RU

“Molla Nəsrədin”çilər haqqında yeni tədqiqat

Mollanəsrəddinçilər mətbuat və ədəbiyyat tariximizdə həmişəyaşar sənət və sənətkarlıq məktəbi yaratdılar. Ona görə də bu məktəbə dünən də, bu gün də, sabah da ehtiyacımız var.

Qarşımda “Molla Nəsrəddin” ədəbi məktəbinin araşdırılmasında və elmi ictimayyətin diqqətinə çatdırılmasında mühüm xidmətləri olan “elmi-publisistik təfəkkürə, üslub tərzinə malik istedadlı, ləyaqətli düşüncə sahibi”, filologiya elmləri doktoru, professor, pedaqoq Allahverdi Məmmədlinin “Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyası var.

Monoqrafiyanı oxuyarkən yazıçı Anarın “Əbədi Mirzə Cəlil” başlıqlı məqaləsindən son sözlərini xatırladım: “Əbədi Mirzə Cəlil bütün zamanların övladıdır, hər yeni nəslin yol yoldaşıdır. Və bizdən sonra gələn nəsillər onu təzədən kəşf edəcək, öz yaşıdları, çağdaşları kimi tanıyacaq…”. Dahiyanə bir fikir.

Son Yazılar:

Əvvəla Mirzə Cəlil yaradıcılığı, savadı, vətənpərvərliyi, əyilməzliyi, düzlüyü ilə həqiqətən əbədiyaşar oldu. Elə ona görə də bütün zamanlarda yaradıcılığına, sözünə, amalına, əməlinə ehtiyac duyduğumuz bir əhli-qələm sahibi kimi, yaddaşlara əbədi həkk edildi.

Yeri gəlmişkən onu da qeyd edək ki, bu böyük şəxsiyyətdən yazmaq üçün, onun qədər yüksək qələmə, sözə, vətənpərvərliyə sahib olmaq gərəkdir. Görkəmli “Molla Nəsrəddin” ədəbi məktəbinin tədqiqatçısı Allahverdi Məmmədli də bu yüksək keyfiyyətlərə malik bir alimdir. Onun elmi yaradıcılığı demək olar ki, bütövlüklə bu ədəbi məktəbin tarixinə, fəaliyyətinə, ideyalarına, onun yazarlarının həyat və yaradıcılığının tədqiqinə (xüsusən də Mirzə Cəlilin) həsr edilib.

“Molla Nəsrəddin” ədəbi məktəbinin fəaliyyəti Allahverdi müəllimin uzun illərdi diqqətini cəlb edib və bu istəyin, marağın sayəsində alimin onlara həsr etdiyi çox dəyərli, sanballı, məzmunlu elmi əsərləri, monoqrafiyaları, dərs vəsaitləri ərsəyə gəlib.

“Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq” (2003), “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq ideyalarının bədii təcəssümü (ərəb əlifbası ilə)” (2005), “Molla Nəsrəddin” ədəbi məktəbində milli varlıq problemləri” (2012), “Molla Nəsrəddin” ədəbi məktəbində azərbaycançılıq” (2017), “Molla-Nəsrəddinçilik və milli ideya” (2018), “Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” (2024) adlı əsərləri mollanəsrəddinçilərin yalnız Azərbaycan mətbuatı və ədəbiyyatı tarixində deyil, həm də ictimai fikir tarixində çox böyük rol oynadığını bir daha sübut edir.

Müəllif yenicə işıq üzü görən “Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyasında çox böyük ustalıqla bu ədəbi məktəbin formalaşdırdığı azərbaycançılıq təliminin xüsusiyyətlərini açır və elmi təhlilə cəlb edir. Odur ki, filologiya elmləri doktoru, professor Vüqar Əliyev haqlı olaraq bu monoqrafiyanın çapını alqışlayır və onun nəşrinin “mətbuat tariximizin maraqlı bir faktına” çevrilə biləcəyini vurğulayır. Filologiya elmləri doktoru, professor Vüqar Əhməd isə həmin əsəri müəllifin “çoxillik elmi-tədqiqat işinin, gərgin axtarışlarının uğurlu nəticəsi” kimi yüksək dəyərləndirir.

Allahverdi müəllim bu monoqrafiyasında ən əsas məsələni; azərbaycançılıq ideologiyasının əhəmiyyətini, mahiyyətini açıqlamaqla yanaşı onu əsas hədəfin önünə çəkərək vurğulayır ki, “Ölkəmizdə azərbaycançılıq rəsmi dövlət ideologiyasıdır”. O, bütün əsər boyu bu prinsipə sadiq qalaraq Azərbaycanın maraqlarının hər şeydən üstün tutulmasını təbliğ edir. Məhz buna görə əsər bugün də, sabah da və hər zaman aktualdır.

