RU

İSLAM SADIQ "TƏRTƏR İŞİ"Nİ BELƏ VƏSF EDİB- İLK DƏFƏ!

Tanınmış vətənpərvər şair İslam Sadıq "Tərtər işi" ilə bağlı yazdığı şeirlərini "Təzadlar"a təqdim edib...

Aşağıda təqdim edirik:

AİSLAM SADIQ

 Ay Osvensim deyib ağlayan şair,

Buhenvald köksünü dağlayan şair...

 TƏRTƏR

 Ay Osvensim deyib ağlayan şair,

Buhenvald köksünü dağlayan şair,

Yubanma bir an da, Tərtərə gəl sən,

Bata-bata yolda qan-tərə gəl sən.

 

O qanla-tərlə yaz gerçəkləri sən,

Susdur, susdur ağzı göyçəkləri sən.

Burda analar var, köksü dağlıdı,

Burda sandıqlar var, ağzı bağlıdı.

 

Açsa o sandığın birini hərə,

Dolar hönkürtüylə bu dağ, bu dərə.

Günəş də başına qara bağlayar,

“Buludlar kişnəyər, göylər ağlayar”.

 

Mənim hər baxışım sizə bir himdi,

O bağlı sandıqda boğulan səslər,

Vallah bircə-bircə deyəcək kimdi

O sandığın üstdə oturan kəslər.

 

Osvensim yalandı,

Buhenvald yalan,

Moabit dilində niyə əzbərdi?!

Dünyada özündən dəhşətli olan

Bəlkə də, bəlkə də bircə Tərtərdi.

 

10 oktyabr 2024

Novxanı

  TƏRTƏR FIRTINASI

 Nə vaxtdı içimdə bir fırtına var,

Belə şey görməyib Xəzər də hələ.

Sinəm bir dağılmaz, aşılmaz divar,

Tablayar da hələ, dözər də hələ.

 

Nə vaxtdı dincliyim yoxdu bir hovur,

Perikib gözümün şirin yuxusu.

Ürəyimdə dalğa dalğanı qovur,

Qaçanın qovandan yoxmu qorxusu?!

 

Namus da, qeyrət də bir quru addı,

Birtəhər başını girləyir hərə.

Qovan dalğa mənəm, qovulan yaddı,

Mən onu qovuram gəldiyi yerə.

 

Görə-görə gəlib çatdıq bu yaşa,

Bəs onda çox şeyi niyə bilmirik?!

Özümüz çıxartdıq yadları başa,

İndi də ordan düş deyə bilmirik.

 

Mən ha qoymamışam bu adı ona,

Bax bu fırtınanın adı Tərtərdi.

Canımı göynədən odu bir yana,

Nə vaxtdı ağzımın dadı Tərtərdi.

 

A xalqım, bəs niyə yoxdu dörd gözün,

Dörd yanını tutan qanlı yağındı.

Bir su vur üzünə, bir düşün özün,

Bəyəm indi sənin yatan çağındı?!

 

Nə məndən inci, küs, nə məni qına,

Başı yoxdu başı batan öküzün.

Nəyə deyirsiniz, and içim ona,

Başımız başıdı yatan öküzün.

 

Bilmirikmi yağı oyaqdı, oyaq,

Bilmirikmi yağı qənimdi bizə.

Ay canım, dunuqluq olmaz bu sayaq,

Çıraq nə lazımdı görməyən gözə?!

 

Nə vaxtdı içimdə bir fırtına var,

Belə şey görməyib Xəzər də hələ.

Sinəm bir dağılmaz, aşılmaz divar,

Tablayar da hələ, dözər də hələ.

 

Mən ha qoymamışam bu adı ona,

Bax bu fırtınanın adı Tərtərdi.

Canımı göynədən odu bir yana,

Nə vaxtdı ağzımın dadı Tərtərdi.

 

18 oktyabr 2024

Novxanı

 TƏRTƏRİN QARA QUTUSU

 Tərtərdə mən elə quduzlar gördüm,

Tarix doğmamışdı belə quduzu.

Qorxub pıçıldaşan ulduzlar gördüm,

Nola, açılaydı qara qutusu.

