ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya ehtimal ki, ərinin andiçmə mərasimindən sonra Ağ Evdə daimi yaşamayacaq...
Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Qərar onun müəyyən müstəqilliyini qorumaq, həmçinin Florida və Nyu-Yorkda adi həyat tərzini dəyişməmək istəyi ilə bağlı ola bilər.
Telekanalın məlumatına görə, xanım Tramp vaxtının çox hissəsini Floridada əksər dostlarının olduğu Mar-a-Laqo malikanəsində, eləcə də onların oğlu Barron Trampın universitetdə oxuduğu Nyu-Yorkda keçirmək niyyətindədir. Məqalədə deyilir ki, onun qrafiki və yerləri ilə bağlı müzakirələr davam etsə də, Melaniya Tramp hələ də ərini mühüm rəsmi tədbirlərdə müşayiət edəcək və onun təşəbbüslərini birinci xanım kimi təbliğ edəcək.
Lakin mənbələrin qeyd etdiyi kimi, Trampın həyat yoldaşı indiki birinci xanım Cil Baydenlə Ağ Evdə ənənəvi simvolik görüşdə iştirak etməmək qərarına gələndə artıq müəyyən dərəcədə müstəqillik nümayiş etdirib. Respublikaçılar komandasının nümayəndələri bunu Melaniya Trampın kitabının tanıtımı ilə bağlı məşğul olması ilə izah ediblər.
Prezident kimi ilk müddətində Donald Tramp qış həftə sonlarını Mar-a-Laqoda, yay həftə sonlarını isə Nyu Cersi ştatının Bedminster şəhərindəki qolf klubunda keçirib. CNN siyasətçidən ənənəni qoruyacağını gözləyir.
Donald Tramp tələb olunan 270 səslə 312 seçici səsini toplayaraq ABŞ prezident seçkilərində qalib gəlib. Onun rəqibi, hazırkı vitse-prezident, demokrat Kamala Harris isə 226 səs toplayıb. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə planlaşdırılıb.
Poliqon.info