RU

Yeni supernazirlik - AZCON-un məqsədi nədir?

İqtisadçı: "Bundan sonra infrastruktur layihələri daha peşəkar və koordinasiyalı şəkildə idarə ediləcək" 

Ölkədə yeni publik hüquqi şəxs - Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) yaradılmasının hansı nəticələri olacağı haqda  müxtəlif rəylər var.  Yada salaq ki, bu holdinqi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) idarə edəcək. 

AZCON-a RİNN tabeliyində olan şirkətlərdən başqa Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Metropoliteni, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Gəmiqayırma Zavodu QSC-ləri və “BakuBus” MMC də daxil olunub. Beləliklə, AZCON-un yaradılması ilə RİNN timsalında yeni “super nazirlik” yaranmış oldu. RİNN AZCON-un vasitəsilə olduqca böyük spektrda dövlət şirkətlərini idarə edərək, xidmətlərin təşkilinə və qiymətlərin formalaşmasına təsir edə biləcək. 

Yeni yaradılan qurumun əsas məqsədi nəqliyyat və kommunikasiya sahəsində fəaliyyət göstərən dövlət müəssisələrini bir araya gətirərək onların daha effektiv və koordinasiyalı şəkildə idarə edilməsini təmin etməkdir. Bu holdinqə bir neçə dövlət müəssisəsi və şirkət daxil ediləcək və onların fəaliyyəti vahid idarəetmə prinsiplərinə uyğun olaraq həyata keçiriləcək.

Holdinqin əsas rəhbərliyi Müşahidə Şurasına, icra səlahiyyətləri isə icraçı direktora həvalə olunub. Müşahidə Şurası dövlət müəssisələrinin gəlir və xərclərini təsdiq etmək, səmərəliliyi qiymətləndirmək və vəsaitlərin təyinatını müəyyənləşdirmək kimi funksiyaları həyata keçirəcək. Bu qurum həmçinin dövlət investisiyalarının daha səmərəli istifadəsini və nəqliyyat layihələrinin daha planlı həyata keçirilməsini təmin etmək məqsədilə yaradılıb. Holdinqin nizamnamə fondu 10 milyon manat təşkil edir və onun maliyyələşməsi dövlət müəssisələrinin ödədiyi vəsaitlər və digər qanunla icazə verilən mənbələrdən təmin ediləcək.

Onu da bildirək ki, AZCON Azərbaycanda yaradılan ilk böyük dövlət şirkəti deyil. Bundan öncə, 2020-ci il avqustun 7-də Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Həmin holdinq də publik hüquqi şəxs statusuna sahibdir və tabeliyində bir çox dövlət şirkəti var. Lakin AZCON-un yaradılması ilə İnvestisiya Holdinqinin gücü zəifləyəcək. Çünki İnvestisiya Holdinqinin tabeliyində olmuş və ya olan bəzi şirkətlər AZCON-a verilib. 

Xatırladaq ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir. Rəşad Nəbiyev bundan əvvəl 10 il (2011-2021-ci illərdə) Azərkosmos ASC-nin sədri vəzifəsində çalışıb. Ekspertlərə görə, dövlət investisiyalarından istifadənin səmərəliliyinə lazımi nəzarətin olmaması maliyyə gəlirlərini azaldır və optimal iqtisadi modelin həyata keçirilməsinə mane olur. Holdinq strukturunun formalaşdırılması nəzarətin mərkəzləşdirilməsinə və idarəetmə yanaşmalarının standartlaşdırılmasına imkan verəcək ki, bu da şəffaflığın və səmərəliliyin artırılmasına kömək edə bilər. 

