RU

Zaqatalada 11 günə 4 azyaşlı xəstəxanada vəfat etdi – Səbəb nədir?

Xəbər verdiyimiz kimi, Zaqatalada daha bir azyaşlı xəstəxanada ölüb. Hadisə ötən  gün axşam saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində qeydə alınıb. Rayonun Çobankol kəndindən olan 2 yaşlı Bəxtiyar Maarif oğlu Əliyev həyatını itirib.
 
Moderator.az xəbər verir ki, bu, rayonda noyabr ayının 1-dən 12-nə kimi xəstəxanada baş verən 4-cü ölüm halıdır. 11 gün ərzində 4 azyaşlının həyatını itirməsi konkret həyəcan təbilinin çalınmasını zəruri edir. Eyni zamanda bölgələrdə fəaliyyət göstərən tibb personalının peşəkarlıq səviyyəsinin və xəstəxanaların şəraitinin araşdırılması üçün ciddi əsas yaradır.
 
Mövzu ilə bağlı Musavat.com-a danışan tanınmış həkim-cərrah Adil Qeybulla bildirib ki, ölümün səbəbi haqqında rəy əldə etmədən konkret fikir bildirmək mümkün deyil. Onun sözlərinə görə, xəstəxanaların tabelilik sistemi ikilidir.
 
“Xəstəxanalar həm Səhiyyə Nazirliyinə, həm də TƏBİB-ə tabedir. Nəticədə işin effektivliyi azalıb. Azərbaycanda səhiyyə sahəsində işlər düzgün qurulmayıb.  Dəfələrlə bu məsələ qaldırılıb ki, bir icraçı qurum olmalıdır. Azərbaycan səhiyyə siyasətinə və onun həyata keçirilməsinə rəhbərlik edən, bu işi təşkil edən bir qurum olmalıdır.
 
İcbari Tibbi Sığortanın işində əvvəlcədən bu məsələlər lazımi səviyyədə qurula bilmədi deyə bu problemlər indiyə qədər qalmaqdadır.  Səhiyyə işinin təşkilində də problemlərimiz çoxdur. Səhiyyənin profilaktik istiqaməti unudulub.  Uşaqların vaxtında peyvəndlənməsi, peyvənd təqviminin aparılması prosesi kökündən pozulub. Bir müddət öncə qızılcadan xeyli sayda uşağın həyatını itirməsinin şahidi olduq.  Bütün bunlar ona görə baş verdi ki, uşaqlar vaxtında peyvəndlənmir. Bu, ÜST tərəfindən təşkil edilmiş peyvəndləmə təqvimidir. Buna necə əməl etməmək olar?! Bu işlərin əvvəlki standartlar səviyyəsində saxlanmasına nail olmaq lazımdır.   
 
Bu gün Azərbaycanda vərəmli xəstələrin erkən aşkar edilməsi ilə bağlı hansı işlər görülür? Sovet dövründə bununla bağlı ciddi, planlı işlər aparılırdı. Səhiyyəmiz Səhiyyə Nazirliyinin tabeliyində olmalıdır. Səhiyyə Nazirliyinin tərkibindəki digər qurumlar da birləşdirilməlidir. Nazirlik dünya səhiyyəsinə uyğun iş aparmalıdır”.
 
Vəkil Sadiq Əfəndiyev bildirir ki, xəstəxanalarda ölüm hallarının sayının artmasına səbəb ekspertiza rəyinin obyektiv verilməməsidir:
 
“Cəmiyyəti narahat edən məsələ həkim səhvinə, laqeydliyinə görə ölüm hallarının artmasıdır. Bu, məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunur. Lakin görünən odur ki, həkimlər bəzən vəzifələrinə laqeyd münasibət göstərirlər. Xeyli sayda həkimin cinayət məsuliyyətinə cəlb olunması buna bariz nümunədir. Həkimlər cinayət məcəlləsinə görə, iki maddə üzrə məsuliyyət daşıyırlar. Birinci halda ya xəstəyə ümumiyyətlə, tibbi yardım göstərilmir və xəstə ölür. Yaxud da lazımi qaydada müayinə və müalicə edilmir. Hər şey diaqnozdan başlayır.  Onun qoyulması üçün xəstə zəruri müayinələrdən keçirilməlidir. Mənə şikayət edən tərəf belə bir hadisəni yaşamışdı. Deməli, xəstə uşaq təngnəfəsliklə xəstəxanaya daxil olub. Ona səhvən ürək çatışmazlığı diaqnozu qoyublar. Nəticədə onun müalicəsi yanlış aparılıb və dünyasını dəyişib.  Sonradan müəyyən olunub ki, uşaq pnevmoniyadan əziyyət çəkirmiş. Xəstəlik tarixçəsində isə yazılıb ki, ürək çatışmazlığından vəfat edib. Tibbi ekspert də onların yazdığı sənədlər əsasında rəy verib. Beləliklə, heç meyiti məhkəmə tibbi-ekspertizaya da göndərməyiblər. Obyektiv müayinə olunmadığına görə sübut itirilib.  Ölü yiyəsi də meyitin yarılmasına razılıq vermir.  Nəticədə bu kimi hallar belə cinayətlərin artmasına səbəb olur.  Bu yaxınlarda bir azyaşlı xəstəxanada vəfat etmişdi. Onun valideyni inanclarına görə meyitinin yarılmasına etiraz edirdi. 
 
Belə hallarda həkimlər barəsində  314-cü və 142-ci maddələrlə cinayət işi başlayır. Burada vəzifə səhlənkarlığından söhbət gedir.  Yəni vəzifəli şəxsin işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsidir.  Digər hal isə xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına zərər vurmaqdır”.
 
Избранный
22
1
moderator.az

2Источники