RU

"Ukrayna Tramp üçün "Qələbə planı" hazırlayır" - "Financial Times"

"Tramp məğlub yox, qalib olmaq istəyirsə, Putinə öz yerini göstərməlidir..."
 
Ukrayna potensial biznes sövdələşmələri, resurslara çıxış və qoşunların yerləşdirilməsini təklif etməklə sövdələşmələrə praqmatik yanaşması ilə tanınan ABŞ-ın yeni seçilmiş prezidentinə təsir göstərmək üçün Donald Tramp administrasiyası üçün "Qələbə planı" hazırlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Məlumata görə, Kiyev qərara gəlib ki, Trampın müharibənin bitməsi üzrə öz planını gerçəkləşdirməsindən öncə Ukraynanın mövqeyini irəliyə aparmaq daha məqsədəuyğundur.
 
Tramp üçün "Qələbə planı"
 
Vladimir Zelenskinin Tramp üçün "Qələbə planı"nda iki ideya yer alıb, bunlar sentyabr ayında Nyu-Yorkda görüş zamanı Trampa təqdim olunub.
 
Bu ideyaların biri müharibənin bitməsindən sonra Amerikanın Avropadakı qoşunlarının Ukrayna qüvvələri ilə əvəzlənməsidir.
 
Trampa yaxınlığı ilə seçilən respublikaçı senator Lindsi Qrem tərəfindən işlənib hazırlanan ikinci ideya Ukraynanın mühüm təbii resurslarının Qərb tərəfdaşları ilə bölüşməsidir. 
 
Görüşdən məlumatı olan şəxsin deməsinə görə, bu iki ideya Trampın marağına səbəb olub.
 
Bundan başqa, Ukraynanın biznes liderləri hökumətlə Trampa "investisiyaların yoxlanılması" səlahiyyətlərinin verilməsi imkanını müzakirə edir, bu, ona Ukraynaya kimin investisiya qoya biləcəyinə nəzarət etməyı imkan verəcək.
 
"Öz ideyanı öncədən irəliyə aparmaq"
 
Zelenski qeyd edib ki, Trampın qələbəsindən sonra onunla gözəl telefon danışığı olub. Lakin Kiyev respublikaçının vəzifəsinin icrasına başlayanda ABŞ-ın hərbi yardımının dayandırıla biləcəyindən narahatdır.
 
Avropa məmurları isə Trampın rəhbərliyi altında aparılan danışıqların Avropanın gələcək təhlükəsizliyinə təsir edə biləcəyindən əndişələnir.
 
Ukrayna öncədən öz mövqeyinin irəli aparılması üçün bu təklifləri yayda formalaşdırmağa başlayıb. Ukrayna ümid edir ki, Tramp xüsusilə onun üçün işlənib hazırlanmış təkliflərlə razılaşacaq.
 
Ukrayna Ali Radası xarici işlər üzrə komitəsinin sədri Aleksandr Merejko belə yanaşmanı "Ukraynanın Qərb üçün yük olmadığını göstərmək məqsədilə atılan müdrik addım" adlandırıb.
 
"Tramp məğlub yox, qalib olmaq istəyir. Qalib olmaq üçün isə o, Putinə öz yerini göstərməlidir", - Merejko əlavə edib.
 
Rusiya "dialoqa hazırdır"
 
Putin Trampın dinc nizamlanma ilə bağlı ideyalarını yüksək qiymətləndirib və onunla vəzifəyə başlamazdan öncə danışıqlara hazır olduğunu bildirib.
 
Lakin Qərb məmurlarının sözlərinə görə, Rusiya, ehtimal ki, danışıqlara müharibədən öncə olduğu kimi maksimalist mövqedən başlayacaq.
 
Qərbin rəsmi şəxsləri hesab edir ki, bu dəfə Rusiya öz hərbi üstünlüyündən istifadə edərək əlavə güzəştlər əldə edə bilər.
Избранный
59
50
moderator.az

10Источники