RU

MOLLA PƏNAH VAQİFİN TİFLİSƏ SƏFƏRİ

(ixtisarla)

...1783-cü ilin iyun ayında Rusiya və Gürcüstan arasında bir müqavilə bağlanıb, Gürcüstanın Rusiya himayəsinə keçməsi xəbəri bütün Azərbaycan Xanlarına çatan kimi, İbrahim Xana da yetişdi. Bu xəbərə görə Gürcüstan Xanı müstəqil olaraq yerində qalır, səltənət haqqı İraklidən sonra övladlarına keçirdi. Gürcüstan özü pul da kəsə bilərdi. Tiflisə göndəriləcək iki tabor rus qoşunu ölkəni hər bir ehtimala qarşı müdafiə edəcəkdi.

İbrahim Xan bütün dövlət adamlarını, ağaları, bəyləri müşavirəyə çağırdı. Məsələ ətraflı müzakirə edildi. Kimi İrandan, kimi Osmanlıdan kömək istənilməsini irəli sürdü. Vəliəhd Məmmədhəsən ağa söz istəyib, yavaş səslə:

Uruslarla anlaşmaq lazımdır, - dedi, - vəqta ki, özləri də buna müştaqdır: Apraqsun adlı birisini bura göndərdikləri mənzurinizdədir, - dedi, - böyük məmləkətdir, nizamlı qoşunu var.

Məmmədhəsən ağanın təklifi münaqişələr doğurdu. Ağalardan birisi təəssüblü bir səslə dedi:

-İslam məmləkətinə kafiri buraxmaq olarmı?

-Qurani-Kərimi ayaq altına salmaq istəyirsiniz?

-Yox, ALLAH mənə o günü göstərməsin?- deyə küskün bir hal aldı.

Xan həyəcanlandı və özünü ələ alaraq:

-Kim deyir ki, xanlığı urusa verək? – dedi. Mən diri ola-ola bu işə razılıq verərəmmi?

Xanın səsi tutuldu, rəngi qaçdı, sonra qəlyan çəkib, sakit oldu. Xanın vəziyyəti məclisi də kiriməyə məcbur etdi. Dərin sükutu Vaqifin yumşaq, lakin etimad verici səsi pozdu:

-Xan sağ olsun!- dedi. – Acizin fikrincə, kəmhövsələlik göstərmək olmaz, qapını düşmən kəsməyib ki! Atalar demişkən, itlə yoldaşlıq elə, ağacı əldən qoyma! Biz də həmişəki kimi, əvvəl yaxşı ağac hazırlamalıyıq. Xan üç min ləzgi saxlayır, dörd min də öz qoşunumuz var. Ömər Xana yazıb on min də ləzgi istəməliyik. Xanın binihayə xəzinəsi və sursat anbarları böyük bir qoşunun öhdəsindən gələ bilər. Sonra Tiflisə elçi göndərmək lazımdır: valini təbrik etmək bəhanəsilə, övzan öyrənsinlər: urus böyüyü ilə görüşüb, bir ağzını yoxlasınlar. – Burada Vaqif susub, ətrafdakıları gözdən keçirdi:hamı böyük bir diqqət və etimadla Vaqifi dinləyirdi. Vaqif bu vəziyyətdən istifadə edərək son fikrini söylədi: - Nə eybi var, qoy elçilərimiz bizim də urus himayəsinə girmək arzumuzu urus böyüyünə eşitdirsin. Bu sözü deməklə himayəyə ki, girmədik.

Vaqifin son fikri məclisdəkilərin bəzisini həyacana gətirdi: etirazlar başlandı. Yenə dinin pozulması, kafirin zəfər tapması, ermənilərin üstümüzə ayaq alacağı kimi məsələlər meydana çıxdı. Vaqif münaqişələri sonuna qədər dinləyib, gülümsünərək bir məsəl çəkdi:

-Günlərin bir günü – dedi, - bir padşah car çəkdirib, dedi ki, kim mənim eşşəyimə dil öyrətsə, ona bir kisə qızıl verərəm: öyrədə bilməsə başı cəllad əlindədir. Bir qoca kasıb kişi padşahın yanına gedib: “Mən öyrədərəm”, - dedi. Qızılları aldı, üç ay da möhlət istədi. Evə qayıdanda arvad kişinin üzünü danlamağa başladı: “A kişi, - dedi, - eşşək də dil öyrənərmi, üç ay gəlib keçəcək, padşah sənin başını vurduracaq, mən də ortalıqda qalacam”. Kişi güldü: “Ay arvad, - dedi, - hələ üç ay möhlətim var, bu üç ayda ya padşah ölər, ya eşşək ölər, ya da ki, mən”. İndi, ağalar, himayə deməklə himayəyə girmədik. Vaxt var, imkan var, baxarıq, məsləhətimiz nədir, onu elərik.

