RU

“Jirona” və MS darmadağın oldu, “Real” büdrədi - İCMAL

Çempionlar Liqasının 4-cü turunda da maraqlı nəticələr qeydə alındı.

Çərşənbə axşamı “Jirona” ilə “Mançester Siti”nin darmadağın olması, “Real”ın isə evdə uduzması diqqəti çəkdi. Çərşənbə günü “Aston Villa” və “Arsenal” ilk məğlubiyyətini aldı, “Bavariya” uğursuzluq zolağında çıxdı, “Brest” nağılı isə davam etdi. Daha bir maraqlı məqam odu ki, 18 oyundan heç biri qolsuz bitmədi.

PSV evdə “Jirona” üzərində böyükhesablı qələbə qazandı. Eyndhovenlilərin baş məşqçisi Peter Bos oyunöncəsi mətbuat konfransında şən futbol vəd etmişdi ki, sözünə də sadiq qaldı. Bu başqa məsələ ki, meydanda rəqabət mühiti yaşanmadı. Amma Maykl Oliver PSV-nin autdan sonra reallaşan erkən qolunu saymasaydı, kim bilir, oyun necə cərəyan edəcəkdi... Belə ki, Tillmanın topu oyuna daxil edərkən xətdən içəridə olduğu görünür. Ancaq bu məqam hesabı açan Flaminqonun əməyinə kölgə sala bilməz. 33-cü dəqiqədə elə həmin Tillmanın fərqi artırması qonaqların mübarizə əzmini qırdı. 2-ci hissənin əvvəlində PSV say üstünlüyü də qazandı. Son 20 dəqiqədə top daha üç dəfə ispanların qapısından keçdi. Saybarinin qolu hücumda fol üzündən sayılmadısa, Bakayoko qaydalar çərçivəsində fərqləndi, Kreyçi isə “qapıların yerini səhv saldı”.

“Qarabağ”ı ÇL-dən uzaqlaşdıran Zaqreb “Dinamo”su səfərdə “Slovan”ı darmadağın etdi. Hesabı meydan sahibləri açsa da, fasiləyə qonaqlar üstün yollandı. 2-ci hissədə isə Kulenoviç dubl etdi.

Düzünü desək, Madriddəki oyunun nəticəsi təəccüb doğurdu. Yəqin ki, heç kim “Real”ın evdə böhran yaşayan “Milan”a bu şəkildə uduzacağını gözləmirdi. Düzdü, madridlilər özləri də indi çətinlik çəkir. Onlar “Barselona” önündə darmadağın olandan sonra “Qızıl top”a da qatılmadılar, özlərini heç də yaxşı aparmadılar. “Milan” artıq 12-ci dəqiqədə künc zərbəsinin ardından hesabda irəli çıxdı. Hissənin ortalarında “Real” penalti sayəsində oyuna qayıtdı. Ancaq fasilə ərəfəsində “Milan” daha bir qol vurdu. 2-ci hissə madridlilərin ərazi üstünlüyü şəraitində keçsə də, oyunun axarını dəyişmək mümkün olmadı. “Milan” əks-hücum taktikasına üstünlük verdi ki, bu da qonaqlara uğur gətirdi. Reynders 73-cü dəqiqədə 3-cü qolu vurandan sonra oyunun taleyi həll olundu.

