1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Davam etməkdə olan COP29 iqlim konfransının dördüncü günündə Yaşıl Zona proqramı üzrə COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un Strateji təsir üzrə tərəfdaşı olan "PASHA Holding" tərəfindən birgə panel sessiya təşkil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, "Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi" adlı panel sessiyasında bu regionlarda iqlim maliyyəsinin cari vəziyyəti, çağırışlar və inkişaf perspektivləri hərtərəfli təhlil edilib. Dayanıqlı investisiyaların təşviqi, dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi kimi mövzulara diqqət çəkilən sessiyada iqlim dayanıqlığı və adaptasiya məqsədləri üçün mövcud maliyyə mexanizmləri dəyərləndirilib.
"Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə heyətinin sədri Ruslan Xəlilov, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays, "PAŞA Bank"ın İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) icraçı direktoru, dayanıqlılığın idarə edilməsi departamentinin baş direktoru Hiroko Yano, AIFC Yaşıl Maliyyə Mərkəzinin baş direktoru Manas Gizdhuaniyevin iştirak etdiyi panel müzakirəsində mövcud problemlərlə yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim fəaliyyətinin sürətləndirilməsi, bu istiqamətdə maliyyə dəstəyinin artırılması və optimallaşdırılması, bu sahədə strateji əməkdaşlıq yolları müzakirə edilib.
Bundan əlavə, COP29-un Yaşıl Zonasında müxtəlif saatlarda keçirilən panel müzakirələrində dayanıqlı inkişafa yönəlmiş innovativ yanaşmalar, karbon emissiyalarını azaltmaq üçün qəbul edilən strategiyalar, dayanıqlılığın sənaye sahələrindəki aktuallığı, yaşıl texnologiyalar, dayanıqlı enerji və resurs əsaslı iqtisadiyyatlar üçün uğurlu modellər və gələcək perspektivlər və bu kimi müxtəlif mövzularda fərqli tədbirlər keçirilib, yerli və xarici ekspertlər, mütəxəssislər öz fikirlərini bölüşüblər. Panel müzakirələri ilə yanaşı COP29 Yaşıl Zona ziyarətçiləri üçün "Extreme Hangout" dinamik ərazisində film nümayişləri, yoqa sessiyası, debat tərzi sessiyalar da təşkil olunub.