RU

Türk dünyası iqlim savaşının önündədir

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını bir elm adamı kimi çox maraqla qarşıladım. Uzaqlarda olsaq da, beynəlxalq məclisin açılış mərasimini böyük siyasi və iqtisadi əhəmiyyəti olan hadisə kimi izlədik”. COP29 haqqında danışan Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin professoru, qazax alim Aynur Noqayeva qəzetimizə açıqlamasını belə davam etdirdi:

– Beynəlxalq səylərin birləşməsi yalnız danışıqlarla deyil, həm də kollektiv hərəkətlərlə mümkündür. Bugünkü dünya mürəkkəb qlobal məsələlərlə qarşı-qarşıyadır – iqlim dəyişikliyi, müharibələr, humanitar böhranlar, qaçqın axınları, iqtisadi sarsınrılar və digər bir çox problem. Bu problemlərin həlli yalnız bir ölkənin və ya təşkilatın təkbaşına mübarizəsi ilə mümkün deyil. Çünki bu məsələlər hər bir ölkənin həyatına, iqtisadiyyatına, təhlükəsizliyinə və ümumi rifahına birbaşa təsir edir. Buna görə də beynəlxalq birlik, regionlar və ölkələr arasında sıx əməkdaşlıq və koordinasiya vacibdir.

Bunu da əlavə etməliyik ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının fəal üzvüdür. TDT Bişkekdə keçirilən Qırğızıstan zirvəsində Bakı konfransına da xüsusi diqqət yetirmişdir. Türk dünyasının həm üzv, həm də müşahidəçi üzv dövlət və hökumət başçıları – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan və Macarıstanın liderləri Bakıya gələrək Azərbaycanı dəstəklədiklərini nümayiş etdirdilər.

Xatırlatmaq lazımdır ki, Bişkek Bəyannaməsində üzv və müşahidəçi dövlətlərin liderləri “Enerji səmərəliliyi, suyun təkrar istifadəsi, tullantıların idarə olunması, tibb müəssisələrində yaşıl texnologiyaların (günəş panelləri, enerji təmin edən avadanlıqlar) istifadəsi; tibbi olmayan peşə sahələrində həssas qrupların (fərqli əlillik dərəcələrinə malik olanlar) tibb müəssisələrində işə cəlb edilməsi üçün təlimlər üzrə birgə fəaliyyətlərə çağırış” etdilər. Bundan əlavə, “Yaşıl iqtisadiyyat sahəsində türk kapital bazarını genişləndirməyi hədəfləyən Türk Yaşıl Maliyyə Şurası”nın (TYFS) yaradılmasına qərar verdilər.

Qazaxıstan Respublikası Prezidenti iqamətgahının yaydığı xəbərdə də bildirilir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayıb və Qazaxıstanın bu sahədə qlobal gündəliyə sadiqliyini təsdiqləyib. Tokayev xüsusilə, ölkəsinin iqlim dəyişikliyi ilə mübarizədə və davamlı inkişafın təmin edilməsində beynəlxalq tərəfdaşlığa dərin inam bəslədiyini bildirib.

– Qazaxıstan Prezidenti bildirib ki, bu gün Xəzər dənizi təhlükə altındadır. Dünyanın ən böyük gölünün xilası bizim ümumi problemimizdir və bu uzunmüddətli beynəlxalq əməkdaşlıq tələb edir.

– Bəli, çənab Tokayev belə bir ciddi məsələdən də danışdı. Dövlət başçısının vurğuladığı kimi, bu əməkdaşlıq yalnız şifahi razılaşmalarla deyil, real addımlarla, ciddi əməli işlərlə həyata keçirilməlidir. Sözlər özlüyündə çox vaxt insanları inandırmaqda və ya vəziyyəti izah etməkdə kifayət etmir. Həqiqi dəyişikliklər, konkret icra ilə həyata keçirilir. Bu, hər bir ölkənin beynəlxalq məsələlərə yanaşmasında daha praktik və nəticəyə yönəlik yanaşma tələb edir. İndi sözlərdən hərəkətə keçməyin, əməli fəaliyyətə başlamanın zamanıdır. Beynəlxalq münasibətlərdə çox vaxt sözlər və bəyanatlar ön plana çıxır, amma bəzən nəticələr məhdud olur. Dövlət başçısının bu mesajı mövcud problemlərin aradan qaldırılması üçün real hərəkətlərin zəruriliyini vurğulayır.

Mediadan aldığım məlumatlarda yer alan önəmli xəbərlərdə o da bildirilir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevin Xəzəryanı ölkələrin Ekspertlər Qrupunun yaradılması təşəbbüsünü dəstəklədiyini bildirib, sammitin təşkilinə və Azərbaycanın COP29-da uğurlu sədrliyinə görə minnətdarlığını bildirib. COP29-un qərarları siyasi liderlərin və beynəlxalq təşkilatların yalnız “razılaşdırılmış” addım deyil, konkret və praktik tədbirlərə başlamaq tələbidir.

– Beynəlxalq tədbirin təşkili uzaqdan necə görünür?

– COP29 sammitinin təşkilində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətləri o qədər böyükdür ki, əminəm ki, bu uzun illər də geniş müzakirə mövzusu olacaq. Bütün iştirakçılar prezident Əliyevin liderliyi altında Azərbaycanın COP29-a sədrliyi çərçivəsində iqlim dəyişikliyi məsələlərinə dair müzakirələrin yüksək səviyyədə aparıldığını və dünya ölkələrinin bu məsələyə daha çox diqqət ayırmasının təmin edildiyini qeyd edirlər. Azərbaycanın bu tədbirdə göstərdiyi təşkilati iradə və məharət, sammitin uğurla başa çatması beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və müxtəlif qlobal problemlərin həllinə ciddi bir çağırışdır. Bu çağırış həm də təkcə ifadələrə deyil, konkret addımlara, əməli fəaliyyətə əsaslanır. Bakı müzakirələri dünya miqyasında mövcud təhdidlərə və qarşıdurmalara qarşı birgə mübarizənin vacibliyini əks etdirir.

Qazaxıstan və Azərbaycan arasındakı güclü əlaqələr var. Hər iki ölkənin iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlı inkişafın təmin edilməsi istiqamətindəki birgə səyləri beynəlxalq əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyini göstərir. Yalnız birgə fəaliyyətlə qlobal çağırışların öhdəsindən gəlmək mümkündür. Bütövlükdə, Türk dünyası Bakı konfransının uğuruna sevinir və qürurlanır.

XQ

Избранный
33
xalqqazeti.az

1Источники