Vaqifin fikri və lətifəsi hamının xoşuna gəldi. Xanın da kefi duruldu: gülümsənərək neypuşu ağzından buraxmır və qəlyanın şüşəsində çəkilmiş qız rəsmlərinə baxıb düşünürdü. Birdən düşüncədən ayrılıb, məclisi gözdən keçirdi. Hamı gözünü onun ağzına dikmişdi. Xan bir qərara gəlmək lazım olduğunu duydu:

-Deməli belədir, - dedi. – Axund Molla Pənahın özü Tiflisə getməlidir. Ona bəylərdən də qoşaram. Yazı-pozusunu da Mirzə Camal edər, yaxşı xətti var. Axunda külli ixtiyar verirəm. Məsləhət necə isə, elə də elər: özü arif və aqil bir adamdır. Xanın təklifini məclis sükut ilə qəbul etdi.

Vaqifin başçılığı ilə Tiflisə göndərilmiş Qarabağ heyəti yolda qar-borana düşərək böyük əziyyət çəkmişdi. Tiflisə çatar-çatmaz İrakli Xanın mehmandarı onları zadəganlardan birinin evinə aparıb rahatladı. İstər minmiş olduqları atları, istərsə özləri əldən düşmüşdülər. Vaqifin ilk fikri tərifini çox eşitdiyi Tiflis hamamını ziyarət etmək idi. Mirzə Camal özünəməxsus sakitliklə:

-Axund, - dedi, - yoldan sonra bu qarlı havada hamama buyurulsa, sətəlcəm peyda olar.

Vaqif qırmızı yanaqlı, safdil bu gəncə ata məhəbbəti ifadə edən gözlərilə baxıb dedi:

-Oğlum, mən dağlarda böyümüş qazağam: soyuq, şaxta mənə kar eləməz. Su yolun yorğunluğunu canımızdan çıxardar, sonra bir-iki gün evdə oturub dincələrik.

Mehmandar təzə atlar hazırlatmışdı, Vaqif samur kürkünü geyib, yola düşdü, qoltuğu qələmkar boğçalı nökəri də onu təşyi etdi. Qışın ilk ayı idi. Tiflisi qar basmışdı. Buna baxmayaraq, rus qoşunu gəlib çıxmış və Tiflisə böyük fərəh vermişdi. Əhali artıq İran boyunduruğundan və ləzgi hücumundan qurtarmış kimi görünürdü. Vaqif Tiflisin övzaini ilk əvvəl hamamda cansürtən Ocaqquludan öyrəndi. Ocaqqulu Vaqifi daş səkidə uzandırmışdı, sabun kisəni üfüləyərək onu ağ köpük içində gizlətmiş və iki əlini köpüyün içində uzadıb bədənini segəlləyirdi. Vaqif bu əməliyyatdan xoşlanıb, məst kimi də olsa, yenə Ocaqquluya bəzi suallar verdi:

-Tiflisin əhvalı necədir, həmşəhri? – deyə soruşdu.

Ocaqqulu şərq hadisələrinin içində böyümüş və bu hadisələrdən müəyyən dərs almış olduğu üçün Vaqif ehtiyatla süzdü və özü də ona susallar verməyə başladı:

-Ağa, bağışla, gəlmə adama oxşayırsan.

-Bəli, buralı deyiləm.

Ocaqqulu çoxmənalı üzünü Vaqifə tutaraq:

-Ağa, - dedi, - Tiflis pis deyil, inşallah, daha da yaxşı olar. Bir az qıtlıq çəkirik, İrandan karvan axır vaxtlar gəlmir. Qarı da ki, görürsən.

