RU

Kiçik ada dövlətlərinin böyük ekoloji təhlükədən xilas yolları

Sammitdə birgə səylərin zəruriliyi vurğulandı

İştirakçıların sayına və dövlətləri əhatə etməsinə görə haqlı olaraq BMT-nin ən böyük tədbiri hesab olunan COP29 uğurla davam edir. Konfransın Mavi zonası ötən günlərdə olduğu kimi, dünən də mühüm iqlim problemlərinin müzakirə məkanına çevrilmişdi. Müzakirələrdən biri çox vacib məsələyə həsr olunmuşdu. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Ali qonaqların çıxışlarını monitor qarşısında dinləyən çox sayda əcnəbilər vardı. Onların bəzilərinə yaxınlaşıb müzakirə olunan məsələ və ümumiyyətlə, COP29 barədə fikirlərini öyrəndik.

Ada dövləti bir və ya bir neçə adada yerləşən dövlətdir. Bu gün dünyada 47 belə ölkə var. Dünya okeanlarında ekoloji vəziyyətin istənilən dəyişməsi adada onsuz da çətin olan həyatın kəskin şəkildə pisləşməsi deməkdir. Buna görə də BMT inkişaf etməkdə olan kiçik ada dövlətlərinin rifahı məsələsinə dönə-dönə müraciət edir. Artan təbii fəlakətlər, mərcan riflərinin ölümü və dəniz səviyyəsinin qalxması insanları yaşamaq üçün daha əlverişli yerlər axtarmağa vadar edir. Karib hövzəsi ölkələrində bəzən mövsümdə beş qasırğa olur. Bakıda müzakirə edilən bu mövzu buraya təşrif buyuran Ninava İnu Pereyra Nunes Huni Kui də narahat edir. O, COP29-dan gözləntilərinin böyük olduğunu bildirdi:

– İnsanın fəaliyyətinin təbiətə zərərini azaltmaq lazımdır. 2024-cü il də iqlim fəlakətlərinin artdığını göstərdi. Başa vurduğumuz bu ildə də rekord yağışlar və qasırğalar, yanğınlar və ölümcül quraqlıqlar gördük. Proqnozlar onu göstərir ki, iqlim dəyişikliyinin təsiri getdikcə artacaq və bu, hamımızı təcili qərarlar qəbul etməyə vadar edir. Mən istəyirəm ki, bu konfransın nəticələri ekoloji problemlərin həllini sürətləndirsin. Xüsusilə də COP29-dan sonra da kiçik ada dövlətlərinin ekoloji problemlərinin diqqət mərkəzində qalacağına ümid edirəm.

Bilirsiniz, iqlim dəyişikliyi və dəniz səviyyəsinin qalxması Sakit okean, Hind və Atlantik okeanlarına səpələnmiş kiçik ada dövlətlərinin inkişafı və hətta mövcudluğu üçün təhlükə yaradır. Beynəlxalq bazarlardan təcrid, məhdud resurslar, həddindən artıq əhali, həddindən artıq tullantı və sahillərin çirklənməsi bu ölkələrin iqtisadi inkişafı üçün ciddi problemlər yaradır. Mən təbiətlə harmoniyada yaşamağın tərəfdarıyam. Bu problemləri ancaq birlikdə həll edə bilərik.

Honduraslı Andrei Calin Marcu müzakirə olunan mövzunun çox vacib olduğunu vurğuladı:

– Bakıda belə bir mühüm məsələnin müzakirəsi ondan xəbər verir ki, dünya artıq bu problemin həll olunmasının zəruriliyini anlayır. Məlumdur ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri ətraf mühit və iqtisadi inkişaf baxımından dünyanın ən həssas ölkələri sırasındadır. Onların bir çoxu coğrafi cəhətdən təcrid olunmuş və təmiz su və dəniz məhsulları kimi məhdud təbii ehtiyatlardan tamamilə asılıdır. Çoxları mənfi təbii hadisələrə və dəniz səviyyəsinin qalxmasına səbəb olan iqlim dəyişikliyi ilə təhdid olunur.

Mənim ölkəmin şimal sahili Karib dənizi ilə həmsərhəddir və Sakit Okeana Fonseka körfəzindən keçir. Karib ölkələrinin əhalisinin təxminən 70 faizi sahil boyu yerləşən şəhər və kəndlərdə yaşayır. Bu insanların hamısı getdikcə tez-tez baş verən qasırğaların və ya digər təbii fəlakətlərin qurbanı olmaq riski altındadır. Mütəxəssislər də hesab edirlər ki, kiçik ada dövlətləri çətin ki, beynəlxalq ictimaiyyətin əməkdaşlığı və yardımı olmadan bütün bu problemləri həll edə bilsin. Bu mənada COP29 çərçivəsində mövzu ətrafında aparılan müzakirələrin problemin həlli istiqamətindəki səyləri gücləndirəcəyinə ümidləri artırır.

Konfransda iştirak etmək üçün uzaq Mikroneziyadan gələn Lucille Apis Overrhoff da ada dövlətlərinin ciddi təhlükə ilə üzləşdiyini bildirdi:

– Okeanlar sivilizasiyalar arasında birləşdirici əlaqədir. O həm də ticarət və coğrafi kəşflərin inkişafına töhfə verdi. Amma bu gün okeanlar həm də bizdən gücümüzü birləşdirməyi və planetdə ekoloji vəziyyətin pisləşməsinin qarşısını almağı tələb edir. İqlim sürətlə dəyişir, su səviyyəsi getdikcə qalxır və bu, bizim ada dövlətimiz üçün təhlükə yaradır. Orta hesabla qlobal dəniz səviyyəsi ildə 3,2 millimetr yüksəlir. Buna görə də, COP29-da bizim üçün ciddi nəticələr əldə ediləcəyinə ümid bəsləyirəm.

Səbuhi MƏMMƏDOV,
Elşən AĞALAR (foto)
XQ

Избранный
52
xalqqazeti.az

1Источники