RU

COP29-un uğur hekayəsi

Azərbaycanın təşəbbüsləri üzv dövlətlər tərəfindən dəstəklənir

Azərbaycanın sədrlik etdiyi beynəlxalq təşkilatlarda irəli sürdüyü təklif və təşəbbüslər üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilir. Artıq bunun Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi nümunələri mövcuddur. Hazırda isə eyni yanaşma Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29- da müşahidə olunur. Xatırladaq ki, Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiq edib, 2000-ci ildə isə Çərçivə Konvensiyasına əlavə olan Kioto Protokoluna qoşulub. Həmin vaxtdan ölkəmiz qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə həm beynəlxalq, həm ölkə səviyyəli qabaqlayıcı tədbirlərlə fəal iştirak edir. Son dövrlərdə bu istiqamətdə aparılan fəaliyyətlərdən biri Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"dir. Həmin 5 əsas prioritetdən biri isə "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən olunub. Eləcə də qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 25 dekabr 2023-cü il tarixli Sərəncamla 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Ölkəmiz baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaldılmasını hədəfləyir. Azərbaycan həmçinin elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Azərbaycanın enerji siyasətinin prioritetini isə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli təşkil edir. Prezident İlham Əliyev işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasını yaşıl enerji zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. Müsbət haldır ki, ölkəmizin qarşıya qoyduğu hədəflər istiqamətində atdığı addımlar iştirakçı dövlətlər tərəfindən birmənalı qarşılanır. İqlim dəyişikliyinə qarşı mübarizədə ölkəmizin verdiyi töhfələr nümunə kimi qəbul edilir. Məhz Azərbaycanın sözügedən beynəlxalq tədbirə ciddi yanaşmasının nəticəsidir ki, COP29-da üzv dövlətlər bir sıra məslələrin həllində ortaq məxrəcə gəliblər. Azərbaycanın ev sahibliyi etdiyi COP29-un uğurları artıq beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndirilir. Bunun səbəbi isə COP29-da əldə edilən müsbət nəticələrdir. Sözügedən nəticələrdən biri COP28-də qəbul edilən Paris razılaşması ilə bağlıdır. Belə ki, 2015-ci ildə Paris razılaşması imzalandıqdan sonra çoxsaylı müzakirələrə baxmayaraq, onun 6-cı maddəsi (karbon bazarları) üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. COP29-un ilk günündə isə Paris sazişinin 6.4 maddəsi üzrə razılaşmaya nail olundu. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır. COP29-dan əsas gözləntilərin biri də budur. Məlumat üçün qeyd edək ki, Paris razılaşmasının 6-cı maddə üzrə əsas oyunçular ABŞ və Avropa İttifaqıdır. Qeyd edək ki, ABŞ-nin  Paris razılaşmasına münasibəti birmənalı deyil. Məhz bu səbəbdən 2018-ci ildə ABŞ Paris iqlim razılaşmasından imtina edib. Hakimiyyət dəyişikliyindən sonra isə razılaşma bərpa edilib. Hazırda isə Donald Trampın bu istiqamətdə hansı addım atacağı qeyri-müəyyəndir. Siyasi ekspertlərin qənaətinə görə sözügedən məsələyə birmənalı yanaşmanın olmaması həm də Avropanın qərarlarına təsir edir. Avropada hesab edilir ki, ABŞ-nin  Paris Sazişindən çıxması o deməkdir ki, bu ölkə yalnız  ABŞ maraqlarını nəzərə alır və yalnız bir dövləti digərlərindən üstün tutan siyasət həyata keçirir. Başqa sözlə, dünyada baş verən iqlim dəyişikliyindən əziyyət çəkən kiçik dövlətlərin taleyi ABŞ-ni  qətiyyən maraqlandırmır. 
Bunun əksinə olaraq COP29- da beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları var ki, iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Məsələn, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla mühit yaradır. Onu da qeyd edək ki, COP29-da iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib. Konfransda təmsil olunanlar arasında 80 prezident, vitse-prezident, baş nazir var. Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərlərinin, Avropa İttifaqı Şurasının prezidentinin iştirakı deməyə əsas verir ki, Azərbaycanın bu təşəbbüsünü də dəstəkləyən dövlətlər və beynəlxalq təşkilatların sayının artacağı istisna olunmur. 

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
45
21
olaylar.az

10Источники