Bakı, TurkicWorld
"Atəşkəs ola bilər, amma bu, hələ sülh demək deyil".
TurkicWorld xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu hazırda davam edən, amma səngiməyə doğru gedən müharibənin bitməsindən sonra Yaxın Şərqin mənzərəsinin necə olacağı barədə danışarkən deyib.
"Fələstin və Livan ərazisində cərəyan edən son hadisələrə nəzər yetirsək, hər iki məkanda aktiv hərbi əməliyyatların daha çox səngidiyinin şahidi ola bilərik. Fələstindən fərqli olaraq Livanla bağlı İsrailin əsas hədəfi tam müdaxilə deyil, qismən müdaxilə edib, başlıca olaraq "Hizbullah” liderlərini zərərsizləşdirməkdən ibarət olub. İsrail buna nail oldu. "Hizbullah”da 30 ildən artıq davam edən Həsən Nəsrullah idarəçiliyinə son qoyuldu. Artıq "Hizbullah” əvvəlki qruplaşma deyil. Amma geniş anlamda "Hizbullah” tam məhv olmayıb. Onlar mövcuddur və bundan sonra daha da güclənəcək".
Ekspertin fikrincə, "Hizbullah”ın "əhliləşdirilməsi” məsələsində Rusiyanın rolu da gündəmə gətirilir:
"İsrail rəsmiləri qeyd edib ki, Rusiyadan Suriya ərazisindən "Hizbullah”a silah nəqlinin dayandırılmasını istəyirlər. Çünki Suriyanın həmin ərazilərinə Rusiya ordusu nəzarət edir. Yəni dolayısı ilə bu və ya digər şəkildə Rusiyanı da həmin məsələlər daxilində görmək olur. Zatən Rusiya bölgədə olub. Livanda atəşkəsin əldə edilməsi isə o qədər də asan deyil. Hədəf "Hizbullah”ı əzmək idi, Təl-Əviv ona da nail oldu. Amma atəşkəs olsa da, sülhdən söhbət gedə bilməz".
Fələstinə gəlincə, ekspert deyir ki, HƏMAS demək olar tamamilə məhv edilib. Amma bu HƏMAS-ın daha fərqli müqavimət müstəvisinə gəlməsinin qarşısını almayacaq:
"Trampın yenidən Ağ Evə qədəm qoyması ilə 2025-ci ildə İsrailin önündə başqa bir məsələ prioritet olacaq. İordan çayının Qərb sahilinin tam olaraq Mahmud Abbas adminstrasiyasından alınıb, İsrailə qatılması məsələsi gündəmə gələcək. Hər nə qədər bu çətin olsa da, Tramp adminstrasiyası buna imkan verəcək. Unutmayaq ki, Tramp İbrahim sazişinin atası hesab olunur. Bu sazişə görə, Qüds İsrailin paytaxtı oldu. Deməli, Trampın hakimiyyəti dövründə Yaxın Şərqdə daha bir gərginləşmə baş verəcək ki, bu da İordan çayının qərb sahilindəki ərazilərin İsrailə qatılması ilə bağlı olacaq. Ona görə də atəşkəs olmayacaq. Onun üçün ilk növbədə İsrail bir dövlət olaraq sərhədlərini konkretləşdirməlidir. Digər tərəfdən, İsrail vəd olunmuş torpaqlar düşüncəsindən tamamən əl çəkməlidir. Çünki bu düşüncəyə qarşı əks tərəfin müqaviməti olacaq. Başqa bir tərəfdən, Fələstin dövlətinin qurulması da bir şərtdir. Bölgədə sülh və stabilliyin olması üçün bu da vacibdir”.
Qeyd edək ki, İsrail apardığı müharibədə artıq öz istəyinə nail olmaq üzrədir. HƏMAS qruplaşması demək olar ki, tamamilə sıradan çıxarılıb. "Hizbullah” da güclü zərbələrə məruz qalıb. Onun lideri aradan götürülüb, qruplaşmanın müqaviməti zəifləyib. Belədə Yaxın Şərqdəki müharibənin yaxın dövrlərdə bitəcəyi barədə müəyyən fikirlər də səslənməyə başlayıb. Hətta bir sıra İsrail rəsmiləri tərəfindən də anoloji fikirlər gündəmə gətirilir. Müharibənin gedişi isə belə düşünməyə əsas verir ki, proses bitəndən sonra Yaxın Şərqin mənzərəsində mütləq mənada bəzi dəyişikliklər də baş verəcək.