Cansürtən sözlərini bitirib, qəribə gülümsəmə ilə Vaqifi süzdü. Bu baxışda çox mülahizələr ifadə olunurdu: onu yalnız şərqdə yaşayan dünyagörmüş adamlar şərh edə bilərdi. Ocaqqulunun məramını sadə dilə çevirsək belə çıxırdı:

“Tiflisdə həyat olduqca ağırdır, əhali zəruri şeylərdən belə məhrumdur, çünki İrandakı, Azərbaycandakı təxt-səltənət davası kasıbların həyatına zəhər qatır. Bəlkə irəlidə yaşayış yaxşılaşa, bu da ki, şübhəlidir”.

O ki, qaldı, Ocaqqulunun “Qarı da ki, görürsən” – cümləsinə, bunun məsələyə dəxli yox idi: istibdad idarəsində yaşayan adamlar böylə cümlələri çox işlədər, buna “giriş yolu” deyərlər. Vaqif məsələni anladı gülümsünərək:

-Haralısan? – dedi.

Ocaqqulu yenə eyni ifadə ilə:

-Təbriz uşağıyam...dedi. – Buraya bərayi-ziyarət gəldim, yenə Vətənimə qayıdacağam, əhl-əyalım ordadır.

Vaqif yenə məsələni anladı. Ocaqqulu boş müharibələrə sürüklənməsin deyə, başını götürüb, qaçmağa məcbur olmuşdu.

Ocaqqulu Vaqifi kisələyib, yuyundurdu və arxasına qətfə salıb, içəridən yola salarkən:

-Ağa, görünür, xeyir iş üçün gəlmisən, bu havada səfərə xeyir iş üçün çıxarlar, - dedi və çox mənalı təbəssümü yenə üzünə yayıldı.

-Yaxşı olar, inşallah! Yaxşı olar! – deyə əlavə etdi.

Vaqif hamamdan sonra iki gün evdən çölə çıxmayıb, bir şeir Tiflisin və valinin mədhinə, bir ayrısını da vəliəhd Əlyuna ithaf olaraq yazdı, üzü köçürülmək üçün özü ilə gətirdiyi xəttata verdi. Şəhəri gəzməyə çıxmış Mirzə Camal Ömər Xanın, Fətəli Xanın da nümayəndələrinin Tiflisə gəlməsini xəbər verdi. Bu məsələ Vaqifi düşündürdü: o, Ömər Xanın nümayəndəsilə görüşmək arzusunda olsa da, ehtiyat edirdi: bu görüş yanlış təfəhhümlər doğura bilərdi: Fətəli Xanın adamlarına bir bəhanə lazım idi. Bu mülahizələri nəzərdə tutaraq Vaqif İrakli Xanı rəsmən təbrik edənə qədər kimsə ilə görüşmək istəmədi. Lakin, görünür, Vaqif ilə görüşməyə can atanlar var imiş. Vaqifin gəldiyinin üçüncü günü nökər bir qoltuqçunun onunla görüşmək istədiyini xəbər verdi. Vaqif:

-Nəçidir, kimdir? – deyə maraq etdi.

-Ağa, qoltuqçudur, ipək mal gətirib.

Vaqif ehtiyat etdisə də, razılıq verdi. İçəri gürcü qiyafəli, hamar saqqallı bir adam girdi.

-Müsaidə buyurulurmu, əfəndim həzrətləri? – dedikdə Vaqif bu adamın Rum diyarından (Osmanlı) olduğunu duydu.

-Buyur! Buyur! – deyə buxarının yanında yer göstərdi. Sonra işarə edər-etməz işəridəkilər o biri otağa keçdilər.

Qoltuqçu malları açıb tökdü-gözəl firəng və İstanbul qumaşları şairi heyran qoydu. Qoltuqçu malları göstərərək əsil məqsədini mülayim bir dillə anlatmağa başladı. Bu adamın Axalsıq paşası Süleymanın nümayəndəsi olduğu meydana çıxdı: Tiflisə gizli olaraq Azərbaycan xanlarının vəkillərilə görüşməyə gəlmiş və sirr açılmasın deyə qoltuqçu cildinə girmiş imiş. Məsələ rusların Terek çayına körpü salıb, dağlardan yollar açıb, Tiflisə gəlməsilə mərbut idi.

-Qardaşım, bu yollar yalnız əsgər deyil, ağır toplar, cəbbəxana daşımaq üçün yapılmış. Bu gün Tiflis, yarın Qarabağ, o biri gün isə İran və dövləti Osmaniyə torpaqları işğal olunacaq – gavur xəncəri İslamın bağrına soxulacaq...

