RU

EIB Bakı metrosunun modernləşdirilməsinə və genişləndirilməsinə dəstək verəcək

Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə Avropa İnvestisiya Bankı (EIB) arasında Anlaşma Memorandumu imzalanıb.

Vətəninfo.az bu barədə nazirliyə istinadən xəbər verir.

Memoranduma əsasən, tərəflər “Bakı Metropoliteni” QSC-nin şəbəkəsinin yenilənməsi, genişləndirilməsi və modernləşdirilməsi layihəsinin hazırlanması, tam qiymətləndirilməsi məqsədilə əməkdaşlıq edəcəklər.

Bakı metrosu hər gün təxminən 620-630 min sərnişin daşıyır. Şəbəkənin yenilənməsi və genişləndirilməsi ilə bağlı planlaşdırılan işlərin məqsədi təqribən 2,4 milyon nəfər əhalisi olan Bakıda metro sərnişinlərinin sayını artırmaq və nəqliyyat sıxlığını azaltmaqdır.

Anlaşma Memorandumunun icrası paytaxtda mobilliyin inkişafı istiqamətində mühüm addım olacaq, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə və çirklənmənin qarşısının alınması istiqamətində səyləri gücləndirəcək.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Bakı şəhərinin mobillik proqramı” çərçivəsində paytaxtda mikromobillik vasitələrinin təşviqi, infrastrukturun qurulması istiqamətində işlər görüldüyünü bildirib. Onun sözlərinə görə, indiyədək 32 km-dək mikromobillik zolaqları istifadəyə verilib və bu şəbəkənin genişləndirilməsi nəzərdə tutulur.

“Metropolitenin inkişafı “Bakı şəhərinin mobillik proqramı”nın əsas komponentidir. Həmin layihədə metronun əlçatanlığının və xidmət keyfiyyətinin artırılması üçün 9 yeni stansiyanın inşası, eləcə də mövcud infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur. Aparılan işlər şəxsi avtomobil istifadəsindən ictimai nəqliyyata keçidi təşviq etmək məqsədi daşıyır. Bu da insanların yola sərf etdikləri vaxtı azaltmağa kömək edəcək və şəhərin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək”, – deyə nazir R.Nəbiyev qeyd edib.

“Bu Anlaşma Memorandumu daha yaşıl və dayanıqlı Bakı ilə bağlı ümumi baxışımızın həyata keçirilməsi istiqamətində atdığımız əsas addımdır. EIB istixana effektli qaz tullantılarının azaldılması və şəhərdə ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılmasını təmin edəcək investisiya layihəsinin hazırlanması və təkmilləşdirilməsi istiqamətində RINN-ə dəstək göstərəcək”, – deyə EIB-nin vitse-prezidenti Teresa Çervinska vurğulayıb.

Избранный
75
20
veteninfo.az

10Источники