kimi tam fərqlidir. Adam 90 dəqiqə dayanmaq bilmir, texniki zonaboyu hərəkət edir, epizodlara emosional reaksiya verir.

Onun üçün səhvə yol verən, yaxud tapşırığı düzgün yerinə yetirməyən kəsin azərbaycanlı, yaxud legioner olması önəm daşımır. Bəzi mütəxəssislərdən fərqli, əcnəbilərə söz deməkdən ehtiyat etmir. Lazım olan anda səs tonunu qaldırmaqla diktator olduğunu göstərməyi yaxşı bacarır.

İlk 45 dəqiqədəki epizodların birinə verdiyi reaksiya isə tək bəndənizin yox, eşidənlərin və görənlərin diqqətini çəkdi. “Araz-Naxçıvan”ın futbolçuları ardıcıl bir neçə vəziyyətdə yerdə qalanda, Cavadov hər kəsin eşidəcəyi formada futbolçularına qışqırıb oyunu saxlamamağı və topu kənara vurmamağı tapşırdı.

Verdiyi göstərişdən sonra dodaqaltı sözləri ilə qərarının səbəbini gizlətmədi – oyunun tempinin düşməsini istəmirdi. Sərt oyunu futbolun bir parçası hesab edir.

Hakimlərin az qala hər qərarına kəskin reaksiya göstərməsi, “dördüncü”dən verilən qərarların səbəbinə izah istəməsi kənardan xoş görünməsə də, bunun özü də məşqçilərin əksərində gördüyümüz əlamətdir.

Sevindirici haldır ki, Premyer Liqada yeni nəsil məşqçilərin arasında Vaqif Cavadovun da adı var. İşinə bu cür yanaşmaqda davam etsə, mümkün qələbələr başını gicəlləndirməsə, yaxın gələcəkdə Azərbaycan futboluna böyük faydası olacaq.

Təbii ki, çalışdığı böyük məşqçilərdən öyrəndiklərini tətbiq etməklə.

HƏBİB

Избранный
57
1
sportinfo.az

2Источники