Süleyman Paşanın nümayəndəsi rusların əleyhinə uzun-uzadı danışdı və bütün xanlıqları ittihada, müqavimətə dəvət etdi.

Vaqif sakit bir halda nümayəndəni dinləyir və arabir buxarını maşa ilə qurdalayırdı:

-Osmanlı dövləti ilə Rusiyanın əlaqəsi necədir? – deyə soruşdu.

Nümayəndə gözlərini parladaraq həyacanla:

-Əfəndim, - dedi, - səkkiz il əvvəl yapılmış Küçük Qaynarça müahidəsi mövcibincə Mosqovla hal sülhdə olduğumuz məlumi-alinizdir. Bu, altı illik şiddətli müharibənin bir sənədi olaraq bizi hala bəzi təşəbbüsatdan məhrum qoyur. Məsələ böylə davam etsə, əlbəttə...

Bu əsnada qapı açıldı, nökər mehmandarın gəlməsini xəbər verdi. Vaqif vəziyyətini dəyişməyərək:

-Buyursun! – dedi və qumaşın bir topunu qicağına alıb, müməssilə:

-Bunu bəyəndim, o biriləri də aç baxım.

Mehmandar içəri girdikdə Vaqif qumaşlarla məşğul gördü,o qədər sövdəyə dalmışdı ki, mehmandarın içəridə olduğunu belə sanki duymayırdı. Birdən parçalardan ayrılıb:

-Bağışla oğlum! – dedi. – Buyur əyləş!

Mehmandar nəzakətlə dedi:

-Ayın iyirmi ikisində, sabah yox, o biri gün rəsmi ziyarət olacaq, onu xəbər verməyə gəldim. O günü padşah təşrifinizi gözləyəcək...

Vaqif cəld:

-Çox gözəl, oğlum! – dedi.

Bu əsnada küçədən musiqi səsi eşidildi. Vaqif pəncərəyə yanaşdı: zirehli süvarilər və gürcü tavatları musiqi dəstəsilə küçələri gəzib, bayram olacağını elan edirdilər.

Yanvarın 22-də səhər tezdən 101 topdan açılan atəş bayramın başlanmasını Tiflis əhalisinə bildirdi. Rəsmi keçid çar nümayəndəsi polkovnik Burnaşov yaşadığı evdən başlayıb, İrakli Xanın sarayına getməli idi. Vaqif heyətilə bərabər oraya getdi, ancaq keçidə rəsmən qoşulmadı, kənarda durub, seyrə başladı. Küçənin iki tərəfi də silahlı tiflislilərlə tutulmuşdu: orta boş idi. Qafilə tərpəndi. Öndə pişdarlar, onun arxasınca gürcü süvariləri, onlardan sonra da iki rus tağımı yürüyürdü. Bunları mütəaqib baş təşrifatçı və İraklinin Baş Katibi rəhbərliyində 24 süvari zadəgan keçib getdi. Sonra bir atlı rus zabiti, arxasınca da piyada yeriyən kiçik rus zabitləri göründü: əllərində rus çariçasının İrakliyə göndərdiyi hədiyyələri tutmuşdular. Bu hədiyyələr bayraq, qılınc, xirqə, toppuz, tac, fərmandan ibarət idi. Hədiyyələrin hər iki tərəfində gürcü zadəganları gedirdi. Sonra bir rus zabiti gəldi, qafilə iki yeger alayı və gürcü süvarilərilə bitdi.

Vaqif atını çevirib, yan küçələrlə saraya doğru sürdü. Qar dizə çıxırdı, yollar da eniş-yoxuş idi. Sarayın önündə qafiləni rus qoşununun musiqi dəstəsi və gürcü zurnaçıları qarşıladı. Qafilə saray darvazasından içəri girdikdən sonra Vaqifin heyəti daxil oldu. Mehmandar göstərdiyi yerdə Vaqif və adamları atdan düşdülər. Vaqif cilovdarları, zinpuşçuları və özü ilə götürdüyü Səfəri atların yanında qoyub, özü isə bəylər və Mirzə Camalla pilləkəndən artırmaya çıxdı. Təşrifatçı onları hörmətlə qarşılayıb, qəbul kallayısına apardı. Bütün rus zabitləri, gürcü tavatları bu qiymətli xalılarla döşənmiş otaqda idi. Yuxarı başda taxt qoyulmuşdu. İrakli Xan taxtın önündə durmuş, ətrafını xanzadələr, baş keşişlər, vəzirləri, əyanları bürümüşdü.