Nə qədər Azərbaycan xalqı, dövlətçiliyi var, azərbaycançılıq da var olacaq. Onu qorumaq, yaşatmaq, gələcək nəsillərə ərməğan etmək isə bizim bocumuzdur. Bununla mollanəsrəddinçilərin hələ yüz il bundan əvvəl irəli sürdüyü bu ideya öz aktuallığını, əhəmiyyətini bir daha sübut etdi. Bu ideya müstəqilliyimizin, dövlətçiliyimizin, milli-mənəvi dəyərlərimizin daha da zənginləşməsinə, əbədiyaşarlıq qazanmasına bilavasitə xidmət edir. Nə qədər böyük, möhtəşəm, ülvi, müqəddəs bir ideya…

“Azərbaycan dilinin saflığını, gözəlliyini, zənginliyini, qüdrətini özündə yaşadan və gələcək nəsillərə ötürən bu böyük xəzinədə” yalnız ümummilli məsələlər deyil, həm də bəşəri ideyalar var. Çünki burada “hər bir fərdə böyük azadlığın və hüququn verilməsi müşayiət olunur”.

Müəllif yenidən bu mövzuya müraciət etməsinin səbəbini belə açıqlayır ki, “əsas məqsəd bu ədəbi məktəb haqqında yeni elmi-nəzəri fikirlər ortaya qoymaq, “Molla Nəsrəddin” ədəbi məktəbi nümayəndələrinin yaradıcılığında azərbaycançılıq ideyalarının bədii əksini araşdırıb üzə çıxarmaqdır”. Odur ki, əsərdə azərbaycançılığın elmi-məntiqi, ədəbi-ictimai mahiyyəti araşdırmanın məğzini təşkil edir və müəllif bu prinsiplərə çox gözəl əməl edib.

Milli xarakter kəsb edən və fundamental ideoloji təfəkkür modelini əks etdirən azərbaycançılıq bu gün gənc nəsilin şüurunda, qəlbində, ürəyində, zehnində o qədər möhkəm kök salmalıdır ki, heç bir qüvvə onu oradan qopara bilməsin. Budur Vətənçilik, dövlətçilik, Azərbaycançılıq…

“Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyanı oxuduqca bir daha əmin olursan ki, mollanəsrəddinçilər ona görə həmişəyaşar statusunu qazanıblar ki, çox böyük zəngin və maraqlı ədəbi-mədəni irsə malik olublar. Bu ədəbi-mədəni xəzinənin xalqa çatdırılmasında istedadı, bacarığı, zəhmətkeşliyi və ən əsası intelektual səviyyəsi ilə secilən Allahverdi Məmmədlinin öz payı, öz əməyi var. O, yazır ki, “Mollanəsrəddinçiliyin ideya əsasında azərbaycançılıq məsləki dayanır”. Elə Allahverdi müəllimin də məsləyində, amalında daim Vətəninə, dövlətinə, bayrağına və ən əsası insanlığa qarşı əzəmətli sevgi dayanır. Ona görə hər sözündə belə böyük azərbaycançılığı, Vətənçiliyi, dövlətçiliyi əks etdirən əsərlərin müəllifidir.

Əsərin sonunda müəllif bir daha vurğulayır ki, “Molla Nəsrəddin” ədəbi məktəbini doğuran ən başlıca səbəb azərbaycançılıq amalını ədəbi-bədii sözdə gerçəkləşdirmək, bunu xalqın, millətin idealına çevirmək olub”. Mollanəsrədinçilər də həmin ideyanın daşıyıcısı kimi öz yaradıcılıqlarında bir nümunəyə çevrildilər və 20-ci yüzilliyin əvvəllərində milli strategiyanın müəyyənləşməsində əsas rolu oynadılar.

Bildiyimiz kimi, “Molla Nəsrəddin” ədəbi məktəbinin tədqiqinə sovet dövründə kommunist ideologiyasının prinsiplərinə uyğun yanaşıldığı üçün bu sahədə bir sıra təhriflərə də yol verilib. Bunu Allahverdi müəllim də öz əsərində bir neçə dəfə vurğulayır. Buna görə “Molla Nəsrəddin” ədəbi məktəbi, xüsusən də sovet dövrü fəaliyyəti yenidən, obyektiv və milli maraqlara uyğun tədqiqata cəlb edilməli idi. Allahverdi müəllim də bu yanlışlıqları aradan qaldırmaq üçün yenidən çox zəngin və maraqlı olan irsə müraciət edib və belə bir dəyərli əsəri ortalığa qoyub. Təqdirəlayiqdir ki, müəllif dəfələrlə müraciət etdiyi bu mövzuda yenə də maraqlı, diqqətçəkən mülahizələr, fikirlər söyləyə bilib. Çünki mövzuya tarixiliklə müasirliyin vəhdətində yanaşıb, mollanəsrəddinçilərə olan rəğbətini qəlbinin hökmü ilə ifadə edib və onların sənətini layiq olduğu mərtəbəyə yüksəldib. Bu müqəddəs yolda müəllifə daha böyük nailiyyətlər arzu edirik.

Sevil Həsənova
BDU-nun professoru,
Multimedia və elektron kommunikasiya kafedrası

Избранный
35
viral.az

1Источники