 

Bəs Qara qutusu hanı Tərtərin,

Niyə bir kimsənin düşmür yadına?!

O qutuda yatır canı Tərtərin,

Söz tapa bilmirəm onun adına.

 

Nolaydı dinəydi bu daş, bu divar,

Tanıqdı Tərtərin dağı, dərəsi.

Burda dil-dil ötən neçə ürək var,

Bir Qara qutudu onun hərəsi.

 

Danışır qutular boğaz cıraraq,

Eşidən qulaqlar niyə kardı, kar?!

Sən zalım hakimin hökmünə bir bax,

Öldürən haqlıdı, ölən taqsırkar!

 

Həmişə görənin oyulur gözü,

Belə olub tarix boyu sən demə.

Qurddan aşağıda dursa da özü,

Quzu bulandırır suyu sən demə.

 

20 oktyabr 2024

Novxanı

 TƏRTƏR SANDIĞI

 Tərtər bir sandıqdı, bağlı bir sandıq,

Hələ bilinməyən sirləri çoxdu.

Neçə yol inandıq, neçə yol yandıq,

Daha inanmağa vaxtımız yoxdu.

 

Açılsa, içindən görün kimlərin

Üzünə tüpürən ilan çıxacaq.

Ağıllı görünən ağlı kəmlərin

Bütün dedikləri yalan çıxacaq.

 

Gəlir qulağıma cürbəcür səslər,

Başıma dönürlər, məndən qaçmırlar.

Sandığın üstündə oturan kəslər

O ilana görə onu açmırlar.

 

Oturub-durmayın yadın sözüylə,

Bilirəm desə də, o yalan bilir.

O ilan hər şeyi görüb gözüylə,

Hər şeyin düzünü o ilan bilir.

 

Özü tutub deyə bildiyi çoxdu

Sandığın ağzını bağlayanın da.

O ilandan başqa qorxusu yoxdu

Onu bizdən gizli saxlayanın da.

 19 oktyabr 2024

Novxanı

 TƏPƏGÖZ

 Adını nə qoyum, ay Sarı Çoban,

Sən doğulan günə daş yağaydı, daş.

Kaş səni əkməmiş öləydi baban,

Heç doğulmayaydın elə özün kaş.

 

Ağlını aldımı erməni qızı,

Niyə tamah saldın sən ona, deynən.

Bir bəlaya saldın milləti azı,

Təpəgözlər doğdu o bizə eynən.

 

Yolunu gözləyir millət Basatın,

O da gəlib çıxmaq bilmir ki, bilmir.

Yoxdu izi-tozu o toy-büsatın,

Nə vaxtdı üzümüz gülmür ki, gülmür.

 

Tək bircə Təpəgöz varıydı onda,

Hər erməni əmən bir Təpəgözdü.

İndi hamısı da gizlənib qında,

İnsanlığı yalan, türklüyü sözdü.

 

Çox da Sallaqxana deyildi adı,

Tərtər yuvasıydı Təpəgözlərin.

Burda quşların da qandı qanadı,

Burda qan içməmiş təpə göstərin.

 

O vaxtkı Təpəgöz kələk bilməzdi,

İndi hərəsinin yüz kələyi var.

O vaxtkı Təpəgöz ələk bilməzdi,

İndi hərəsinin öz ələyi var.

 

Onda alnındaydı onun tək gözü,

İndi on gözü var hər Təpəgözün.

Onda ürəyinə güzgüydü üzü,

İndi içindədi şər Təpəgözün.

 

Təpəgöz yurdudu bütöv bir ölkə,

Ancaq təpəsində deyil gözləri.

Elə ona görə tanımaq bəlkə

Çətindi indiki Təpəgözləri.

 12 oktyabr 2024

Novxanı

 TƏRTƏR DÜYÜNÜ

 Açılmamış nəyi qalıb bu işin,

Aydındı bu saat hər şey gün kimi.

Bəs onda kim düyün salıb bu işi,

Axı düyün deyil o düyün kimi.

 

Açıqdı nə vaxtdı Tərtər sandığı,

Görünür hər küncü, bucağı, qardaş.

Kimin yandırdığı, kimin yandığı

Közündən bilinir ocağın, qardaş.

