Uzun müddət Azərbaycan əleyhinə aparılan kampaniyanın arxasında duran qüvvələr məlum idi. Qərbin aparıcı informasiya vasitələrini tribunaya çevirənlər Azərbaycanın siyasi imicinə zərbə vurmaq üçün hər cür qarayaxma kampaniyasından istifadə edirdilər.
Ermənistan dövlətinin və erməni lobbisinin dəstəyi ilə təşkil edilən anti-Azərbaycan təbliğatı eyni zamanda sosial şəbəkələrdə də aparılırdı. Qərbin “pensiyaner” siyasətçilərini kampaniyaya cəlb edən erməni mafiyasının məqsədi nəyin bahasına olursa olsun COP29-u baykot etmək idi.
Ermənistan diplomatiyasının da dəstək verdiyi bu kampaniya iflasa uğradı və artıq COP29 Bakıda öz işini uğurla davam etdirir. Azərbaycanın uğurunu həzm edə bilməyən Ermənistandakı ictimai-siyasi fəallar bunu özlərinin məğlubiyyəti kimi qəbul edirlər. Ermənistandakı Avropa partiyasının sədri Tiqran Xzmalyan isə hesab edir ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə növbəti qələbəsidir:
“BMT COP29-un Azərbaycanda təşkilinə icazə verməklə Ermənistanın siyasi ambisiyalarının üstündən xətt çəkdi və Qarabağdakı hərbi əməliyyatları dəstəklədiyini ifadə etdi. Bu, həm də Azərbaycan əleyhinə aparılan kampaniyanın iflasa uğraması deməkdir. Eyni zamanda COP29-un Bakıda keçirilməsi beynəlxalq insititutların məğlubiyyətidir. 2020-ci ildəki müharibə həm də BMT-yə qarşı aparılan müharibə idi. BMT dəfələrlə bildirmişdi ki, Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Amma Azərbaycan müharibəyə başlayanda BMT göz yumdu.COP29-un Bakıda keçirilməsi həm də Ermənistan diplomatiyasının məğlubiyyəti, hakimiyyətin aprdığı siyasətin iflasa uğramasıdır. Bir mənalı deməliyik ki, bu, Azərbaycanın növbəti uğurudur. Artıq dünya dövlətlərinin liderləri Bakıya toplaşmaqla Azərbaycanın düz yolda olduğunu sübut edirlər. Düzdür, Fransa prezidenti Bakıya gəlməkdən imtina etdi. Amma bu heç nəyi dəyişmədi”.
Vəli Həsənoğlu,
KONKRET.az