Vaqif göstərilən yerdə oturub, mərasimi böyük maraqla seyr edirdi. Rus zabitlərindən biri irəli yeriyib, İrakli Xanı Rusiya himayəsinə girməsi münasibətilə təbrik etdi və sonra Peterburqdan göndərilmiş hədiyyələri bir-bir kiçik zabitlərdən alıb, İrakliyə verdi. Nəhayət gümüş və qızılla işlənmiş cildə qoyulmuş fərmanı təqdim etdi. İrakli Xan hədiyyələri ayaq üstə qəbul edir və ətrafdakılara verirdi, yalnız tac və toppuzu öz yanında məxmər yastıqlar üstündə saxlatdı. Çariçanın fərmanı təqdim edilən kimi, dişarıdan 101 top atəşi eşidildi. Bu bitdikdən sonra İrakli Xan yeddi oğlunu və iki oğlan nəvəsini taxtın pillələrində qoyub, özü taxta çıxdı və oradan hədiyyələri təqdim etmiş rus zabitinə təşəkkürünü bildirdi.

Bununla mərasim bitdi, Rusiya nümayəndələri bir-bir irəli gəlib, İrakli Xanın əlini sıxır və təbrik edirdi. Gürcü tavatları və məmurlar hökmdarın əlini öpürdü, bəzisi həyacanından ağlayırdı. Sıra Vaqifə gəldi, vüqarla irəliləyib, İrakli Xanla əl-ələ tutuşdu və bir az əyilərək:

-Əcdadınızın taxtında payi-qədim olasınız! – dedi. Qarabağ hökmdarı fəxrimiz İbrahim Xəlil Xan ali-həzrətlə iyirmi ildən bəri dost və ittifaq minvalilə keçinmişlər. İnşallah, irəlidə də sədaqət və vəfadarlığımızda paydar olarıq.

İrakli qaşlarının altından Vaqifi süzərək türkcə dedi:

-Şəkk eləmirəm! Dostum İbrahim Xəlil Xana məndən çox-çox salam yetirin.

Vaqif danışarkən onun nitqini tərcüman taxtın yanında durmuş polkovnik Burnaşova tərcümə edir, o da Vaqifi diqqətlə süzərək başını tərpədirdi.

Mərasimdən sonra qonaqlar yemək otağına çağrıldılar. Gürcü zadəganlarından biri tamada seçildi, dəbdəbəli ziyafət başlandı. Tamadanın təklifinə riayət edərək çaxırlar buynuz qədəhlərə töküldü. Çariça Yekaterinanın şərəfinə nitq söylənib, ayaq üstə içildi: dışarıda yenə də 101 top atəşi açıldı. İkinci qədəhi İraklinin sağlığına qaldırdılar, 51 top atəşi gurultusunda qədəhlər başa çəkildi.

Rəsmi qədəhlərdən sonra Vaqifə söz verildi. Vaqif ayağa qalxdıqda, tərcüman Burnaşova tərəf əyilib, Vaqifin sözlərini ona tərcümə etməyə hazırlaşdı. Qarabağ vəziri özünəməxsus vüqar və soyuqqanlıqla lülələnib şal qurşağına qoyulmuş tirmə kağızı çıxarıb açdı və gözəl bir səslə oxudu:

                  Vəh bu bağın nə əcəb sərv dilarələri var,

                     Hər tərəf tazə - açılmış güli-ranələri var.

                    Açılıb tazə-tərü laleyi-hümraləri var,

                    Yəni Tiflisin əcəb dilbəri-zibaləri var,

                    Ey könül, seyr elə kim, türfə tamaşaləri var...

 

-deyə başlanan bu şeiri əksəri türkcə bilən gürcülər böyük bir həvəslə dinlədilər. Lakin şerin sonu cürbəcür tələqqilərə səbəb oldu:

                      Vaqifa, səndə ki, yoxdur bilirəm, zöhd-riya,

                          Şərt ixlas gərək eyliyəsən şimda əda,

                          Eylə bu valiyə, oğlanlarına xeyri-dua:

                          Saxlasın onları öz hifz pənahında xuda!

                          Hasil etsin nə qədər dildə təmənnaləri var!

