RU

COP for Hope: Rusiya əmindir ki, Azərbaycan iqlim siyasətinin bütün kompleksinin inkişafına yeni təkan verə biləcək - Maksim Reşetnikov

Milli.Az xəbər verir ki, COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Bugünkü müsahibimiz: Rusiya Federasiyasının İqtisadi İnkişaf Naziri Maksim Reşetnikovdur.

O, Trend-ə özəl müsahibəsində bildirib ki, Rusiya ümid edir ki, konfrans konstruktiv dialoq atmosferində keçəcək və tərəfdaşlara bütün müəyyən edilmiş vəzifələri yerinə yetirməkdə uğurlar arzulayırıq.

"Əminik ki, Azərbaycan iqlim siyasətinin bütün tədbirlər kompleksinin inkişafına yeni təkan verə biləcək. Bizim ölkələr üçün vacibdir ki, karbohidrogen ixrac edən dövlətlər, praktikada, aşağı karbonlu iqtisadiyyata ədalətli keçid prinsiplərini bölüşdüklərini və yaşıl gündəmə böyük məsuliyyətlə yanaşdıqlarını nümayiş etdirsinlər", - o bildirib.

COP29 zamanı Rusiya Federasiyası üçün əsas məsələlər

Onun sözlərinə görə, Rusiya beynəlxalq əməkdaşlığın qlobal iqlim problemlərinin həllində və maliyyə və texnologiyalara pulsuz çıxışda vacib rolunu müdafiə etməyə davam edəcək.

"İnkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi ilə bağlı yeni kollektiv hədəfi müzakirə edəcəyik, çünki qlobal iqlim məqsədlərinə nail olmaq bu ölkələrin dəstəyindən asılıdır. Rusiya inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə qarşı maliyyə öhdəlikləri ilə bağlı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının mövcud yanaşmasını qorumağı dəstəkləyir.

Tullantıların azaldılması və qalıq yanacaqların gələcəyi məsələləri diqqət mərkəzində qalmağa davam edəcək. Keçən il iqtisadiyyat sahələrinin aşağı karbonlu transformasiyası üçün keçid yanacağının vacib rolu xüsusi olaraq vurğulanmışdır, burada ənənəvi olaraq təbii qaz nəzərdə tutulur. Bakıda biz dekarbonizasiya məqsədləri üçün təbii qazın açar rolunu irəlilətməyə niyyətliyik", - o bildirib.

Onun sözlərinə görə, beynəlxalq karbon vahidlərinin ticarəti üzrə yeni qaydalar paketinin təsdiqlənməsi də vacibdir.

"Biz, həmçinin, Rusiyanın istixana qazlarının kadastrını köklü şəkildə yeniləmək üçün istifadə edilmiş emissiya və udma inventarizasiyası üzrə yanaşmalarımızı irəlilətməyi planlaşdırırıq. Bu yanaşmalar, idarə olunan ekosistemlərin istixana qazları balansına verdiyi töhfəni obyektiv şəkildə hesaba almağa və Rusiyanın iqtisadiyyatının sahələrində istifadə olunan texnologiyaların milli xüsusiyyətlərinə yönəlib.

Milli kadastr üzrə yeni metodologiya - Prezidentin təşəbbüsü ilə başlanan "Rusiya İqlim Monitorinqi Sistemi" layihəsinin ilk mühüm nəticələrindən biridir. 2022-ci ildən etibarən, iqtisadi inkişaf naziri, Rosqidromet, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi və 50-dən çox aparıcı elmi institutla əməkdaşlıq edərək bu layihəni həyata keçirir", - nazir bildirib.

İnkişaf etməkdə olan ölkələr üçün maliyyələşdirmə

O qeyd edib ki, xüsusi diqqət yetirilməli olan sahələrdən biri, yüksək emissiya səviyyəsi olan və ya emissiyaların azaldılması çətin olan sahələrdə keçidin maliyyələşdirilməsidir.

"Qalıq yanacaq dəstəyinin sərt məhdudiyyətləri və belə layihələrin maliyyələşdirilməsindən imtina etmək, SDG-lərin həyata keçirilməsinə və ölkələrin enerji təhlükəsizliyinə zərər vuracaq. İqlim gündəliyi adı altında tək tərəfli maneələrin və ya məhdudiyyətlərin tətbiqi qəbuledilməzdir.

Biz hesab edirik ki, iqlim üzrə beynəlxalq razılaşmaların həyata keçirilməsi üçün praktiki mexanizmlər yaradılmalıdır. Əsas məsələ, (Paris Sazişinin 6-cı maddəsi çərçivəsində) güvənli qlobal karbon vahidləri ticarəti sisteminin qurulmasıdır, o cümlədən ikitərəfli əməkdaşlıq mexanizmləri vasitəsilə.

