RU

Özbəkistan nümayəndə heyətinin üzvü: COP29-un məqsədi daha effektiv formatda dialoqa başlamaqdır

Bu gün dünyada bərpaolunan enerji mənbələrinin inkişafı, enerjiyə qənaət edən texnologiyaların tətbiqi üçün çoxlu səylər göstərilir, investisiyalar yatırılır. Bununla belə, atmosferə karbon emissiyalarının buraxılmasının azaldılması sahəsində əməkdaşlıq lazımi səviyyədə baş vermir. Maliyyə mexanizmləri bizim istədiyimiz qədər səmərəli və ya tez işləmir.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlaması zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edən Özbəkistan Xarici İşlər Nazirliyinin Xarici Siyasət Araşdırmaları Mərkəzinin direktoru Sancar Vəliyev deyib.

Özbəkistanın Azərbaycan tərəfinin təşkil etdiyi hazırkı iqlim konfransında fəal iştirak etdiyini qeyd edən mərkəzin direktoru belə bir kritik məqamda bu tədbirin mühüm rol oynadığını bildirib.

“COP29 bu dialoqu daha effektiv formatda başlatmaq və ölkələr arasında qarşılıqlı fəaliyyəti gücləndirmək məqsədi daşıyır. Əgər əvvəlki illərdə atmosferə atılan tullantıların azaldılması üçün əsasən, milyardlarla investisiyadan danışırdıqsa, bu gün ekspertlər artıq trilyonlarla dollara ehtiyac olduğunu deyirlər. Ona görə də bu məsələlərdə beynəlxalq birliyin konsolidasiyasına böyük ehtiyac var. Bakıda məhz belə bir platforma yaradılıb. Qlobal oyunçularla yanaşı, burada iqlim dəyişikliyi ilə mübarizə, ölkələrimizin uyğunlaşdırılması, iqtisadiyyatlarımızın yaşıl inkişaf texnologiyalarına keçidinin təmin edilməsi sahəsində əməkdaşlıqda maraqlı olan demək olar ki, bütün regional dövlətlərin olması çox vacibdir. Bu baxımdan burada yaradılan şərait problemlərin tam həllinə imkan verir. Hesab edirəm ki, burada çox mühüm müzakirələr aparılacaq və nəticədə iqlim problemlərinin həlli üçün daha iddialı planlar hazırlanacaq”, - deyə özbəkistanlı rəsmi bildirib.

Избранный
50
1
ikisahil.az

2Источники