“Bayer-04” ötən mövsümdəki formasından çox uzaqdı. “Enfild”də keçirilən oyunda bu bir daha sübut olundu. İlk yarıda təhlükəli vəziyyətlərin sayı hədsiz az idi. Ancaq 2-ci hissə başlayan kimi “Liverpul” işə düşdü. Əvvəlcə Dias fərqləndi, ardından onun və Salahın iştirakı ilə qurulan kombinasiyanı Qakpo qolla tamamladı. 83-cü dəqiqədə dubl edən kolumbiyalı intriqanı öldürdü. Ancaq Dias bununla da kifayətlənmədi. Uzatma dəqiqələrində daha bir qol vurdu. Xabi Alonso vaxtilə futbolçu kimi şöhrət qazandığı şəhərdən çox pis təəssüratla ayrıldı. “Bayer-04”ün turnirin pley-off mərhələsinə adlaya bilməməsi tam realdı, Slotun komandası isə demək olar ki, yaza qalmağı təmin edib. “Liverpul” həm premyer-liqada, həm də ÇL-də zirvədə qərarlaşmaqla hazırda Avropanın ən sabit komandalarından biridi. “Aspirinlər” haqda isə bunu demək olar ki, cari mövsüm onlar üçün çox ağır keçir. Hətta bir titul qazanmaq belə hədsiz çətin görünür. Belə çıxır ki, onlar bütün gücünü ötən mövsüm sərf edib, ya da futboldan doyublar.
Çərşənbə axşamının ən sürpriz nəticəsi “Sportinq”in “Mançester Siti”ni darmadağın etməsidi. Foden 4-cü dəqiqədə hesabı açanda heç kim oyunun bu hesabla bitəcəyini düşünməzdi. Hətta qonaqların fərqi artırmaq imlanları da oldu. Holannın iki zərbəsindən sonra qapıçı ustalığını göstərdi, norveçlinin daha bir zərbəsini Dyökereş xətt üzərindən çıxardı. Məhz isveçli fasiləyə az qalmış Edersonun qapısına yol tapdı. 2-ci hissədə qonaqlar cəhənnəm əzabı yaşadı. Oyun canlanan kimi Arauxo “Sportinq”i irəli çıxardı. Cəmi iki dəqiqə spnra Trinkanın qazandığı penaltini Dyökereş qola çevirdi. 69-cu dəqiqədə isə artıq lissabonluların qapısına penalti təyin olundu. Holann topu tirə vurdu. Sona 10 dəqiqə qalmış almaniyalı Daniel Zibert 3-cü dəfə “nöqtə”ni göstərdi. Dyökereş yenə dəqiq zərbə vurmaqla yekun hesabı müəyyənləşdirdi. Ardıcıl 3-cü oyunda uduzan Qvardiolanın komandasının fiasko yaşadığını demək olar. Ruben Amorim isə “Sportinq”lə ən yaxşı şəkildə vidalaşdı.

“Yuventus”u qəbul edən “Lill” ilk dəqiqələrdən təşəbbüsü ələ aldı. Turinlilər isə pressinqi dəf etməyə, əks-hücum qurmağa çalışırdılar. Odu ki, Devidin 27-ci dəqiqədə hesabı açması heç kimi təəccübləndirmədi. 2-ci hissədə “Yuventus” daha çox hücum etdi. Ancaq “şimallı itlər”in qapısıçı Şevalye özünü ən yaxşı tərəfdən göstərdi. O, yalnız Vlahoviçin 60-cı dəqiqədəki penaltisi qarşısında aciz qaldı.

“Monako” hazırda Fransa çempionatında müəyyən eniş yaşasa da, ÇL-də işi yaxşı gedir. “Knyazlar” Bolonyada da qələbə qazandı. Hərçənd oyunun heç-heçəyə doğru getdiyini düşünmək olardı. ÇL-də qol və qələbə hesabını açmaqdan ötrü alışıb-yanan meydan sahibləri hücuma can atırdı. Daha doğrusu, komandalar hücuma hücumla cavab verirdi. “Bolonya” erkən qol vura bilərdi, sadəcə, Mirandanın zərbəsi “çərçivə”yə düşmədi. Sinqo 19-cu dəqiqədə topu qapıdan keçirsə də, Əliyar Ağayev qapıçının hücuma məruz qaldığını bildirib, qolu saymadı. Fasiləyə yaxın “Bolonya”nın qolu da ofsayd üzündən qeydə alınmadı. 2-ci hissədə sanki səhv etməkdən çəkinən rəqiblər tempi bir qədər aşağı saldı. Folların və fasilələrin də sayı artdı. Sona 4 dəqiqə qalmış “knyazlar” hesabı aça bildi. Qolovin künc zərbəsini yerinə yetirdi, Embolo Kererə ötürmə verdi, o da yaxın məsafədən dəqiq zərbə vurdu. Xalını 10-a çatdıran “Monako” hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Bolonya” isə hələ bir qol da vura bilməyib.

