RU

Qərbi Azərbaycan Xronikası: Ağcaqala, Ağcaqışlaq, Ağcaquş - türk tarixinin izi - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə “Baku TV”də “Ağcaqışlaq - əvvəllər "Getaşen", sonra "Getazat" adlandırılan məkan” adlı süjet hazırlanıb.

“Ölkə.az” xəbər verir ki, süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Ağcaqala, Ağcaqışlaq, Ağcaquş toponimləri haqqında söz açılır.

Bildirilir ki, insanlar Qərbi Azərbaycan ərazisində çox qədim zamanlardan məskunlaşaraq yaşayış məntəqələri, mədəni abidələr yaradıblar və bu məkanlar qədimliyi ilə yanaşı, həm də Azərbaycan dili və mədəniyyətinin daşıyıcıları hesab olunur.

Ağcaqala - Karpibasar mahalının Üçkilsə, sonralar Eçmiədzin adlandırılan rayonda kənd adıdır. Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşayıb. Buraya ermənilər 1828-1830-cu illərdə Türkiyədən köçürülüblər. 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunublar. 1978-ci il yanvarın 25-də kəndin adı dəyişdirilərək Tsaxqalanc qoyulub.

Ağcaqışlaq - Gərnibasar mahalının, Qəmərli, sonralar Artaşat adlandırılan rayonda kənd adıdır. Burada 1831-ci ildən yaşayan azərbaycanlılar 1918-ci ildə ermənilərin soyqırımına məruz qalaraq didərgin salınıb və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilib. 1920-ci ildə Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar doğma evlərinə dönüblər. 1948-1949-cu illərdə onlar yenidən Azərbaycana köçürülüblər. İndi burada ermənilər yaşayır. 1948-ci il iyunun 21-də kəndin adı dəyişdirilib Getaşen, 1967-ci il mayın 25-də yenidən dəyişdirilib Getazat qoyulub.

Ağcaquş - Göyçə mahalında eyni adlı gölün şərqində xaraba kənd adı olub.

Ağcqala - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonda qala adıdır və divarları indi də durur.

Sonda vurğulanır ki, erməni fitnəkarlığının qurbanı olan bu ərazilərdən də azərbaycanlılar zaman-zaman uzaqlaşdırılıb və adları erməniləşdirilib: “Təbii ki, bu uzaqlaşdırılma və erməniləşdirmə əbədi ola bilməz və Qərbi azərbaycanlılar doğma evlərinə qayıtmaq arzusu ilə yaşayırlar. Əminik ki, onlar qayıdacaq və dağıdılan, xaraba qoyulan məskənləri yenidən abad edəcəklər”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında “Baku TV-nin efirində və saat 21:30-da yutub kanalında yayımlanıb.

Избранный
101
3
olke.az

10Источники