AZCON-un yaradılması ilə bağlı bəzi ekspertlər müsbət təsirlərlə yanaşı, müəyyən risklərin də olduğunu qeyd edirlər. İqtisadçı Zöhrab İsmayıl AZCON-un fərqli sektorlara aid müəssisələri bir araya gətirməsinin onların səmərəliliyi və idarəetmə prosesində çətinliklər yaradacağını vurğulayıb. O, metropoliten, hava yolları və digər strukturların fərqli iş sahələri ilə bağlılığının idarəetmə və koordinasiya çətinlikləri yarada biləcəyini düşünür. Eyni zamanda bu cür böyük birləşmələrdə bürokratik maneələr və uyğunlaşma problemlərinin də ortaya çıxa biləcəyi gözlənilir.

ELDENİZ

 Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb. O deyib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycana strateji və təkmilləşdirilmiş bir dövlət idarəetmə strukturu olaraq bir çox istiqamətlər üzrə - həm rəqəmsal texnologiyalar, eyni zamanda nəqliyyat infrastrukturunun inkişafı istiqamətində vacib rol oynayır: “Eyni zamanda onun fəaliyyəti rəqəmsal transformasiya və innovasiyalar, nəqliyyat infrastrukturunun modernləşdirilməsi, şəffaflıq və öz tabeliyində olan xidmət sahələri üzrə vətəndaş məmnuniyyəti və digər istiqamətlər üzrə özünü təsdiqləmiş bir qurumdur. Yeni yaradılmış holdinq isə onun idarəçiliyi daxilində yaradıldığından müsbət nəticələr gözləməyə dəyər. O ki qaldı Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin özü ilə bağlı, hesab edirəm ki, ölkədə bu sektor üzrə dəyişikliklərin və moderinləşmə prosesinin sürətləndirilməsi məqsədilə yaradılıb. Burada əsas məqsədlərdən biri də məhz dövlətin nəqliyyat və kommunikasiya sahələrindəki fəaliyyətini daha səmərəli və bir əldən idarə etməklə effektivliyin artırılmasıdır. Fikrimcə, qurum bu istiqamətdə dövlət müəssisələri ilə qarşılıqlı əlaqədə idarə olunmasını asanlaşdıracaq. Eyni zamanda şəffaflığın, səmərəliliyin və əsas da effektivliyin artmasına xidmət edəcək. Dövlət investisiyalarının daha səmərəli istifadə olunmasına imkan yaradacaq. İnfrastruktur layihələrinin daha peşəkar və koordinasiyalı şəkildə həyata keçirilməsinə imkan verəcək. Eyni zamanda bu istiqamət üzrə olan xidmətlərdə kifayət qədər tarif siyasəti formalaşır. Bu tarif siyasətinin daha optimal aparılmasında qurum öz sözünü deyəcək. Təbii ki, bu qurumun yaradılması ilə bütün istiqamətlər üzrə olmasa da, böyük əksəriyyətindən müsbət nəticələrin əldə olunacağını gözləyirəm. Yəni dövlət şirkətlərində səmərəliliyin artırılmasında, idarəetmənin optimallaşdırılmasında, şəffaflıqda, eyni zamanda korrupsiyaya qarşı mübarizədə atılmış bu addım öz effektiv nəticəsini verəcək. Ələlxüsus da investisiya mühitinin yaxşılaşdırılmasında biz bunu görəcəyik”.

Bununla belə, ekspert müəyyən risklərin ola biləcəyini də istisna etmir: “Təbii ki, hər bir prosesin müsbət tərəfi olduğu kimi, bu qurumun da yaradılması ilə bağlı müəyyən risklər və çətinliklər də qaçılmaz olacaq. Bunlar arasında yeni yaradılan strukturun digərləri ilə inteqrasiya olunması, müəyyən bürokratik proseslər, eyni zamanda müəyyən şirkətlərin bu yeni yaradılan holdinqə çəkməsi ilə investisiya holdinqində müəyyən boşluqların yaranma ehtimalı ola bilər, təbii ki, bu prosesin riskli tərəfidir. Düşünürəm ki, əgər bu risklər doğru idarə edilərsə, yeni yaradılan holdinq uzunmüddətli perspektivdə kifayət qədər müsbət nəticələr ortaya qoyacaq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Избранный
18
musavat.com

1Источники