Dortmunddakı 1:7 hesablı darmadağından sonra “Seltik”i hesabdan silənlər tələsibmiş. Qlazqo klubu evdə yaxşı oyun göstərdi. Baxmayaraq ki, “Leyptsiq” bu şəhərə xal ümidi ilə təşrif buyurmuşdu. “Seltik” ilk yarını öndə bitirdi. Fasilədən sonra isə Hatate də fərqləndi. Bununla da qonaqların müqaviməti qırıldı.

“Borussiya” “Şturm”la oyunda çətin qələbə qazandı. Qonaqlar ilk yarıda intizamla müdafiə olundu. Amma fasilədən sonra almanlar hücumların kəsərini bir qədər də artırdı və belədə avstriyalılar çətinlik çəkməyə başladı. Sonda müdafiəçilərdən Ayvunun əsəbləri dözmədi, o, belə demək mümkünsü, “Borussiya”ya qələbəni bağışladı. Xalını 9-a çatdıran Nuri Şahinin komandası 4-cü pilləyə yüksəldi, “Şturm” isə ardıcıl 4-cü məğlubiyyətlə vəziyyətini bir qədər də çətinləşdirdi.

PSV – Jirona 4:0 (2:0)
PSV (Eyndhoven, Niderland): Benites, Karsdorp (Saybari, 71), Flaminqo, Boskalyi, Dams (Oppeqor, 71), Junior, Til (Babadi, 85), Tillman, Bakayoko, L.de Yonq (Pepi, 85), Lanq (Drioş, 63).
Jirona (İspaniya): Qassaniqa, Martines, Lopes, Kreyçi, Blind, Selvi (C.Qarsiya, 79), Errera (Romeo, 61), Van de Beek (Xuanpe, 60), Xil (Min-Su Kim, 79), Qutyerres, Miyovski (Stuani, 67).
Qollar: Flaminqo, 16 (1:0). Tillman, 33 (2:0). Bakayoko, 83 (3:0). Kreyçi, 88-öz qapısına (4:0).
Vərəqələr: L.de Yonq, 40. Martines, 40. Xil, 48. Karsdorp, 58. Dams, 60. Stuani, 90+1. Bakayoko, 90+1. Qassaniqa, 90+1 – sarı. Martines, 55 – qırmızı (ikinci sarı).
Hakim: Maykl Oliver (İngiltərə).
5 noyabr. Eyndhoven. 34400 tamaşaçı.

Slovan – Dinamo Z 1:4 (1:2)
Slovan (Bratislava, Slovakiya): Takaç, Blekmen, Kaşiya (Voytko, 79), Bayriç, Vut, İqnatenko, Savvidis (Mak, 71), Barseqyan (Qaydoş, 87), Toliç, Martselli (Metsoko, 72), Strelets (Mustafiç, 87).
Dinamo (Zaqreb, Xorvatiya): Zaqorats, Ristovski, Teofil-Katrin, Torrente, Oqivara (Pyer-Qabriel, 75), P.Suçiç (Kaçavenda, 87), Mişiç, Şpikiç (Bernauer, 75), Baturina (Ademi, 64), Pyatsa (Hoca, 87), Kulenoviç.
Qollar: Strelets, 5 (1:0). Şpikiç, 10 (1:1). P.Suçiç, 30 (1:2). Kulenoviç, 54 (1:3). Kulenoviç, 72 (1:4).
Vərəqələr: Kaşiya, 61. Pyatsa, 66. İqnatenko, 87. Kaçavenda, 90+1 – sarı.
Hakim: Entoni Teylor (İngiltərə).
5 noyabr. Bratislava. 22132 tamaşaçı.

Real – Milan 1:3 (1:2)
Real (Madrid, İspaniya): Lunin, Vaskes, Militao, Rüdiger, Mendi (F.Qarsiya, 74), Valverde (Kamavinqa, 46), Çuameni (Dias, 46), Modriç (Sebalyos, 63), Bellingem (Rodriqo, 74), Mbappe, Vinisius.
Milan (İtaliya): Menyan, Emerson (Kalabriya, 90+3), Tiav, Tomori, T.Ernandes, Fofana, Musa (Pavloviç, 90+3), Pulişiç (Loftus-Çik, 70), Reynders, Leao (Okafor, 77), Morata (Abraham, 70).
Qollar: Tiav, 12 (0:1). Vinisius, 23-p. (1:1). Morata, 39 (1:2). Reynders, 73 (1:3).
Vərəqələr: Morata, 21. Kamavinqa, 58. Vaskes, 68. Militao, 68. Vinisius, 71. Fofana, 85 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
5 noyabr. Madrid. 75561 tamaşaçı.