 

Bu parçadakı “vali” sözü ən əvvəl İrakliyə xoş gəlmədi, çünki indi artıq İrakli İranın dörd valisindən biri deyil, Rusiya himayəsinə girmiş müstəqil bir padşah idi. Burnaşov da məmnun qalmadı: Rusiya qoşununun dəbdəbə ilə Tiflisə girməsi, çariça Yekaterinanın dünyaya səs salmış əzəmətli kiçik Qarabağ Xanlığının rəsmi nümayəndəsinin nəzərini belə cəlb etməmişdi. Burnaşov ilk dəfə olaraq şərq diplomatına, onun ehtiyatkarlığına rast gəlirdi. Təbii idi ki, Vaqif “vali” yerinə “padşah” desəydi, bu sözlə İrana qarşı olan əlaqəni pozmuş olardı: bu da ki, hələlik, Qarabağ Xanlığının faydasına toxunurdu.

O biri gün Vaqif kilsəyə gedib, İraklinin Rusiya ilə bağlanmış müqaviləyə sadiq qalacağına dair içdiyi and mərasimində iştirak etdi. Vaqif Tiflisdə iki həftəyədək qaldı. O, İrakli Xanla bir daha görüşmədi, çünki müqavilənin şərtlərinə görə Gürcüstan padşahı yalnız polkovnik Burnaşovun vasitəsilə rabitəyə girə bilərdi və Rusiya nümayəndəsinin məsləhəti olmadan heç bir addım ata bilməzdi. İraklinin bu vəziyyətindən məmnun qalmayan Vaqif rəsmi aləmi buraxıb, Tiflisin tamaşasına dalmışdı. O indi yalnız bir şair, bir həssas gözəllər aşiqi idi. Kilsədəki and mərasimindən daha çox oradakı bir gürcü dilbərinə vurulub qalmışdı. Bu dilbərə qarşı bəslədiyi coşğunluğu o günü bəyazına qeyd elədi:

                                 Vaqifəm, ta ki, gözüm sataşdı onun qaşına,

                                 İstədi mehrabü-mənbərdən xəyalim daşına!

                                 İndi bildim ki, nə gəlmiş Şeyx Sənan başına,

                                 Ya budur ki, Tiflisi qərq eylərəm göz yaşına,

                                 Ol sənəm vəsli mənimçün ya kəlisadən çıxar!...

Vaqif Tiflis gözəllərinin nəşəsilə odlanıb, şeir səmalarında süzərkən, mehmandar gətirdiyi xəbərlə onu yenə yerə kəşməkəş aləminə qaytardı. İrakli Xan Qarabağ elçisinin polkovnik Burnaşovla görüşməsini tövsiyə edirdi. Vaqif İraklinin təklifini məmnuniyyətlə qəbul etdi, gün və saat təyin olundu.

Vaqif Qarabağ Xanlığının qüvvətini nümayiş etdirmək üçün ayrıca bir dəbdəbə ilə Burnaşovun yanına getdi: gümüş yəhər-əsvablı atını mindi, iki cilovdar atın başını çəkir, iki zinpuşçu arxadan yürüyür, silahlı nökərlər də gözəl Qarabağ atlarını səyidərək onları təşyi edirdi. Səfər də atını qabaqca sürüb, yol verilmək üçün xəbərdarlıq edirdi. Vaqif bəylərin getməsini məsləhət görmədi, özü ilə yalnız heyətin katibi Mirzə Camalı götürdü.

Vaqif Burnaşov yaşayan evin artırmasında isti kürkünü soyundu, nökərlərdən birisi onun çiyninə zoğalı çuxasının üstündən bir samur xəzli ipək xirqə saldı, bu qiyafətdə içəri girdi. Burnaşov masasının yanında ayaq üstə durmuşdu, onun dizinə qədər çəkilmiş corabları, incə ayaqqabıları, baftalı qaftanı, həmayili, döşündəki xaç və ulduzlar, nəhayət, üstünə kirşan səpilmiş xırda saçlı parik və qırxıq üzü Vaqifə tanış da olsa, onu təkrar maraqlandırdı. Masanın arxasına vurulmuş qiymətli xalçanın üstündən Yekaterinanın iri rəsmi asılmışdı. Vaqif rus çariçasının şəklini ilk dəfə görürdü, o bu şəklə ötəri olaraq baxdı və nəzərini Burnaşova çevirdikdə bu iki simanın arasında bir oxşayış duydu: girdəsifət, ala gözlü Burnaşov da qadına, xüsusilə Yekaterinaya bənzəyirdi. Nədənsə Vaqif sezilməz bir təbəssümlə: “Mal yiyəsinə oxşamalıdır”, - türk məsəlini xatırladı.