 

Qorxudanmı susub görən dilimiz,

Hər şeyi, hər şeyi bilən bəllidi.

Korlar şəhərində yaşamırıq biz,

Öldürən bəllidi, ölən bəllidi.

 

Burda qanun handa, ədalət handa,

O bircə ölənin baş daşındadır.

Kimin ki, əli var ölümdə, qanda,

Hələ də, hələ də iş başındadır.

 

O durub türklüyün, türkün qəsdində,

Çoxu gətirəmmir adını dilə.

Yumruğu hakimin başı üstündə,

Hakim o yumruğun altdadı hələ.

 

Gəzdiyi ədalət deyil hər nəsə,

Gör kimin ağzına, sözünə baxır.

Hökmü yazmaq üçün lap əsə-əsə

Hakim öldürənin üzünə baxır.

 

Bir dərdinə şərik olmur heç kimin,

Sirr vermir sirrini bildirənə də.

Ədaləti budur qorxaq hakimin,

Ölənə iş verir, öldürənə də...

 

12 oktyabr 2024

Novxanı

 İŞGƏNCƏ

 Tərtərdə satqınlar satqın olmayanlara,

erməni südü əmənlər dayılarına güllə

atanlara işgəncə verir, divan tuturdular.

Çoxu dözməyib ölürdü. Bu şeir öldürənlərin

 və öldürdənlərin dilindən yazıldı.

 

İşgəncə ver, işgəncə,

Vətəni sevən gəncə,

Torpağı sevən gəncə.

Milləti sevən gəncə.

 

Adına satqın deynən,

Öz adını ona qoy.

Hər şeyi boynuna qoy.

İşgəncə ver, işgəncə!

 

Dəmir ling, cökə pazı,

Bir şampan butulkası,

On altılıq armatur!

-Özün öz xoşluğunla

Şüşənin üstdə otur.

 

Hələ elektrik vermə,

Hələ sıxma, məngənə!

Onları bircə-bircə

Adbaad sayım yenə?!

 

Çoxunu bilmirəm mən,

Çoxuna dilim yatmır.

Birinə inanmıram,

Beşi ağlıma batmır.

 

İşgəncə ver, işgəncə!

Vətəni sevən gəncə!

Bu Vətənə, torpağa

Qurbanam deyən gəncə!

Bayrağı köynək kimi

Əyninə geyən gəncə.

 

Kəs, kəs onun danışan

Dilini tikə-tikə.

Ürəyinə sox şişi

Bağrını sökə-sökə.

 

Görənlərə göz dağı,

Qalanlara dərs olsun.

Yuxuda qoç kəsənin

Yuxusu da tərs olsun.

 

Türk olub, guya türkün

Arasında itmişəm.

Türk ilandı, mən yarpız,

Yuvasında bitmişəm.

 

Dərddi türkün varlığı,

Sevinc əkdim, dərd dərdim.

Ölənlər sevincimdi,

Qalanlar dərdim, dərdim!

 11 oktyabr 2024

Novxanı

 SƏSLƏR

 Oy ana... Oy ana...

Nə umur bizdən,

Görün hardan gəldi, bu səs nə səsdi?!

Ulduzlar diksindi göydə bu səsdən,

Bu səsdən zəmidə sünbüllər əsdi.

 

Bu səs gah kəsilir, gah da qırılır,

Gəlir qulağıma min cür xırıltı.

Elə bil hardasa torpaq yarılır,

Elə bil hardasa parça cırıldı.

 

Hardasa torpaq-zad yarılmır, yox, yox,

Hardasa cəlladlar ürək yarırlar.

Hardasa parça-zad cırılmır, yox, yox,

Hardasa cəlladlar sinə cırırlar.

 

Kimsə “ana” deyir son nəfəsində,

Ölüm ayağında zarıyır kimsə.

Bir ağrı-acı var onun səsində,

Hələ də göynəyir, ağrıyır kimsə.

Nələr oldu Tərtər faciəsində,

Belə olmalıydı cəllad hakimsə!

 12 oktyabr 2024

Novxanı

 

Избранный
36
tezadlar.az

1Источники