Liverpul – Bayer-04 4:0 (0:0)
Liverpul (İngiltərə): Kelleher, Aleksander-Arnold (Bredli, 81), Konate (Kuansa, 88), Van Diyk, Simikas (Robertson, 80), Cons (Soboslai, 74), Qravenberx, Makallister, Salah, Dias, Qakpo (Nunyes, 80).
Bayer-04 (Leverkuzen, Almaniya): Qradetski, Tapsoba, Ta, İnkapye, Frimponq, Palasios (Hofmann, 73), Caka, A.Qarsiya (Andrix, 73), Qrimaldo, Virts, Bonifeys (Şik, 81).
Qollar: Dias, 61 (1:0). Qakpo, 65 (2:0). Dias, 83 (3:0). Dias, 90+2 (4:0).
Vərəqələr: A.Qarsiya, 26. Qradetski, 60 – sarı.
Hakim: Danni Makkeli (Niderland).
5 noyabr. Liverpul. 59790 tamaşaçı.

Sportinq – Mançester Siti 4:1 (1:1)
Sportinq (Lissabon, Portuqaliya): İsrael, Debast, Diomande, Reys (Sent-Yuste, 75), Kenda (Kuaresma, 85), Morita (Braqansa, 75), Yulmann, Arauxo (Katamu, 75), Trinkan (Harder, 88), Qonsalveş, Dyökereş.
Mançester Siti (İngiltərə): Ederson, Lüis, Simpson-Pyuzi, Akanci, Qvardiol, Kovaçiç (De Bruyne, 85), Savinyo (Dokyu, 77), Foden, B.Silva (Gündoğan, 77), Nunyeş, Holann.
Qollar: Foden, 4 (0:1). Dyökereş, 38 (1:1). Arauxo, 46 (2:1). Dyökereş, 49-p. (3:1). Dyökereş, 81-p. (4:1).
Holann 69-cu dəqiqədə penaltidən yararlana bilməyib (tir).
Vərəqələr: Kovaçiç, 45+1. Qonsalveş, 55. Arauxo, 73. Savinyo, 73. Nunyeş, 79. Yulmann, 88 – sarı.
Hakim: Daniel Zibert (Almaniya).
5 noyabr. Lissabon. 47454 tamaşaçı.

Lill – Yuventus 1:1 (1:0)
Lill (Fransa): Şevalye, Mandi, Dyakite, Aleksandro, Qudmundsson (Bakker, 81), Andre, Buaddi, Jeqrova, Qomes (Mukau, 55), Sahraui (Fernandes-Pardo, 87), Devid.
Yuventus (Turin, İtaliya): Di Qreqorio, Kambyaso, Qatti, Kalulu, Kabal (Savona, 68), Lokatelli, Türam (Makkenni, 68), Konseysao, Koopmeyners, Yıldız (Mbanqula, 81), Vlahoviç (Vea, 68).
Qollar: Devid, 27 (1:0). Vlahoviç, 60-p. (1:1).
Vərəqələr: Kabal, 62. Andre, 73 – sarı.
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina).
5 noyabr. Lill. 48132 tamaşaçı.

Bolonya – Monako 0:1 (0:0)
Bolonya (İtaliya): Skorupski, Poş, Beukema, Lukumi, Miranda (Odqor, 90+2), Froyler, Moro (Pobeqa, 46), Aylinq (Orsolini, 68), Fabbian (Ferqyuson, 81), Ndoy, Kastro (Dallinqa, 68).
Monako (Fransa): Mayetski, Vanderson, Sinqo, Kerer, Mavissa (Enrike, 78), Maqassa, Kamara (Matazo, 78), Akliuş, Ben Seqir (Minamino, 71), Qolovin, Embolo.
Qol: Kerer, 86.
Vərəqələr: Moro, 27. Fabbian, 53. Kamara, 75. Mavissa, 77. Lukumi, 88 – sarı.
Hakim: ƏLİYAR AĞAYEV (AZƏRBAYCAN).
5 noyabr. Bolonya. 23084 tamaşaçı.

