RU

Yüksək faizlə kredit versələr də: Vergidən azad olmaq istəyirlər 

Azərbaycan BOKT-ları vergi azadolmalarına dair təkliflər irəli sürüb.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və təkliflərinin öyrənilməsi istiqamətində növbəti görüşü "Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə keçirib. Görüşdə vergi orqanları ilə Bank Olmayan Kredit Təşkilatları (BOKT) arasında məlumatların inteqrasiyası prosesinin təkmilləşdirilməsinə və vergi azadolmalarına dair təkliflər səsləndirilib, inzibatçılığın və hesabatlılığın sadələşdirilməsi ilə bağlı müzakirələr aparılıb, vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sualları cavablandırılıb. 

Qeyd edək ki, BOKT-lar yüksək faizlə, bəzən 30 faizə yaxın kredit verirlər. Belə olduğu təqdirdə BOKT-lar niyə vergidən azad edilməlidir? 

İqtisadçı-ekspert Əkrəm Həsənov "Cümhuriyət"-ə bildirib ki, Bank Olmayan Kredit Təşkilatlarının vergidən azad olunması ilə bağlı təklifi aydınlıq gətirməlidir:

“Söhbətin hansı vergidən getdiyi bəlli olmalıdır. Yəqin ki, mənfəət vergisini nəzərdə tuturlar. Çünki onlar mənfəət vergisini 20 faiz qeyd edirlər. Onlar yüksək faizlə kredit verirlər, mənfəətə də çıxırlar. Mənfəət gəlirdən, xərcdən çıxılandan sonra olur. Məsələn, il ərzində 1 milyon manat gəlib, 800 min manat gedib.

Demək 200 min onların mənfəətidir. Ondan da 20 faiz vergi verməlidirlər. Burada sual yaranır ki, niyə onlar vergidən azad olunmalıdır, digər sahibkarlar, istehsal, ticarət, iaşə o vergini verməlidir? Krediti faizlə verənə bu aid olmalıdır, digərinə yox? Yaxşı olardı ki, özləri bunu izah etsinlər”. 

Ekspert hesab edir ki, bunu etmək olmaz:

“Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən sahibkarlar verginin azaldılmasını istəyirlər. Bu isə ədalətli olmalıdır. Yəni birinə aid olur, digərinə yox, belə olmamalıdır. Əgər belə hal varsa, onun səbəbini izah etməlidir. Məsələn, bu gün hamımız bilirik ki, kənd təsərrüfatı sahəsi bir sıra vergidən azaddır.

Bunu hamımız başa düşürük. Çünki söhbət ölkənin ərzaq, qida təhlükəsizliyindən gedir ki, məhsulu özümüz istehsal edək. Kənd təsərrüfatı zəif, həssas sahədir. Yoxsa bank, BOKT niyə vergidən azad edilməlidir? Onsuz da faiz verərək, asan yolla xeyli pul qazanırlar". 

Избранный
56
cebheinfo.az

1Источники