Burnaşov ona yaxınlaşan Vaqifə nəzakətlə əl verib, masasının qabağındakı yumşaq sandalyada ona və katibinə yer göstərdi. Oturdular. Tərcüman da gəlib oturdu. Nəzakət qəbilindən olaraq bir sıra rəsmi sözlərdən sonra, Burnaşov Yekaterinanın ədalət və mərhəmətindən, Tiflisə qoşun göndərməkdə heç bir istila fikrində olmadığından, yalnız əhalinin asayiş və bəxtiyarlığını güdməsindən bəhs edib, əsil məsələyə keçdi:

-Biz möhtərəm hökmdarınız İbrahim Xəlil Xanla da dost olmaq niyyətindəyik. Mərhəmətli çariça sizə də himayəedici əlini uzatmaq istəyir. Xan yalnız bizim himayəmizdə öz taxtında baqi qala bilər.

Vaqif bu sözləri dinləyir və şərqlilərə məxsus şübhə ilə Burnaşovun incə dodaqlarına və ağ dişlərinə tamaşa edirdi. Burnaşov sözlərini bitirər-bitirməz Vaqif başladı: Qarabağ Xanının Çingiz nəslinə və Ərğun sülaləsinə mənsubiyyətini, Şuşa kimi Şərqin açarı sayılan möhkəm bir qalaya malik olduğunu, qüvvət və qüdrətini, Təbrizə qədər hökmü yeridiyini birər-birər söyləyib:

-Əlahəzrət çariça ilə də, - dedi, - dost keçinməyə müştaq və amadəyik. Lakin...

Burada Vaqif bir az dayanıb, ciddi bir baxışla Burnaşovu süzdü və sonra İraklinin bağladığı müqaviləyə işarə edərək, eyni şəraiti İbrahim Xəlil Xanın da məqbul tutacağını sezdirdi.

Burnaşov gülümsədi. Bu gülümsəmədə çar nümayəndəsinin bu şəraitə razı olmadığı aşkar göründü. Vaqif məsələni anladı, lakin özünü ona qoymadı: İran hadisələrinə keçdi. İbrahim Xanın İran taxtını əlinə alması kimi edilən təklifləri söylədi.

Burnaşovun siması yavaş-yavaş sərtləşib, təkrar açıldı:

-Siz, - dedi, -əlahəzrət çariçanın alicənablığına, mərhəmətinə inanmalısınız. Sizin üçün bu mərhəmət böyük bir nemət ola bilər.

Vaqifin də üzü bir az sərtləşdi:

-Mərhəmət böyük bir nemətdir, - dedi, - doğru buyurursunuz, lakin məmləkətlər arasındakı rəftar, əlaqənin də qaydaları var.

Burnaşov yenə etimad və mərhəmət məsələsini meydana atdı, çariçanın Krım Xanına qarşı göstərdiyi “ədaləti” dəlil gətirsə də, Vaqifi qane edə bilmədi. Vaqif İrakli ilə bağlanan müqaviləni nəzərdə tutaraq işarələr elədi, bu fikirlərin öz şəxsi fikirləri olub, İbrahim Xəlil Xanın hələ guya nə rəydə olduğunu bilmədiyini irəli sürərək, Burnaşovun ağzını aradı. Axırda Burnaşovun xaçpərəst Gürcüstanına və müsəlman Qarabağına başqa bir nəzərlə baxdığını duyub, dilxor oldu. İndi Vaqif bir daha eyni söhbətə qayıtmaq istəmir, Burnaşovun çariçanın mərhəmətinə həsr olunmuş söhbətini daxili bir kinlə dinləyib susurdu. Nəhayət, Vaqif, Burnaşovun inadına cavab olaraq, tamamilə məsələyə dəxli olmayan söhbətlərə keçib, çar nümayəndəsini dilxor etdi.

Hazırladı: Fuad KAMİLOĞLU

Mənbə: “İki od arasında” – Yusif Vəzir Çəmənzəminli Əsərləri,

Bakı - 2005

Избранный
3
hurriyyet.az

1Источники