Seltik – Leyptsiq 3:1 (2:1)
Seltik (Qlazqo, Şotlandiya): Şmeyhel, Conston, Karter-Vikers (Skeyls, 73), Trasti, Teylor (Valye, 67), Engels (Bernardo, 67), Makqreqor, Hatate, Kyun (Yan Hen Çjun, 73), Furuhasi (Ayda, 81), Maeda.
Leyptsiq (Almaniya): Qulaçi, Gertryoyda, Orban, Bitşiabu, Henrixs, Baumqartner (Uedraoqo, 76), Aydara (Zayvald, 76), Kampl, Nusa (Elmas, 68), Şeşko (Poulsen, 68), Openda (A.Silva, 81).
Qollar: Baumqartner, 23 (0:1). Kyun, 35 (1:1). Kyun, 45+1 (2:1). Hatate, 72 (3:1).
Vərəqə: Şeşko, 62 – sarı.
Hakim: Benua Bastyen (Fransa).
5 noyabr. Qlazqo. 57551 tamaşaçı.

Borussiya D – Şturm 1:0 (0:0)
Borussiya (Dortmund, Almaniya): Mayer, Qross, Can, Şlotterbek, Bensebaini, Zabitser (Malen, 67), Nmeça, Brandt, Bayer (Ajil, 89), Girassi, Baynou-Gittens (Kempbell, 77).
Şturm (Qrats, Avstriya): Sherpen, Conson (Hayrhofer, 60), Ayvu, Lavale, Qazibeqoviç, Yalkuye, Çukvuani, Kiteişvili (Horvat, 90), Bevinq, Yatta (Zvonarek, 46), Biret (Yardımcı, 75).
Qol: Malen, 85.
Vərəqə: Malen, 75 – sarı.
Hakim: Erik Lambrexts (Belçika).
5 noyabr. Dortmund. 81365 tamaşaçı.

Faktlar
* MS 2018-ci ilin aprelindən bəri ilk dəfə ardıcıl üç oyunda uduzdu. Qvardiolanın komandası buna qədər oktyabrın 31-də “Tottenhem” (1:2), noyabrın 2-də isə “Bornmut” (1:2) ilə oyunda aciz qalmışdı. MS həmçinin 2016-nın oktyabrından bəri ilk dəfə ÇL-də 4 qol buraxdı. Həmin vaxt “Barselona” “şəhərlilər”i 4:0 hesabıyla məğlub etmişdi.
* Dyökereş ÇL-də het-trik etməyi bacaran 2-ci isveçlidi. O, 2013-ün oktyabrında – “Anderlext”lə oyunda PSJ-nin heyətində 4 qol vuran Zlatan İbrahimoviçin uğurunu təkrarladı.

Oyundan sonra
Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“Başverənləri izah etmək çətindi. Yaxşı başladıq, ilk yarını yüksək səviyyədə keçirdik. Ancaq futbolda qollar vurmaq lazımdı. Gileylənə bilmərik. Rəqib haqq etdiyi qələbəni qazandı”.


Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Narahat olmağ dəyər, ən yaxşı oyunumuzu göstərə bilmirik. Yığcam oyun göstərmirik, bunu düzəltmək lazımdı. Hədsiz çox qol buraxırıq”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Yorulmadan çalışır və yaxşı nəticələrə nail oluruq. “Bayer-04”ün oyun planı yaxşı idi, ancaq qapımız önündə yalnız sona yaxın təhlükəli vəziyyətlər yarada bildilər. Oyunun axarına nəzarət etdik və bunun da nəticəsi kimi 4 qol vurduq”.


Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:
“İlk 60 dəqiqədə yaxşı, yığcam oynadıq – həm topla, həm də topsuz. İkinci hissədə vəziyyət çətinləşdi, çox tez iki qol buraxdıq. “Liverpul” top səviyyəli komandadı, belə nəticələr ola bilər. Belə oyunlarda 95 dəqiqə maksimum bacarığımızı göstərməliyik”.
Избранный
104
football-plus.az

1Источники