6-cı maddə çərçivəsində vahidlərin təqdim edilməsi, iqlim layihələrinin keyfiyyətinin tanınması, onlara investisiyaların cəlb edilməsi və karbon vahidlərinin beynəlxalq bazarda satılması üçün mühüm addım olacaqdır", - o bildirib.

Nazir həmçinin qeyd edib ki, COP29 öncəsi Azərbaycan inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə investisiya yatırmaq üçün iqlim maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması təşəbbüsünü irəli sürüb.

"Bu fondun baş qərargahı Bakıda yerləşəcək. Fond neft hasil edən ölkələri və yaşıl diversifikasiya ilə maraqlanan, azkarbonlu inkişafa töhfə verməyə hazır olan şirkətləri birləşdirməlidir. Fondun fəaliyyətinin əsas parametrləri hələ də işlənir və ekspert məsləhətləşmələri yalnız indi başlayır. Biz də bu məsləhətləşmələrdə iştirak edəcəyik", - M.Reşetnikov qeyd edib.

Davamlı inkişafı dəstəkləməkdə Rusiyanın prioritetləri

Nazirin sözlərinə görə, uzunmüddətli perspektivdə aşağı karbonlu iqtisadiyyat qlobal trend olaraq qalacaq.

"Dekarbonizasiya şirkətlərin rəqabətqabiliyyətliliyinə təsir edir və biznes bunu başa düşür, buna görə də iqlim gündəliyi çərçivəsində işləmək dünya iqtisadiyyatının inkişafını müəyyən edən ən mühüm amillərdən biridir. BRİCS ölkələrinə, Fars körfəzi və Asiya-Sakit okean regionuna baxın - hamısı iqlim gündəliyi üzrə fəal şəkildə işləyir.

İqlim sammiti hər il dövlət sektoru, biznes və elmi dairələrdən minlərlə nümayəndəni toplayan unikal bir platformadır. Əlbəttə ki, konfransda qəbul edilən qərarlar qlobal trendi müəyyən edir və ölkələrin iqlim siyasəti sahəsində qəbul etdikləri tədbirlər üçün bir bələdçi rolunu oynayır. Eyni zamanda, bu qərarlar hər bir ölkəyə öz milli maraqlarına cavab verən alətlər toplusunu seçməyə imkan verir. Bu ilki konfrans maliyyə xarakteri daşıyır. Yalnız yardımın konkret həcmi və maliyyə mənbələri ilə bağlı deyil, həm də iqlim maliyyəsinin tərifinin müəyyənləşdirilməsi ətrafında çoxlu müzakirələr olacaq. Bu isə çox vacibdir - maliyyə axınları hansı layihələrə yönəldiləcək. Belə "yaşıl layihələrin qlobal taksonomiyasının" razılaşdırılması, əlbəttə ki, iqlim gündəliyinin inkişafına təsir edəcək. Bu müzakirələrdə bizə yüksək emissiya səviyyəsinə malik olan və ya emissiyaların azaldılmasının çətin olduğu sahələrdə keçidin maliyyələşdirilməsinə diqqət yetirmək vacibdir", - nazir bildirib.

Təmiz enerjiyə qlobal keçidin dəstəklənməsində Rusiyanın təcrübəsi

M.Reşetnikov bildirib ki, milli elmi təcrübə iqlim danışıqlarına texniki dəstək və qərar qəbulu prosesinin müxtəlif aspektlərində geniş istifadə olunmalıdır.

"Bundan əlavə, milli tədqiqatlar qlobal səviyyədə iqlimlə bağlı məlumatların zənginləşdirilməsi və dəqiqləşdirilməsinə töhfə verə bilər.

12 noyabrda Rusiya pavliyonu çərçivəsində elmi ictimaiyyət bizim milli layihəmizi - "Rusiya İqlim Monitorinq Sistemi"ni təqdim edəcək. Milli hesabatların - emissiya və udma kadastrının hazırlanmasında onun istifadəsi ilə bağlı əməkdaşlıq etməyə və təcrübə mübadiləsi aparmağa hazırıq. Layihənin nəticələri dekarbonizasiya və adaptasiya üzrə effektiv qərarların qəbuluna, energetika və ümumiyyətlə iqtisadiyyat sahəsində işlərin keyfiyyətli şəkildə qurulmasına kömək edir.

Əhəmiyyətli mövzulardan biri də su ehtiyatlarının qorunmasıdır. Ölkələrimiz iqlim dəyişikliyi nəticəsində Xəzər dənizində su səviyyəsinin azalmasını müşahidə edir. Elmi və ekspert işləri sahəsində təcrübə mübadiləsi qurmağı təklif edirik. Bundan əlavə, Xəzər və Samur çayı ekosistemlərinin monitorinq və modelləşdirmə tədqiqatlarının nəticələrini təqdim etməyə, həmçinin, Azərbaycan mütəxəssislərinə istixana qazı emissiyaları və udulmaları üzrə Milli kadastrın hazırlanması üçün təlim keçməyə hazırıq", - o bildirib.

Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı

Nazir vurğulayıb ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır.

"Bu, 2022-ci ildə Azərbaycan və Rusiya dövlət başçıları tərəfindən imzalanmış Müttəfiqlik Əlaqələri haqqında Bəyannamədə və qlobal, həm də regional miqyasda sabitliyin və təhlükəsizliyin artırılmasına yönəlmiş birgə fəaliyyətlərdə əks olunub.

2024-cü ilin əvvəlində üçillik əməkdaşlıq istiqamətləri üzrə əsas sahələrdə Yol Xəritəsi təsdiqlənmişdir. Bu istiqamətlər arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsi, birgə layihələrin sayının artırılması, qida məhsullarının tədarükünün genişləndirilməsi, eləcə də sosial-humanitar və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi kimi prioritetlər yer alır.

Ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələr yüksək səviyyədədir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşları arasında ilk üçlükdə yer alır. Qarşılıqlı ticarət yaxşı nəticələr göstərməyə davam edir. 2024-cü ilin ilk səkkiz ayı ərzində ticarət dövriyyəsi 8,5% artmışdır", - o bildirib.

M.Reşetnikov qeyd edib ki, Rusiya ixracı təxminən 10 faiz artaraq neft və neft məhsulları, ərzaq və kənd təsərrüfatı xammalı (taxıl, yağlar və piylər, kakao, qənnadı məmulatları), metallar (qara metalllar və onlardan hazırlanmış məmulatlar, alüminium), plastik və elektrik maşın və avadanlıqlarının tədarükü hesabına genişlənmişdir.

"Azərbaycanla ticarətimizdə də artım müşahidə olunur. Azərbaycandan idxalımız 5,5% artıb. Azərbaycandan gətirilən tərəvəz, yumurta və süd məhsulları, spirtli və spirtsiz içkilər, heyvani və bitki mənşəli yağlar və piylər, plastik və kimya məhsulları, elektrik məişət cihazları, gəmilər və qayıqların həcmi artırılıb.

İl ərzində qarşılıqlı ticarətin ümumilikdə azı 10% artacağı gözlənilir. Ticarət-iqtisadi əməkdaşlığı investisiya layihələri dəstəkləyir. Azərbaycanın ərazisində Rusiya kapitalının iştirakı ilə təxminən 1,3 min müəssisə yaradılmışdır.

Avtomobil istehsalı sahəsində bu il "AvtoVAZ" şirkətinin istehsalı təşkil edilib və artıq 1 mindən çox avtomobil buraxılıb. Bu il həmçinin "QAZ Qrupu"na aid 179 avtomobilin yığılması həyata keçirilib, "KAMAZ" servis mərkəzi fəaliyyət göstərir. Əczaçılıq sahəsində isə şəkərli diabetin müalicəsi üçün dərman istehsalı təşkil olunub, ilk insulin partiyasının istehsalı planlaşdırılır. Bütün bunlar Rusiya və Azərbaycan arasındakı iqtisadi əlaqələr çərçivəsində baş verir", - o bildirib.

Nazir bildirib ki, avqust ayında Dağıstanda birgə nəqliyyat-logistika mərkəzi açılıb. 2024-cü ilin ən mühüm hadisələrindən biri Bakı Metropoliteninə vaqon tədarükü üzrə müqavilənin bağlanması oldu.

"Gələcəkdə sənaye sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq. Gələn il alüminium və polad kompozit panellər zavodunun açılması nəzərdə tutulur, Sumqayıt Kimya Sənaye Parkında kimya məhsulları istehsalının təşkilinə dair işlər aparılır.

Bu il Rusiya və Azərbaycan iqlim dəyişikliyi sahəsində əməkdaşlığın inkişafında böyük uğurlar əldə ediblər. İqlim dəyişikliyi və aşağı karbonlu inkişaf məsələləri üzrə Anlaşma Memorandumu üzərində iş tamamlanıb. Xatırladım ki, memorandumun imzalanması 19 avqust 2024-cü il tarixində Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına səfəri zamanı baş tutub. Bu sənəd iqlim layihələrinin birgə həyata keçirilməsi, iqlim dəyişikliyinə uyğunlaşma məsələləri üzrə təcrübə mübadiləsi üçün əsas yaradır. Memorandumun müddəalarının praktiki şəkildə icrasına tezliklə başlamaq üçün ikitərəfli məsləhətləşmələri ən qısa zamanda həyata keçirməyi planlaşdırırıq", - nazir əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
21
2
milli.az

3Источники